Xəbər lenti

Siyahının zirvəsində qərarlaşdı: 24 milyard dollarlıq imperiya
Dünya 11:53 05.01.2026

Siyahının zirvəsində qərarlaşdı: 24 milyard dollarlıq imperiya

Silikon Vadisindən xoşlanmayan, risk kapitalını rədd edən və süni intellektin taleyini insan zəka­sı ilə formalaşdırmaq istəyən bir sahibkar… Edvin Çen adını bəlkə də eşitməmisiniz, amma o, bu gün "Google"dan "Meta"ya qədər texnologiya nəhənglərinin qapısını döydüyü bir fiqura çevrilib.

Süni intellekt son illərdə təkcə texnologiyanı deyil, qlobal iqtisadiyyatda güc balansını da köklü şəkildə dəyişən sahəyə çevrilib. Səhiyyədən maliyyəyə, müdafiədən əyləncə sənayesinə qədər geniş spektrdə istifadə olunan bu texnologiya artıq sadəcə yenilik deyil, yeni dövrün əsas müəyyənedicisi kimi qəbul olunur. Xüsusilə 2025-ci il süni intellekt startapları üçün tarixi dönüş nöqtəsi olub.

Qaynarinfo xəbər verir ki, "Crunchbase” məlumatlarına görə, investorlar süni intellekt yönümlü startaplara 200 milyard dollardan artıq vəsait yatırıb. Bu irimiqyaslı investisiya dalğası texnologiya dünyasında yeni bir varlılar nəslinin formalaşmasına səbəb olub. "Forbes”un məlumatına əsasən, 50-dən çox yeni sahibkar və yüksək vəzifəli menecer bu il milyarderlər klubuna qoşulub.

Siyahının zirvəsində diqqət çəkən ad

Siyahının zirvəsində isə diqqətçəkən bir ad var: Edvin Çen. O, məlumatların etiketlənməsi sahəsində fəaliyyət göstərən "Surge AI” şirkətinin qurucusudur.

Bəs bu adın milyard dollarlıq sərvətə uzanan yolu necə formalaşıb?


Kristal Riverdən MIT-yə uzanan yol

Edvin Çen ABŞ-də, Florida ştatının Körfəz sahilində yerləşən Kristal River şəhərində böyüyüb. Əhalisi cəmi 3400 nəfər olan bu kiçik qəsəbədə Tayvandan ABŞ-yə köçmüş ailəsinin işlətdiyi, Çin–Tailand–Amerika mətbəxi təqdim edən "Peking Garden” restoranında gənc yaşlarından çalışıb.

Əsl marağı isə dillər və riyaziyyat idi. Uşaqlıqda təxminən 20 dil öyrənməyi arzulayır, imla müsabiqələrində iştirakdan zövq alııb. Bu gün fransız və ispan dillərində sərbəst danışır, hind və alman dilləri isə zamanla arxa planda qalıb.

Təhsilinin ilkin mərhələlərindən etibarən riyaziyyat üzrə irəliləyən Çen, lisey təhsilinin son iki ilini məzunları arasında Con F. Kennedi və İvanka Trampın da olduğu elit Konnektikut internat məktəbi "Choate”da tam təqaüdlə oxuyub. Məktəbin riyaziyyat proqramını vaxtından əvvəl başa vurduqdan sonra, Yel Universitetinin professorlarının nəzarəti altında elmi araşdırmalar aparıb.


Daha sonra "Massachusetts Institute of Technology”yə (MIT) daxil olub, riyaziyyat ixtisası üzrə təhsil alıb və dilçilik icmasının həmtəsisçilərindən biri olub. Üç il sonra Silikon Vadisinin ən təsirli və mübahisəli simalarından sayılan Piter Tiyelin keçmiş San-Fransisko hedc fonduna təcrübəyə başlayıb və universitetə qayıtmamaq qərarı verib. Zəruri fənləri sonradan tamamlayaraq diplomunu alıb.

Bir çox işdə çalışdı və nəhayət öz şirkətini qurdu

Edvin Çen "Twitter”, "Google” və "Facebook”da məzmunun moderasiyası və tövsiyə alqoritmləri üzərində çalışıb. Hər şirkətdə eyni problemlə üzləşib: böyük miqyasda, yüksək keyfiyyətli və insanlar tərəfindən etiketlənmiş məlumat tapmaq olduqca çətin idi. Bu problemi həll etmək üçün 2020-ci ildə "Twitter”dən ayrılaraq "Surge AI”ni qurub. Şirkəti isə iri texnologiya firmalarında çalışdığı illər ərzində topladığı "bir neçə milyon dollar”la yaradıb.

"Forbes”a açıqlamasında Çen bildirir ki, Silikon Vadisindəki status oyunundan hər zaman nifrət etdiyi üçün öz imkanları ilə başlamağı seçib. Onun fikrincə, klassik risk kapitalı ilə maliyyələşən startaplar əslində "tez varlanma planları”dır və böyük investisiyaların sürətlə xərclənməsi qaçılmaz olaraq həddindən artıq işçi qəbuluna yol açır.


Şirkətin yanaşması tamamilə fərqlidir

"Surge AI”nin yanaşması ənənəvi verilən etiketləmə modellərindən köklü şəkildə fərqlənir. Çen hesab edir ki, iqtisadi cəhətdən zəif ölkələrdə aşağı maaşlı işçilərin saatlarla pişik və iti ayırd etdiyi köhnə model artıq işə yaramır. Bunun əvəzinə "Surge”, peşəkarlar və akademiklərin çatbotlarla mürəkkəb dialoqlar qurduğu bir sistem yaradıb. Məqsəd süni intellekti çaşdırmaq, yanlış cavablar aldırmaq və sonra daha keyfiyyətli cavablar yazmaqdır.

Bu üsul "Google” kimi nəhənglərin diqqətini çəkib. 2023-cü ildə "Google”un bir tədqiqatçısı "Gemini” modelləri çətinlik yaşadıqda Çenlə əlaqə saxlayıb. İki saatdan çox davam edən görüşdən sonra "Google” "Surge AI” ilə illik 100 milyon dolları ötən müqavilə imzalayıb.



Nəhəng insan şəbəkəsi formalaşdırılıb

Bu çərçivədə şirkət Stanford, Princeton və Harvard kimi universitetlərdən professorlar daxil olmaqla yüksək ixtisaslı mütəxəssislərlə işləyir. Bununla yanaşı, Edvin Çen dünyanın 50-dən çox ölkəsində yaşayan, sayı bir milyonu aşan frilanserdən ibarət geniş insan şəbəkəsini də idarə edir. Bu insanlar süni intellekti çətin vəziyyətə salacaq suallar hazırlamaqdan tutmuş, modellərin cavablarını qiymətləndirməyə və ideal cavab üçün meyarlar yazmağa qədər müxtəlif tapşırıqlar yerinə yetirirlər.

Hazırda "Surge AI”nin tam və yarımştat, eləcə də məsləhətçilər daxil olmaqla 250 əməkdaşı var. Bununla belə, işçi sayı dörd dəfə çox olan əsas rəqiblərindən "Scale AI”nin gəliri daha aşağıdır.

1,2 milyard dollar gəlir, 24 milyard dollar dəyər

Texnologiya şirkətlərinin süni intellekt modellərini öyrətmək üçün ehtiyac duyduğu yüksək keyfiyyətli məlumatları təmin edən "Surge AI”, beş ildən az müddətdə böyük maliyyə uğuru qazanıb. Şirkət 2024-cü ildə "Google”, "Meta”, "Microsoft”, "Anthropic” və "Mistral”dan ümumilikdə 1,2 milyard dollar gəlir əldə edib. "Google”un "Gemini” və "Anthropic”in "Claude” modellərinin təlimində "Surge” məlumatlarından istifadə olunub.

Şirkətin təxmini bazar dəyəri 24 milyard dollar səviyyəsində qiymətləndirilir. Hazırda 30 milyard dollarlıq dəyər üzərindən 1 milyard dollarlıq yeni investisiya raundu ilə bağlı danışıqlar aparılır. Çenin şirkətdəki təxminən 75 faizlik payının dəyəri isə 18 milyard dollar civarındadır. Bu göstərici onu "Forbes 400” siyahısına daxil olan ən varlı yeni amerikalı edir və 37 yaşlı Çen eyni zamanda siyahının ən gənc üzvüdür.



Məhkəmə çəkişmələri, rəqabət və gələcək

"Surge AI”nin böyüməsi hüquqi problemləri də özü ilə gətirib. Şirkət Kaliforniyada işçilərin müstəqil podratçı kimi yanlış təsnif edildiyi iddiası ilə kollektiv iddialarla üzləşib. Çen bu ittihamları əsassız adlandırır.

Sektor isə sürətlə dəyişir. "Meta”nın "Llama 4” kimi modelləri getdikcə daha çox sintetik məlumatlara əsaslanır. Lakin Çen insan töhfəsinin əvəzolunmaz olduğuna inanır və bildirir ki, insanlarla süni intellekt birlikdə çalışdıqda, hər ikisinin təkbaşına bacaracağından qat-qat artıq nəticə əldə olunur.

Xalqa açılma və ya satılma planı olmayan Edvin Çen "Surge AI”ı süni ümumi intellekt dövrünə qədər idarə etməyi hədəfləyir və bunun 20 il ərzində baş verəcəyini düşünür.

Məhsul meneceri Nik Haynerin sözləri isə onu belə xarakterizə edir:

"Surge" olmasaydı belə, Edvin yenə də məlumat istehsal edər və süni intellekti öyrədərdi. Bu sadəcə gəlirli biznes deyil. Bu, Maykl Cordanın slam-dank etməsini izləmək kimidir. O, məhz bunun üçün yaradılıb".
 

Süni intellekt sahəsində diqqət çəkən digər adlar

Müştəri xidmətlərini süni intellekt agentləri ilə dəyişdirməyi hədəfləyən "Sierra" şirkətinin təsisçiləri Bret Trylor və Kley Bavor bu transformasiyanın ən diqqətəlayiq fiqurları arasındadırlar. Şirkətin dəyəri 10 milyard dollara çatdığı üçün hər iki təsisçinin şəxsi sərvəti təxminən 2,5 milyard dollardır.

Gənc yaşda böyük uğurun başqa bir nümunəsi "Mercor"da müşahidə olunur. Məlumatların qiymətləndirilməsi və etiketlənməsi şirkətinin təsisçiləri Brendan Fudi, Adarş ​​​​Hiremat və Surya Midha cəmi 22 yaşında dünyanın ən gənc milyarderləri arasında olmağı bacarıblar. "Mercor"un dəyərini 10 milyard dollara çatdırması süni intellekt ekosisteminə investisiya qoyuluşuna olan tələbatı bir daha vurğulayıb.

Avropadan olan digər diqqətəlayiq startap İsveçdə yerləşən "Lovable"dır. Anton Osika və Fabian Hedin tərəfindən qurulan şirkət, texniki biliyi olmayan istifadəçilərə sadəcə əmrlər vasitəsilə veb saytlar və tətbiqlər hazırlamağa imkan verir. Bu innovativ yanaşma təsisçilərinə ümumilikdə 1,6 milyard dollar sərvət qazandırıb.

2025-ci ilin görkəmli simalarından biri Lüsi Quo idi. "Scale AI"nin 31 yaşlı həmtəsisçisi Quo, "Meta" şirkətə tərəfdaş olduqdan sonra dünyanın ən gənc qadın milyarderi olub.

Süni intellektdən əldə edilən qazanc yalnız startap təsisçiləri ilə məhdudlaşmır. Böyük texnologiya şirkətlərinin yüksək vəzifəli rəhbərləri də bu artımdan faydalandılar. ABŞ-ın ən varlı 10 texnologiya CEO-sunun ümumi sərvəti təkcə 2025-ci ildə 550 milyard dollar artıb.

Siyahının başında İlon Mask durur. Muskın sərvəti 50% artaraq 645 milyard dollara, "SpaceX"in şirkətinin dəyəri isə 800 milyard dollara yüksəlib. Bundan əlavə, tarixdə ən böyük əmək haqqı paketi hesab edilən "Tesla"da təsdiqlənmiş 1 trilyon dollarlıq müqavilə Maskın sərvət artımını daha da möhkəmləndirib.

Aydın
--> -->