Xəbər lenti

Aİ özünün yüngül pərvanəli döyüş təyyarəsini yaradır
Dünya 19:38 04.01.2026

Aİ özünün yüngül pərvanəli döyüş təyyarəsini yaradır

Avropa İttifaqında öz yüngül çoxməqsədli döyüş yüngül pərvanəli təyyarəsinin yaradılması planlaşdırılır və bu məqsədlə artıq 15 milyon avro vəsait ayrılıb.

Qaynarinfo xəbər verir ki, "Defense Express" portalının yazdığına görə, bu vəsait təyyarənin yaradılması üzrə müsabiqənin keçirilməsinə yönəldiləcək. Müvafiq maliyyələşmə Avropa Komissiyasının qərarı ilə Avropa Müdafiə Fondu (EDF) proqramı çərçivəsində təsdiqlənib.

"EDF Work Programme 2026" sənədində ayrıca bənd yeni təyyarənin hazırlanmasını nəzərdə tutur. Bu təyyarə mövcud turboper­vanəli modelləri təkrarlamamalı və ya onlara əsaslanmamalıdır. Eyni zamanda, ucuz, birbaşa atəş dəstəyi göstərən, dronları ələ keçirə bilən, kəşfiyyat aparan, zərbələrin koordinasiyasını həyata keçirən və hədəf təyinatı verən platforma olmalıdır.

Gözlənilir ki, FMLA (future multirole light aircraft - gələcəyin çoxməqsədli yüngül təyyarəsi) universallığı, aşağı istismar xərcləri və adaptivliyi sayəsində dəyərli olacaq. Bundan əlavə, o, mülki təhlükəsizlik missiyaları üçün – məsələn, axtarış-xilasetmə əməliyyatlarında – asanlıqla yenidən təchiz edilə bilməlidir.

Təyyarəyə qoyulan tələblər

Bildirilir ki, yeni pervanəli təyyarə üçün əsas tələblərə aşağıdakılar daxildir:

* turbopervanəli mühərrikdən istifadə;
* uçuş zamanı maksimum kütlə – 7 500 kq-dək;
* qısa zolaqdan qalxma və enmə (STOL) imkanı, yəni uzunluğu 450 metrədək olan zolaqlardan istifadə.

Bundan başqa, təyyarənin radiolokasiya stansiyaları və digər aşkarlama sistemləri üçün görünməsini minimuma endirən müasir texnologiya və materiallardan istifadə etməsi, eləcə də radioelektron mübarizə vasitələrinə davamlılığı tələb olunur.

Eyni zamanda, öz radiolokasiya sistemlərinin və "adaptiv maskalanma” vasitələrinin olması zərurəti qeyd olunur. Bundan əlavə, çətin istismar şəraitində işləmə və ekoloji təmizliyə dair tələblər də irəli sürülür.

Döyüşlərdə təyyarənin rolu

FMLA-nın birbaşa döyüşlərdəki rolu ilə bağlı tələblərin hazırlanması mərhələsində qeyd edilib ki, bu təyyarə əsasən aşağı intensivlikli münaqişələrdə və "açıq münaqişə həddindən aşağı” missiyalarda istifadə üçün nəzərdə tutulur.

Həmçinin, bu platforma müasir aviasiya vasitələrini almağa gücü çatmayan ölkələr üçün iqtisadi cəhətdən səmərəli bir həll olmalıdır.

"Defense Express" analitikləri bildirir: "Təsvir olunanların hamısı çox güman ki, "Embraer" şirkətinin "Super Tucano" təyyarəsinin bacardıqlarını xatırladır. İstisna olaraq RLS tələbi və pervanəli mühərriki real stels texnologiyaları ilə birləşdirmək kimi kifayət qədər qəribə istək qalır, çünki bu olduqca mürəkkəb bir tapşırıqdır".

Bununla belə, analitiklər vurğulayırlar ki, Aİ-nin öz iqtisadi cəhətdən səmərəli hava platformasını yaratmaq niyyəti müsbət addımdır. Lakin portal qeyd edir ki, layihə ilə bağlı ümumi müsbət təəssürat təchizat müddətlərinə görə zəifləyir, çünki bu yeni təyyarənin istifadəyə verilməsi üçün 2035–2040-cı illər hədəf götürülür.

Aydın

--> -->