Xəbər lenti

Dünya çempionatında 56 illik sirr: Əfsanəvi oyunçunu zəhərləyiblər?
Dünya 16:42 25.05.2026

Dünya çempionatında 56 illik sirr: Əfsanəvi oyunçunu zəhərləyiblər?

1970-ci il dünya çempionatında İngiltərə - Qərbi Almaniya matçı ilə bağlı yeni iddialar illər sonra yenidən gündəmə gəlib. Əfsanəvi qapıçının matçdan əvvəl qəfil xəstələnməsi sadəcə sağlamlıq problemi idi, yoxsa daha böyük planın bir hissəsi? Soyuq müharibə dövrünə aid Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) bağlantılı nəzəriyyələr futbol tarixində məlum olanları yenidən sual altına qoyur.

Qaynarinfo xəbər verir ki, futbol tarixinin ən çox müzakirə olunan oyunlarından biri sayılan 1970 FIFA dünya çempionatının 1/4 finalında İngiltərə millisinin Qərbi Almaniyaya 3:2 hesabı ilə məğlub olması, 56 il sonra yenidən diqqət mərkəzinə çevrilib. O dövrdə İngiltərə futbolunun "qızıl nəsli” üçün ağır zərbə hesab olunan bu qarşılaşma təkcə idman məğlubiyyəti deyil, sonradan ortaya atılan iddialarla siyasi və kəşfiyyat müzakirələrinin də mövzusuna çevrilib.

İngiltərə həmin məğlubiyyətdən sonra turnirlə vidalaşmış və dünya çempionluğu arzusunu itirmişdi. Lakin indi bəzi dairələr hesab edir ki, bu məğlubiyyət yalnız meydandakı hadisələrlə izah oluna bilməz.

İngiltərənin qapıçısı Qordon Benks niyə oynamadı?

Həmin qarşılaşma dünya çempionatının 1/4 final mərhələsində keçirilmiş və dramatik oyun kimi tarixə düşmüşdü. İngiltərə Qərbi Almaniyaya 3:2 hesabı ilə uduzmuşdu. Matçın ən çox müzakirə olunan məqamlarından biri isə İngiltərənin əsas qapıçısı Qordon Benksin oyunda iştirak etməməsi idi.

Dövrünün ən yaxşı qapıçılarından biri sayılan Benksin yoxluğu İngiltərə müdafiəsində böyük boşluq yaratmışdı. Onun əvəzinə qapını "Çelsi”nin futbolçusu Piter Bonetti qorumuşdu. Bir çox futbol eksperti və azarkeş buraxılan qollara görə əsas məsuliyyəti Bonettinin üzərinə qoymuşdu. Bundan əlavə, Bobbi Çarltonun 70-ci dəqiqədə əvəzlənməsi də ciddi mübahisələr doğurmuşdu.

Qordon Benks İngiltərə futbol tarixinin ən böyük qapıçılarından biri hesab olunur. Xüsusilə 1966-cı il dünya çempionu olan İngiltərə millisinin əsas simalarından biri idi. O, 1970-ci il dünya çempionatında Pelenin baş zərbəsini qeyri-adi şəkildə qaytarması ilə yadda qalıb.



Matçdan saatlar əvvəl nə baş verdi?

Müzakirələrin mərkəzində Benksin matçdan bir neçə saat əvvəl qəfil xəstələnməsi dayanır. İddialara görə, o, ciddi mədə narahatlığı keçirdiyi üçün oyuna çıxa bilməmişdi. İlk simptomların Çexoslovakiya ilə keçirilən qrup oyunundan sonra başladığı bildirilirdi.

Sonradan sağaldığı düşünülən qapıçının 1/4 final günü yenidən ağırlaşdığı qeyd olunub. Məhz bütün iddialar da bu nöqtədən başlayır.

Bəzi futbol dairələrində Benksin vəziyyəti ilə bağlı daha sensasion ehtimallar irəli sürülüb. 2019-cu ildə 81 yaşında vəfat edən əfsanəvi qapıçının həmin səhər "beyninə zərbə aldığı” barədə illərlə dolaşan şayiələr olduğu qeyd edilir. Benks öz avtobioqrafiyasında isə narahatlığını içki ilə əlaqələndirmişdi. Lakin bu açıqlama belə müzakirələri dayandırmayıb.



MKİ-dən sui-qəsdi iddiası

Son illərdə ortaya atılan ən diqqətçəkən iddia hadisənin sadəcə sağlamlıq problemi olmadığı, bunun Soyuq müharibə dövründə ABŞ tərəfindən hazırlanmış əməliyyatın bir hissəsi ola biləcəyi ilə bağlıdır.

Üç il davam etdiyi bildirilən araşdırma xüsusilə bu hadisənin 1970-ci il dünya çempionatında Braziliyanın çempionluğunu təmin etmək üçün MKİ tərəfindən həyata keçirilmiş müdaxilə olub-olmadığını araşdırır.

İddialara görə, İngiltərənin turnirdən kənarda qalması futbol balansını dəyişdirərək Braziliyanın yolunu açmış ola bilərdi. Mövzunu yenidən gündəmə gətirən şəxslərdən biri BBC-nin "Newsnight” proqramının keçmiş beynəlxalq redaktoru Qabriel Qeythaus olub. O bildirib ki, bu hekayəyə Qordon Benksin nəvəsi Ed Cervis onunla əlaqə saxladıqdan sonra maraq göstərməyə başlayıb.

Ailənin şübhələri

Qordon Benksin ailəsi də illər ərzində bəzi şübhələr səsləndirib. Nəvəsi Ed Cervis deyib ki, babası hadisə ilə bağlı "həmişə müəyyən şübhə” daşıyıb.

Qapıçının oğlu Robert Benks isə daha açıq danışıb: "Yalnız atamın xəstələnməsi və bu qədər ciddi vəziyyətə düşməsi son dərəcə qəribədir".



"İngiltərənin Braziliyanı məğlub etməsinə icazə verəcəyimizi düşündünüz?"

Məşhur futbol yazarı Brayan Qlanvill 2007-ci ildə nəşr olunan kitabında Benksin "sabotaj qurbanı ola biləcəyinə getdikcə daha çox inandığını” yazmışdı.

Qlanvillin sözlərinə görə, başqa bir yazıçı Bob Oksbi ABŞ siyasətçisi Stüart Siminqtonla qohum olduğunu bildirmişdi. Siminqton isə 1953–1976-cı illərdə Missuri senatoru olmuşdu.

İddialara görə, Siminqton Benksin xəstəliyi ilə bağlı belə deyib: "Bu, MKİ-nin işi idi. İngiltərənin Braziliyanı məğlub etməsinə icazə verəcəyimizi düşündünüz?”

ABŞ, Braziliya və Soyuq müharibə dövrü

Nəzəriyyələrə görə, ABŞ administrasiyası xüsusilə Lindon B. Conson dövründə Latın Amerikasındakı hərbi rejimlərlə sıx əlaqələr qurmuşdu. İddialarda ABŞ-ın 1964-cü ildə Braziliyada hakimiyyətə gələn hərbi diktaturanı dəstəklədiyi və rejimlə yaxın münasibətlər saxladığı vurğulanır.

Altı il sonra keçirilən dünya çempionatında isə Braziliya rejiminin populyarlığının aşağı olduğu, turnirdə qələbənin xalq dəstəyini artırmaq üçün mühüm vasitə kimi görüldüyü iddia olunur.

Qabriel Qeythaus 93 yaşında vəfat edən Brayan Qlanvill ilə söhbətlərində bu iddiaların doğruluğunu araşdırdığını bildirib. O, "The Observer” qəzetində dərc olunan yazısında belə qeyd edib: "Oksbinin etibarlı jurnalist olduğu və Siminqtonun bunun "planın bir hissəsi" olduğunu dediyi bildirilib. Siminqtonun MKİ brifinqləri alan hərbi komitədə çalışdığı da qeyd olunub".
 


Diqqət çəkən MKİ sənədi

Qeythaus MKİ arxivlərində 1971-ci ilə aid sənəd tapdığını da açıqlayıb. Həmin sənəddə Braziliya prezidenti general Emilio Qarrastazu Medisinin futbol uğurları ilə "özünü ustalıqla əlaqələndirməyi bacardığı” qeyd olunur.

Bununla yanaşı, Qeythaus kəşfiyyat sahəsindəki mənbələrinin birbaşa zəhərlənmə hadisəsi barədə məlumata malik olmadığını da etiraf edib. Lakin həmin dövrə aid başqa MKİ bioloqunun Senatda verdiyi ifadədə "şiddətli ürəkbulanmasına səbəb ola biləcək maddələrdən” bəhs etdiyi də iddialar arasındadır.

Material "Daily Mail” qəzetinin "Did the CIA poison England legend Gordon Banks at the 1970 World Cup in Mexico?” başlıqlı yazısı əsasında hazırlanıb.

Aydın
--> -->