Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bəyan edib ki, Aİ müdafiə istehsalını gücləndirmək və sürətləndirmək üçün bütün maliyyə rıçaqlarını işə salmaq istəyir.
Qaynarinfo xəbər verir ki, bu barədə o, çərşənbə axşamı Avropa Parlamentində çıxışı zamanı
danışıb.
Fon der Lyayen vurğulayıb ki, Ukraynanın hərbi təchizatında boşluqların doldurulması və ona etibarlı təhlükəsizlik zəmanətlərinin verilməsi hazırda təxirəsalınmaz bir zərurətdir. Bununla yanaşı, bütün Avropa qitəsinin təhlükəsizliyinin təmin olunması da vacibdir.
"Putin dəfələrlə sübut edib ki, o, düşmən mövqeli bir qonşudur. Ona etibar etmək olmaz, onu ancaq cilovlamaq mümkündür", – deyə o bildirib.
Onun sözlərinə görə, Rusiya hərbi sənayesi Avropa ilə müqayisədə daha güclüdür və Kreml silahlanmaya bütövlükdə Avropadan daha çox vəsait xərcləyir.
"Avropa Parlamenti illərdir deyir ki, Avropa daha çox iş görülməlidir. Və siz tamamilə haqlısınız. Daha təhlükəli bir dövrə qədəm qoyduğumuz üçün Avropa irəli çıxmalıdır. Mənim ötən həftə Aİ liderlərinə təqdim etdiyim planın məqsədi də məhz budur. Onun məntiqi sadədir: Biz müdafiə sənayemizi gücləndirmək və sürətləndirmək üçün bütün maliyyə rıçaqlarını işə salmaq istəyirik", – fon der Lyayen bildirib.
Bundan əvvəl o, Rearm Europe ("Avropanı yenidən silahlandırmaq") layihəsinin Avropa müdafiə ittifaqının təməlini qoyduğunu qeyd edib.
Xatırladaq ki, 6 martda Aİ liderlərinin keçirdiyi fövqəladə müdafiə sammitində "Rearm Europe" təşəbbüsü Viktor Orban da daxil olmaqla, bütün Aİ ölkələrinin rəhbərləri tərəfindən yekdilliklə dəstəklənib.
Alpər
Şərhlər