Xəbər lenti

FHN
Video 16:04 25.05.2026

FHN "Eurohome" bazarını bağladı: Nöqsanlar, yanğın riski və uzun illərin qalmaqalı yenidən gündəmdə

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 2 ünvanında yerləşən "Eurohome” tikinti materiallarının satışı bazarında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.


Xatırladaq ki, "Eurohome” iş adamı Azay Möhnətova məxsusdur. Novxanıda yerləşən və illərdir ölkənin iri istirahət mərkəzlərindən biri kimi tanınan "AF Hotel”in də sahibi Azay Möhnətovdur. Bir neçə gün əvvəl sözügedən obyektdə yanğın baş verimişdi.

FHN-dən Tiraj.az-a bildirilib ki, yanğının səbəbləri araşdırılır. 


Bu hadisələr Azay Möhnətovun adı ilə bağlı əvvəlki qalmaqalların da yenidən gündəmə gəlməsinə səbəb olub. Uzun illərdir tikinti, turizm və kommersiya sektorunda fəaliyyət göstərən iş adamının adı xüsusilə Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarı ilə bağlı hadisələrdən sonra daha çox hallanmağa başlayıb. 

2019-cu ildə bazarda baş vermiş iri yanğın yüzlərlə sahibkara ciddi maddi ziyan vurmuşdu. Hadisədən sonra icarədarların bir hissəsi kompensasiya ala bilmədiklərini bildirərək etiraz aksiyalarına çıxmış, hətta Bakı-Sumqayıt yolunu bağlamağa cəhd etmişdilər.

2020-ci ilin may ayında isə bazar ikinci dəfə yanıb. Bu dəfə onlarla sahibkara ciddi ziyan dəyib.



Həmin vaxt mediada gedən məlumatlarda bazarda yanğın təhlükəsizliyi standartlarının uzun müddət lazımi səviyyədə olmadığını vurğulanırdı. Hətta iddialara görə, bazarda aparılan yoxlamalar zamanı da həmin problemlərin tam aradan qalxmadığı iddia olunurdu.

Bu hadisələrin üzərindən illər keçsə də, kompensasiya qalmaqalı hələ də davam edir.  Müxtəlif media resurslarında dərc olunan məlumatlarda bəzi sahibkarların hələ də kompensasiya ala bilmədiyi iddia edilir. Xüsusilə sahibkar Rafiq Ocaqverdiyevin adı tez-tez hallanır. Onun açıqlamalarına görə, "EuroHome”dakı yanğın zamanı 200 min manatdan çox zərərə düşüb, lakin kompensasiyanın ödənilməsi ilə bağlı verilən vədlər yerinə yetirilməyib. Ocaqverdiyev məsələ ilə bağlı ölkə rəhbərliyinə və hüquq-mühafizə orqanlarına müraciət etdiyini də açıqlayıb.

Sonda qeyd edək ki, Azay Möhnətovun biznes fəaliyyəti yalnız "EuroHome” və "AF Hotel”lə məhdudlaşmır. Onun adı müxtəlif illərdə tikinti, daşınmaz əmlak və turizm layihələrində hallanıb. Xüsusilə Novxanı sahilində yerləşən "AF Hotel & Aqua Park” kompleksi ölkənin ən böyük istirahət mərkəzlərindən biri hesab olunur. Kompleksin rəsmi məlumatlarında burada hotel, aquapark, restoranlar, əyləncə zonaları və geniş turizm infrastrukturu olduğu göstərilir.
--> -->