Xəbər lenti

Maduro kripto bazarını canlandırdı: Bitkoin rekord həddə
Dünya 13:12 05.01.2026

Maduro kripto bazarını canlandırdı: Bitkoin rekord həddə

ABŞ-ın Venesuela prezidenti Nikolas Maduronu hakimiyyətdən uzaqlaşdırmasından sonra yaranan siyasi qeyri-müəyyənlik fonunda, Bitkoin Asiya ticarət sessiyası zamanı son üç həftənin ən yüksək səviyyəsinə qalxıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Bazar ertəsi, 5 yanvar 2026-cı ildə, dünyanın ən böyük kriptovalyutası 2,3% bahalaşaraq 93 323 dollara çatıb – bu, dekabrın 11-dən bəri ən yüksək göstəricidir. Efir (Ethereum) və digər tokenlərdə də artım müşahidə olunub.

İnvestorlar "təhlükəsiz liman" axtarışında

Bu artım Asiyadakı ümumi müsbət fonla eyni vaxta təsadüf edir: texnologiya və süni intellekt sahəsinə qoyulan mərclər sayəsində fond bazarları tarixi maksimumları yeniləyir. Eyni zamanda, Maduronun saxlanılmasından sonra investorlar risklərdən qorunmaq üçün ənənəvi aktivlərə də üz tutublar:
Qızıl: Bazar ertəsi günü təxminən 2% bahalaşaraq bir unsiya üçün 4 400 dollardan (qramı 141,5 dollar) yuxarı qalxıb.

Gümüş: 4,8% bahalaşaraq kəskin artım göstərib.

Qeyd olunur ki, əvvəllər Bitkoin bəzən turbulentlik dövrlərində təhlükəsiz aktiv kimi qəbul edilsə də, digər vaxtlarda səhmlər və digər riskli alətlərlə eyni istiqamətdə hərəkət edib.

Bitkoin bir neçə həftə ərzində dar diapazonda ticarət olunub və ötən ili 6,5%-lik azalma ilə başa vurub. Kriptovalyutanı açıq şəkildə dəstəkləyən prezident Donald Tramp tərəfindən irəli sürülən bir sıra əlverişli qərarlara baxmayaraq, Bitkoin 2025-ci ildə zəif dinamika nümayiş etdirib.

Lakin yanvarın 2-də investorlar ABŞ-da qeydiyyatdan keçmiş 12 birja bitkoin fonduna (ETF) 471 milyon dollar vəsait yatırıblar. Bu, noyabrın 11-dən bəri ən böyük vəsait axınıdır və bazarda əhval-ruhiyyənin dəyişdiyinə işarə edə bilər.

Xatırladaq ki, 2025-ci ilin noyabrında Bitkoin dəyərinin təxminən 23%-ni itirmişdi ki, bu da 2022-ci ilin iyunundan bəri ən böyük aylıq eniş idi. Donald Trampın və bir sıra qurumların kripto sənayesinə loyallığına baxmayaraq, Bitkoin oktyabrın əvvəlində müəyyən edilmiş rekord maksimumundan 30%-dən çox ucuzlaşmışdı. Hazırda isə bazarda canlanmanın ilk əlamətləri görünməyə başlayıb.

Alpər
--> -->