"Apple Music" 2024-cü ilin ən yaxşı müğənnisini seçdi (VİDEO)
Məşhur "Apple Music" musiqi platforması 2024-cü ilin ən yaxşı müğənnisini seçib. Bu ada mahnılarına milyonlarla insanın qulaq asdığı, sosial şəbəkələrdəki videolarına milyardlarla baxış toplayan 22 yaşlı sənətçi Billi Ayliş layiq görülüb.
Qaynarinfo xəbər verir ki, bu il ifaçı üçün əsl sıçrayış kimi yadda qalıb. O, "Barbi" tammetrajlı filmi üçün hazırladığı "What I Was Made For" mahnısı ilə ikinci "Oskar" və "Grammy" mükafatlarını qazanıb. Bununla yanaşı, müğənni karyerasında üçüncü olan "HIT ME HARD AND SOFT" adlı yeni albomunu da təqdim edib.
"Apple Music"in rəsmi saytında qeyd edildiyi kimi, müğənninin yeni albomu təqdim edildikdən dərhal sonra populyarlıq qazanaraq, 138 ölkənin ümumi janr lşistində liderliyə yüksəlib. Gənc ulduzun digər uğurları arasında Olimpiya Oyunlarının bağlanış mərasimində çıxışı da xüsusi yer tutur.
Mərasim zamanı müğənni növbəti Olimpiadanın keçiriləcəyi Los-Ancelesdə "Birds Of a Feather" hitini ifa edib. Həmin gün ifaçı "Shazam" platformasında ən çox dinlənmə toplayan müğənni olub.
Bununla yanaşı, Billi Aylişin "YouTube" platformasındakı uğurları da diqqətdən yayınmır. Onun Xalid ilə duet şəklində ifa etdiyi "Lovely" mahnısının klipi iki milyard baxış toplayıb. Bundan başqa, "Bad Guy" mahnısına çəkilmiş video bir milyard iki yüz milyon baxışla platformada ən populyar musiqi videolarından biri olub.
Xatırladaq ki, Billi Ayliş ABŞ-da keçirilən seçkilərdə Donald Trampın qalib gəlməsinə sərt reaksiya vermiş, səsvermənin nəticələrindən narazılığını ifadə etmişdi.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər