Xəbər lenti

ABŞ-ı Ukrayna üzrə hərbi sammitə dəvət etmədilər – AP
Dünya 12:03 11.03.2025

ABŞ-ı Ukrayna üzrə hərbi sammitə dəvət etmədilər – AP

ABŞ nümayəndə heyəti martın 11-də Parisdə keçirilən və Ukraynanın təhlükəsizliyini təmin edəcək beynəlxalq qüvvələrin yaradılmasının müzakirə olunacağı hərbi sammitə dəvət olunmayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə Associated Press Fransanın hərbi rəsmisinə istinadən yazır.  

Qeyd olunur ki, amerikalılar sammitə ona görə dəvət edilməyib ki, avropalılar mümkün atəşkəsdən sonra Ukraynada sülhü qorumaq məsuliyyətini öz üzərlərinə götürə biləcəklərini nümayiş etdirmək istəyirlər.  

Sammitdə NATO-nun 32 üzv ölkəsinin demək olar ki, hamısının qərargah rəisləri və ya onların nümayəndələri iştirak edəcək, lakin ABŞ-dan heç kim qatılmayacaq. Həmçinin Xorvatiya və Monteneqro nümayəndələri də sammitdə iştirak etməyəcək.  

Ukraynanı sammitdə ölkənin Təhlükəsizlik və Müdafiə Şurasının üzvü olan hərbi rəsmi şəxs təmsil edəcək. AP-nin məlumatına görə, sammitin əsas mövzusu Fransa və Böyük Britaniyanın təklif etdiyi beynəlxalq təhlükəsizlik qüvvələrinin konkret olaraq necə formalaşdırılacağı və onların mümkün atəşkəsdən sonra Rusiyanın yeni genişmiqyaslı hücumunun qarşısını necə alacağı olacaq.  

Fransa hökumətindəki mənbənin sözlərinə görə, təhlükəsizlik qüvvələrinin tərkibinə ağır silahlar və strateji silah ehtiyatları daxil edilə bilər ki, bu da ehtiyac yaranarsa, saatlar və ya günlər ərzində Ukraynanın müdafiəsini dəstəkləmək üçün cəbhəyə göndərilə bilsin.  

Bundan əlavə, iştirakçı ölkələrin hərbi strukturlarının bu təşəbbüsdə iştirak etməyə nə dərəcədə hazır və imkanlı olduqları barədə daha konkret və dəqiq müzakirələr aparılacaq. Bununla belə, missiyada iştirakla bağlı yekun qərarı dövlət rəhbərləri siyasi səviyyədə verəcəklər.  

Daha əvvəl Bloomberg yazmışdı ki, Böyük Britaniyanın baş naziri Kir Starmer Ukraynadakı sülhməramlı missiya ilə bağlı yeni görüş keçirməyi planlaşdırır. Gözlənilir ki, şənbə günü baş tutacaq virtual görüşdə NATO və Aİ-yə üzv olan, "istəkli koalisiya"ya qoşulmağa hazır olan ölkələrin liderləri iştirak edəcək.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->