Xəbər lenti

Elçin Babayevin sevimli şirkəti - 23 milyonluq tender həmin MMC-yə verildi
Ekonomiks 13:30 05.01.2026

Elçin Babayevin sevimli şirkəti - 23 milyonluq tender həmin MMC-yə verildi

Bakı Dövlət Universitetinin (BDU) 1 nömrəli tədris binasının əsaslı təmiri işlərinin satın alınması ilə bağlı tenderə yekun vurulub. 

Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Koneks Construction” MMC seçilib. BDU ilə şirkət arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 23 489 887,57 manatdır. 

"Koneks Construction” MMC satınalma müsabiqələrində fəal iştirak edən şirkətlər sırasındadır. MMC bir çox hallarda təmir-tikinti işləri ilə bağlı tenderlərin qalibi seçilib. Lakin bəzən də geyim və invertar satan şirkət kimi ortaya çıxır. 

Açıq mənbələrdə şirkət haqqında heç bir məlumat olmadığından onun konkret fəaliyyət sahəsi, həmçinin maddi-texniki bazasının hansı səviyyədə olduğu bəlli deyil. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarından aydın olur ki, "Koneks Construction” MMC 27 noyabr 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 39, mənzil 202-də yerləşən şirkətin qanuni təmsilçisi Fərzəliyev Mehdi Məhəmmədəli oğludur. 

Mehdi Fərzəlibəyovdan əvvəl şirkəti Osmanlı Vahid Cuma oğlu, ondan öncə isə Xurşudov Samir Azad oğlu təmsil edib. Açıq mənbələrdə nə Mehdi Fərzəlibəyov, nə Vahid Osmanlı, nə də Samir Xurşudov haqqında məlumat var. 

Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilən məlumatlardan məlum olur ki, "Koneks Construction” MMC 2021-ci ildən satınalma müsabiqələrində iştirak etməyə başlayıb və ilk sifariş aldığı qurumlardan biri BDU olub. Universitet 2024-cü ildə də şirkətlə satınalma müqaviləsi imzalayıb. Həmin müqavilə invertarların satın alınması ilə bağlı olub. BDU şirkətdən 952 092,43 manata kabinet dəsti, dolab, kreslo, stul və s. bu kimi invertarlar alıb. 

Ümumiyyətlə, BDU-nun keçirdiyi tenderlərdən görünür ki, "Koneks Construction” MMC universitetin sevimli şirkətidir. 

BDU-nun rektoru Elçin Babayevdir. O, 2019-cu ildən, yəni, "Koneks Construction” MMC dövlət qeydiyyatına alındığı ildən BDU-ya rəhbərlik edir. 

Seyid
--> -->