İbrahim, qardaş, inan, o qədər qorxuram ki, birdən yazacaqlarım, iraq-iraq, çaşıb "Xeyir söyləməzə xeyir söylə, dedilər...” məsələsinə oxşayar. Amma qorxma, səndən də, elə oxucudan da bir azacıq səbr rica edəcəm. Həm də ötən yazılarda da "yaşamadıqlarımı yaza bilmirəm” yazmışdım. Odur, qüsur bilmə, səbrini bas, dinlə qardaşını.
İbrahim, bu qədər yazı-pozudan, mübahisələrdən-deyişmələrdən sonra yenə də adamın içində bir daxili monoloq qalır.
Bilmirəm, bəlkə də ona görədir ki, adamlar, hətta ölkələr var, onların dərdi-səri bitmək-tükənmək bilmir. Çoxu düşünür ki, az qala, hər gün yazan jurnalistin, hətta ədibin yenə də yazmadığı, demədiyi söz qalarmı?
Dəhşət də ondadır ki, nəinki qalır, hətta adamı üzür, didir-çeynəyir. Səbəbi çoxdur və bəlkə də ən primitivi budur ki, bəzən daha çox "quş dilində” yazan ədiblər bir yana, ən cəsarətli jurnalistlər belə bildiyinin, düşündüyünün on faizini də yazmır və yaxud bacarmır. Hətta hərdən asi olub düşünürsən ki, jurnalistika da, hətta sizin böyük ədəbiyyat dediyinizin özü də daha çox əyləncə, adamın başını qatmaq, hətta özünü ovundurmaq üçün uydurulmuş bir şey deyilmi?
Bilirsən, İbrahim, bunları həm də niyə deyirəm? Doğrusu, qardaşım, artıq yadıma da gəlmir, "Hərb və sülh” neçə cild idi! Amma Tolstoy yazdıqlarında hər şeyi demişdisə, niyə o çağında "dəli-divanə” olub çöllərə düşdü? Niyə Nitşe axırda "ağlını itirdi”? Axı bu insanlar artıq sağlıqlarında canlı BÜTLƏR idi! Nələri çatmırdı onların?..
Bilirsən, yaradıcı insanlara hamı "Tanrının sevdikləri” deyir, həsəd aparır, paxıllıq da edirlər. Amma mənə daim elə gəlib ki, bu insanlar həm də Tanrının qarğıdıqlarıdır. Sən mənə heç olmasa, bircə nəfər əsl xoşbəxt yaradıcı insan adı çəkə bilərsinmi? İnan, belələri yalnız və yalnız Sovetlər kimi rejimlərdə olurdu: çinovnik-sənətkarlar hər cür "qayğ”ı ilə əhatə olunur, az qala, xoşbəxtlik içində məst olurdular!
Amma bu da onda hamıya aid deyildi: çinovnik-sənətkar Fadeyev axırda intihar etmədimi? Üstəlik, hər şey bir yana, "Martin İden”i xatırlayırsanmı: bəli, yaradıcı insan yerlə-göylə əlləşib-vuruşur, amma istəyinə çatandan sonra həm Cek Londonun qəhrəmanı, həm də sənin də, mənim də az da olsa, tanıdığımız Kamyu kimi dəhşətli boşluq yaşayır...
Odur, qardaşım, çalış, fəlsəfi bax bəzi məsələlərə. Bir az siyasətçilik etsəm, dərhal səhifəni çevirmə, küsmə məndən. Bilirsən, cəmi post-sovet ölkələrinin dərdi, mərəzi nədir? Bu cəmiyyətlər "Sovetin şineli”ndən çıxıblar (əslindəsə, tamam çıxıblarmı?).
Bunlara çox adlar verilib, tək Oruell yox, Havel, hətta Zinovyev (sonradan məlum oldu ki, ən böyük "homosoveticus” adam özü imiş! Hələ də fikirləşirəm ki, bu adam, eləcə də Limonovlar və b. "KQB-nin layihəsi” deyildi ki?) kimi filosoflar bunu anlamağa cəhd ediblər, çünki həqiqətən fenomendir. Adını "Absurdstan”, "Narkostan” qoyublar, mənsə buna həmişə "KQB-stan” demişəm.
Bilirsənmi, niyə? Lap yaxın keçmişlərədək bu cəmiyyətləri daha çox ötən dəfələrdə də yazdığım kimi, bəzi "paqonlu ziyalı”lar, ”instruktorlar” idarə (ideoloji mənada!) edib. Hərdən fikirləşirəm ki, bunların hamısı heç olmasa, bir istedadı məhv etməyi özlərinə borc bilirdilər, sanki buna görə harasa və kiməsə hesabat verirdilər.
Onların "qara gölgəsi” hələ də haralardasa qalır. Məsələn, mən Putinə həmişə bir KQB adamı kimi baxıram: biri müəmmalı şəkildə güllələnir, digəri zəhərlənir, üçünsü hətta məhbəs divarları arasında öldürülür! Ona görə də adam hərdən qeyri-ixtiyari, rusların əvəzinə pıçıldamaq istəyir ki: KQB öldü, yaşasın KQB!..
Başağrısı olmasın, o gün bir yerdə oxudum, bəs Flora xanım gileylənir ki, mənim səsim daha uzaqlarda eşidilməli idi! Çox haqlıdır, amma istədim yazam ki, Flora xanım, sizin səsiniz o vaxt çox eşidilə bilməzdi, çünki SSRİ-nin ən böyük MUSİQİ PRODÜSSERİ də elə KQB özü idi! Sovetin dəhşətli və ali qanunu vardı: KQB-nin testindən keçməyən adam heç bir sahədə nəinki böyük, heç ciddi karyeraya da ümid edə bilməzdi...
Bələdəsə, şəxsən Flora xanıma deyərdim ki, qətiyyən narahat olmasın, kimə lazım idisə onu eşitdi! Bundan sonra çox səslər "batacaq”, amma Sizin səsiniz qalacaq.
Şükür, qardaşım, bunlar artıq böyük hesabla əksər yerlərdə acı keçmişdir. Sadəcə, Freyd deyirdi ki, "uşaqlıq təcrübəsi” çox şeyi həll edir: təəssüf, hələ də bəzi yelərdə "KQB mentaliteti”nin reliktləri sezilir, bundan dərhal qurtulmaq asan deyil.
Sadəcə, təsəlli üçün demirəm, amma inan, bizdə indi problem bir o qədər də ciddiliklə müşahidə olunmur; həm də ona görə ki, kiçik ölkəyik, istəsək də nə SSRİ ola bilərik, nə də indiki Putin Rusiyası! İnan, bunun özü də sadəcə, təsəlli deyil.
Odur ki, qardaşım İbrahim, sizin ədəbi nəslin problemlərini tamam–kamal siyasi tərəfə də yozmazdım, ən azı ona görə ki, indi nə ədəbi-bədii "zakaz”lar var, nə rəsmi senzura, nə də sovet-sosalist realizmi kimi instruksiyalar! Sadəcə, post-sovet məkanı deyilən çox mürəkkəb sosio-kulturoloji areal var və onun problemləri hələ də tam çözülməyib.
Bir–iki il əvvəl bir rusdilli saytda "Afrikada filosof kimə lazım?” adlı böyük esse yazmışdım. Adil Mirseyidin misraları yadındamı: "Bir dəli şeytan deyir, çıx qet qara Afrikaya...”
Problem daha çox bundadır, əzizim. İndi hansı normal ölkədə ən azı yazı-pozu bilən, həta bədii tərcümə bacaran, hər şey bir yana, məktəbdə, institutda dərs demək gücündə olan adam dəhşətli maddi sıxıntılar yaşayır? İnan, yoxdur və yaxud çox azdır! Olsa-olsa, uzaq Afrikada, əlçatmaz, siz şairlər demiş, "ünyetməz” qəbilələrdə olar bunlar.
Yadındamı bir epizod? İnstitutu qurtaranda soruşurdun ki, görən, diploma nə yazdırım: ədəbiyyatçı, yoxsa tarxiçi? Mən də guya böyük ağıl nümayiş etdirib dedim ki, onsuz ədəbiyyatçısan və yaxşısı budur, "tarixçi” yazdır! Axı özüm də bilmirdim qarşıda hələ nələr olacaq, xəmir nə qədər su aparacaq?
İnan, qardaşım, özüm də çox şeyi anlaya bilmirəm. Brodski ABŞ-a köçəndə heç bir diplomu-filanı, "spravkası” yox idi. Amma ABŞ-a çatan kimi adama universitetlərin birində dərs verdilər! Belə götürəndə, cəmi dünyada ədəbiyyat adamları nə edirlər? Ya jurnalistlik, tərcüməçilik edirlər, ya kinolara senari yazır, ya da universitetlərdə dərs deyirlər, daha xoşbəst, özünü təsdiq etmişlərsə kitablarının qanorarı ilə yaşayırlar.
Qüsur sayma, şəxsən biznesmen yazıçı-şair haqda eşitməmişəm. Bir Folkner haqqında oxumuşam ki, adam fermer olub. Odur, özümdən də soruşuram: sizin kimi istedadlı ədəbi nəslə doğrudanmı, bu şəraiti də yaratmaq çətindir? Brodskinin adını çəkirəm və fikirləşirəm, əcaba, ABŞ universitetləri bizimkilərdən əskikdirmi?
Qardaşım, yaxın vaxtların söhbətidir, sizin ədəbi nəsildən olan Fəxri Uğurlunun bir neçə böyük ədəbi-publisistik yazısını oxudum. İnan, bunlar az qala, mühazirə tipli yazılardır və adama təəccüblü gəlir ki, niyə adamı çağırıb demirlər, gəl, bunları tələbələrə də danış! Həqiqətən çətin ölkədir: birinə hər şey verir, digərininsə az qala, yaşamaq haqqını da tanımağa tərəddüd edir.
İbrahim, bəzən mənə elə gəlir, nəsillərin də psixologiyasında nəsə "zədələr” var, qardaşım. İllər öncə yaşadığım epizodu deyəcəm sənə. Adını çəkməyəcəm, artıq rəhmətə gedib, 90-cı illərdə mənə bir şair özü haqda yazılmış yazını göstərdi. Əlbəttə, təbrik etdim, amma dilim dinc durmadı, qayıtdım ki, filankəs, 50 yaşında da "gənc şair” olar? Gördüm, adam pərt oldu, hətta incidi! Kaş, deməyəydim, amma mən də haqlıydım: dünyanın ədəbi nəhəngləri yana, rəhmətlik Səməd Vurğun 50 yaşında vəfat etmişdi, amma artıq "xalq şairi”, akademik, hətta deputat kimi! 50 yaşında da "gənc şair” olar? Heç sovet Moskvasında da yaradıcı adamları belə aşağılamırdılar. Unutmuşam, amma Mayakovski, Yesenin, hətta Blok öləndə neçə yaşları vardı? Fəqət mənim şair dostumun günahı idimi bu? Əsla! Sadəcə, bir çoxlarına 50-60 yaşında insanlara "gənc alim”, "gənc şair-yazıçı” və s. deyilməlidir ki, kimlərsə özlərini daha rahat hiss etsinlər.
Problem daha çox budur, qardaşım. Belədəsə, inan, nə sənə, nə sənin təmisl etdiyin ədəbi nəslə artıq hansısa siyasi təpki yoxdur. Düzdür, daim yazıram ki, bizdə akademik-yaradıcı azadlıqlarla bağlı çox ciddi problemlər var Di gəl, onları da dəf etmək mümkündü: Azərbaycandakı siyasi rejim bütün hallarda, heç də qonşu İrandakından sərt deyil, əksinə xeyli şükürlüdür.
Odur, qəm yemə, qardaşım. Başa düşürəm, 21-ci əsrdir artıq, daha insanların çox böyük fədakarlıq göstərməsinə, özü də yaşamaq üçün fədakarlıq göstərməsinə ehtiyac olmamalıdr, təsəlli kimi "Pasternak belə olub”, "Brodskinin başına bunlar açılıb” kimi şeylər də söylənilməməlidi onlara! Bir baxın, görün, necənci əsrdir? Çox təəssüflər, o kəslər ki, sizə dəstək olmalıydı, bəziləri hələ də "köhnə Kreml saatlarıyla” yaşayırlar...
Laplas adlı böyük alim-riyazıyyatçı, amma "çox kiçik adam” olub. Öznünün ən əsas əsərini əvvəl Napoleona həsr edibmiş. Napoleon devriləndən sonra onun adını pozur və hakimiyyətə qayıdan krala həsr edir! Vəssalam! Düşünürəm, işarəmi tutdun: bəziləri üçün prinsipial fərqi yoxdur, keçmiş sovet məmurları, ya da indikilər, əsas odur "əski qaydalar” dəyişməsin...
Sizin ədəbi nəsli daim izləməyə çalışmışam. Hərçənd, bir obyektiv dəyişiklik də olub ki, onu da inkar etmək olmur. Sovetin çöküşündən sonra hamımızın üzünə yeni ədəbi dünya da açıldı, azı yeni adlar eşitdik. Bu da böyük problem oldu: subyektiv səbəblər bir yana, indi ədəbiyyat deyilən sənətdə bilirsənmi, nə böyük rəqabət var, qardaşım? Şəxsən mən sizlərə qibtə etmirəm...
Yadındamı, onda "Azadlıq” qəzetinə gənc yazarlar gələrdi, çoxunu oradan tanıyıram, əlbəttə, həm də sizin kimi o dövrün gənc ədiblərinin sayəsində. Mən Salamı sənin, Adili, Orxanı əvvəl Pərvizin dostları kimi tanımışdım. Eləcə də qeyrilərini...
İmkan düşəndə söhbətlərinizdə iştirak edirdim. Nə onda, nə də indi, özümü ədəbiyyatşünas -filan saymamışam. Amma bəzi məsələlərə baxışımız (daha çox taktiki!) bir az fərqli idi. Ərkim çatana deyirdim ki, "izm”ləri buraxın, qoy, bununla gələcəyin tənqidçiləri, ədəbiyyatşünasları məşğul olsun. Mənə hətta sürrealizm, nə bilim, post-modernizm haqqında ən böyük monoqrafiyanı da oxutdiura bilərsiniz, amma bununla dönüb sürrealist, ya da post-modenist yazıçı və ya şair olmayacam. Bəlkə yanılram, bəlkə həqiqətən də əvvəlcə hansısa ədəbi-bədii konsepsiya olur, yalnız bundan sonra roman, ya poema yaranır? Doğrusu, mütəxəssis deyiləm, bilmirəm, amma bunu həm də daha azad və sərbəst yaradıcı insan kimi hiss etməyiniz üçün deyirdim, indi də deyirəm: məgər neçə-neçə böyük istedadı elə bu "izm”lər məhv etmədimi? Doğrusu, hələ də bilmirəm ki, nə səbəbə Kamyu ilə Sartr az qala, "düşmən” olmuşdular? Aranı qatan elə bu "izm”lər deyildi ki?..
Deyəsən, onda sən də hansısa cərəyandan danışırdın, hətta adı da deyəsən, "iki plyus” və ya buna bənzər bir şey idi. Arada özünə hətta "mücərrədçi” də söləyirdin, hətta "Azadlıq”dakı böyük bir yazını belə də imzalamışdın - çox şey yadımdadır. Olsun! Əcəb də etmilşdin! Qüsur deyil! Gənclik həm də eksperimentlərçün deyilmi? Amma burax, getsin; Coysdan böyük "mücərrədçi” yox idi, amma özünü necə adlandırmaq onu narahat etmirdi.
Əslində sənə də, digər həmkarlarına da bunu demək gecdir, sizin artıq başqalarını öyrədən vaxtınızdır, bunun üçün savadınız da var, təcrübəniz də, hətta ədəbi "baqajınız” da! Maşallah, neçə romanın var sənin? Odur, "qeydimi” də üzürlü say...
Sən də, elə sizin ədəbi nəsil də daha gənc deyil, hesabat vermək, kürsülərə çıxmaq vaxtınızdır: inan, əminəm ki, bir gün bu da olacaq. Amma deyilənlərə görə, yazıçı ən son gününə qədər özünün ən böyük romanını yazacağını düşünür, sonuncu dalğanı gözləyən su idmançıları kimi. Allah sənə də, həmkarlarına da bunun üçün həvəs və ömür versin.
İbrahim, bilirsən, sizin-bizim ən böyük problemimiz həm də nə oldu? Bir növ "aralıq nəsil” olduq, həqiqətən keçid dövrünə düşdük və az qala, Heminqueyin dediyi "itirilmiş nəslə” çevrildik. Nə etmək olar? Axı insanlar valideynlərini, bir də bu dünyaya zühur edəcəkləri günü özləri seçmirlər.
Çox adam taleyə inanmır, deyirlər guya taleyini yazmaq da insanın əlindədir. Belə misallar da var. Sovetin vaxtında akademik Şmidt olub. Guya hələ 15 yaşında gələcək həyatını tam reqlamentləşdirib, deyib ki, filan vaxt bunu edəcəm, filan vaxt da onu! Gülməlisi bilirsən, nədir? Yazılanlara görə, adam bunu edib də! Hələ Eynşteyni demirəm, o, da ta uşaqlıqdan işığın sürəti haqqında düşünüb, axır da nisbilik nəzəriyyəsini yaradıb! Bilmirəm, bəlkə sizin ədəbi nəsildən də kiminsə qismətinə belə şey yazılıb? Kim bilir?..
Belədəsə, qardaşım, bilmirəm, sənin haqqında yazı oldu, yoxsa ki, bir ədəbi nəsil haqda? Yazının ünvanı, istiqaməti səhv düşdüsə, üzürlü say: bilirsən ki, mən bədbəxt də həmişə bir az qəliz, hətta "xatalı” adam sayılmışam, odur, inan, çox ehtiyatla yazdım ki, qaş əvəzinə vurub gözü çıxartmayım!
Səninlə bağlı epizodlar çoxdur yaddaşımda, hamısını yazmaq olmur. Yadıma bilirsən, nə düşür? Deyirəm, həm də bir az gülək. Yadındamı bir dəfə bizim AXC funksionerlərilə Qərb bölgəsinə getmişdin? Deyirdin ki, hara çatırdıq, "cəbhəçi”lər rəhmətlik İbrahim İbrahimliyə deyirdilər ki, bəy, çox böyük maraqla oxuyuruq sizin yazılarınızı və İbrahim bəy də buna görə onlara minnətdarlıq edir və heç demirmiş ki, o yazıları yazan böyrümdəki cavan oğlandır! Amma problem deyil bu, rəhmətlik İbrahim bəy də yaxşı adam idi, necə deyərlər, halal xoşu olsun.
Həm də onunçün deyirəm bunu ki, sən gözəl də jurnalist idin. Doğrusu, bəzi keçmiş dostlar bir o qədər də jurnalistlik fəaliyyətlərini qabartmağı sevmirlər. Nə demək olar? Öz işləridir! Odur ki, bunu da bir az ehtiyatla yazıram ki, bəlkə sənin üçün də önəmli deyil bu! Amma, inan, bilmirəm, gələcəkdə, hətta günü sabah nələr olacaq, amma keçmişimizdə utanmalı şey yoxdur, hətta bəlkə də əksinə.
Hey deyirən, burada bitirəcəm, amma söz gəlir. Bilirsən, mən də, elə sən də heç vaxt başqalarının pulunu sayacaq dərəcədə səviyyəsiz, ya da tamahkar olmamışıq, necə deyərlər, ruzi Allahdandır, qədərini özü bilir.
Amma bir-iki ayın söhbətidir. Gündüz oxuyuram ki, bir meyxanaçı iki yüz min manata (deyəsən, bundan da artıq!) maşın alıb. Sağlıqla sürsün, bir qətrə gözümüz yoxdur, azı ona görə ki, meyxana belə qoşa bilməyən məmurlarımız var ki, az qala, kosmik gəmiləri, kosmodromları çatışmır!
Amma problem bilirsən, nədədir? Bunu gündüz oxuyuram, axşamsa jurnalist dostum - həmkarım zəng edir ki, ayda 50 manata da yazmağa hazıram! Mən də bir gecədə bəlkə on dəfə ayılıb balkona çıxıram, heç özüm də bilmirəm niyə? Axı ürəyə görə neçə ildir siqareti də atmışam...
Daha nə deyim sənə? İbrahim, bu sətirləri yazanda əlimin altındakıları, interneti-filanı ələk-vələk etdim. Bilirsən, axır nə tapdım? Qardaşım, sən əslində çoxdan özün ədəbi - bədii kredonu müəyyən etmisən. Bir şerində deyirsən ki: "Ömrümdə ömür göyərtməyincə...”
Məncə, yaşın da o yaş deyil ki, kimsə sənə ağıl öyrətsin: min şükür, ağlın da var, savadın da, istedadın da. Bir daha deyirəm ki, siz artıq gənc ədəbi nəsil olmaqdan çıxmısız, necə deyərlər, hətta "yuxarılar”da oturan vaxtınızdır! İnşallah, bu, da olar, qardaşım.
Sənə səbr-filan diləmirəm. Artıq YOLUN böyük hissəsini keçmisən, bundan sonra şair-yazıçı olmaqdan qeyri seçimin də yox, necə deyər, yolçu yolunda gərək. Yaşını doğrusu, dəqiq bilmirəm, amma güman, azı 55 var! 50-dən sonra adamı dəyişmək olarmı?
Könlünü açmaq üçün məzəli detal deyim. Siyasi yazar kimi bilirsən, "Qəzəlxan” filmindəki məşhur epizodu özümçün necə "dekonstruksiya” etmişəm? Qulaq as, elə bil mənə də kimsə deyir ki: "De, mən ölüm, daha yazmayacaqsan?” Mən də sanki qayıdıb deyirəm: "Yox, ağa, yazacam!”.
Düşünürəm, xəyali də olsa, elə sən də belə edərdin. Sənətçi olmasam da, daim fikirləşmişəm ki, SƏNƏT Tanrıyla insan arasında kosmik rabitədir. İmtina etmək olarmı? Əlbəttə, Yerin "yer problemləri” də var. Gərək, onları da yoluna qoymağın üslunu-qaydasını tapasan.
Daim deyirəm ki, dünyada Hötedən böyük şair tanımıram, amma adam çox harmonik, hətta təlatümsüz ömür yaşayıb. Ona görə də çalış, bəzi məsələlərə bir azca fəlsəfi yanaş, qardaşım.
Bilmirəm, necə münasibət göstərəcəksən, amma ötən dəfərlərdə qardaşımız Rövşən haqqındakı yazıda rəhmətlik Əbülfəz bəy haqqında da beş-üç cümlə yazmışdım. Bilirsənmi, onun digərlərindən fərqi, hətta üstünlüyü nədəydi? Adam çox şeyə, hətta siyasətə də bir az SUFİYANA yanaşırdı...
Yox, qəti ağıl öyrətmirəm, əstəğfürillah! Bir də görürsən, adicə dükançını, nə bilim, qəssabı dəfn etmək üçün yüzlərlə adam gəlir, qırx gün-qırx gecə yas saxlayırlar! Hələ onu demirəm, bunu da yarışa, hətta "pokazuxaya” çeviriblər.
Səndən çox-çox iraq, Allah ömrünü uzun eləsin, nəvəli-nəticəli olasan, böyük mərtəbələrə çatasan, amma, qardaşım, Motsartın tabutunu aparan arabanın ardınca cəmi bir adam gedirdi, o da Salyeri...
Şairlərə şeir bəyəndirmək çətindir. Amma ruhən bizə yaxın olanları da yeri, məqamı gələndə anmaq borcumuzdur. Hərdən bilirsən, yadıma nə düşür? Ağamalı Sadiqin çoxdan oxuduğum misrası: Dünya elə bu imiş?
Qardaş, Allah, səni heç vaxt məyus etməsin. Amma özümdə də bu məyusluğu duyuram və az qala, yol gedə-gedə də özümə pıçıldayıram ki, həqiqətən də: dünya elə bu imiş?..
"Nə günahın sahibiydik belə uzun yaşadıq?” Bu, da Adilindir, yalnız əvəzliyi dəyişmişəm. Başqa şairləri də həm də ona görə yada salıram ki, ədəbiyyatla, poeziyayla bağlı da maraqlı fikirlərin var, bir-ikisini tapıb oxumuşam və ağlıma gəldi ki, axı sən dərs də deyə bilərdin...
Bunun özü maraqlı detaldır, tez-tez rast gəlinmir. Üstəgəl, ədəbiyyat adamlarının bəzisi adətən daha çox nə yazmağı, digərisə necə yazmağı bilir.
Bir detalı da deyim və bitirim. Qüsur bilmə, ədəbiyyatşünas deyiləm, amma tanıdığım sonuncu həm gözəl nasir, həm də gözəl şair Lermontov olub, hətta Puşkinin nəsri poeziyasından çox-çox zəifdir: bir çiyində iki yük daşımaq çətindir! Səndə də, sizin ədəbi nəsildən olan digər ədiblərdə də var bu: necə deyərlər, Tanrı köməyiniz olsun...
Hüseynbala Səlimov
Şərhlər