Xəbər lenti

1 avro 2 manat olacaq?
Ekonomiks 19:22 08.03.2025

1 avro 2 manat olacaq?

Məlum olduğu kimi Avropa Mərkəzi Bankı bu gün hər üç əsas faiz dərəcəsini 25 baza bəndi endirib. Bununla da Avropa Mərkəzi Bankı pul siyasətinin əhəmiyyətli dərəcədə yumşaldılmasını qeyd edib.
 
Tənzimləyicinin bəyanatında qeyd edilib ki, hazırda depozit dərəcəsi 2,5%, əsas yenidən maliyyələşdirmə əməliyyatları (MRO) dərəcəsi 2,65%, marja krediti dərəcəsi isə 2,9% təşkil edir.

Qeyd edək ki, son günlərdə avronun bahalaşması müşahidə olunur. Fevralın 7-nə olan valyuta məzənnələrinə əsasən, 1 avro 1,8382 manata çatıb. Sözügedən artım fonunda avronun 2 manata qədər yüksəlməsi ilə bağlı iddialar da səsləndirilir.

Bəs bu addım avronun dollar qarşısında dəyər qazanmasına səbəb olacaqmı?

Suala iqtisadçı ekspert Natiq Cəfərli aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, son bir neçə gündür avro dollar qarşısında dəyər qazanır:

"Bu trendlərin nə qədər davam edəcəyini və hansı dərəcəyə qədər yüksələcəyini demək çətindir. Bu daha çox FED-in növbəti iclasından sonra məlum olacaq. Onlar faizləri yenə aşağı salsalar, o zaman dolların ucuzlaşması baş verə bilər. Belə olan halda, avro daha çox dəyər qazana bilər”.

Müsahibimiz əlavə edib ki, Azərbaycanda dollardan başqa bütün məzənnələr manatın dollara olan nisbətinə və dolların digər valyutalara olan nisbətinə görə hesablanır:

"Yəni Azərbaycan manatının birbaşa avroya, rubla və digər valyutalara nisbətdə məzənnəsi müəyyənləşdirilmir. Bizdə çarpaz məzənnə sistemidir. Yəni dolların digər valyutalara qarşı nə qədər məzənnə dəyişiklikləri olursa, manat ekvivalentində də bir o qədər məzənnə dəyişikliyi olur. Bir sözlə, manat dollar indekslidir”.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->