Xəbər lenti

Telefondan cəmi 3 gün imtina etmək beyin aktivliyini yenidən formalaşdıra bilər
Sağlamlıq 16:22 09.03.2025

Telefondan cəmi 3 gün imtina etmək beyin aktivliyini yenidən formalaşdıra bilər

Telefonunuzdan nə qədər uzaqsınız? Çox güman ki, əlinizin altındadır. Hətta bu xəbəri elə telefonunuzdan oxuma ehtimalınız olduqca yüksəkdir. Rəqəmsal cihazlar demək olar ki, daim bizimlədir və yeni bir araşdırma onların istifadəsini azaltdıqda beynin aktivliyində baş verə biləcək dəyişiklikləri vurğulayır.

Qaynarinfo "Science Alert"ə istinadən xəbər verir ki, araşdırmada 18-30 yaş arasında 25 gənc iştirak edib. Onlardan 72 saat ərzində smartfon istifadələrini mümkün qədər məhdudlaşdırmaları istənilib. Yalnız əsas ünsiyyət və işlə bağlı fəaliyyətlərə icazə verilib.

Almaniyanın Heydelberq və Köln universitetlərindən olan tədqiqatçılar telefon istifadəsindəki məhdudiyyətin sinir şəbəkələri və beyin aktivliyi üzərindəki təsirini müəyyən etmək üçün MRI taramaları və psixoloji testlər aparıblar.

Yayımlanan məqalədə qeyd olunur: "Smartfon istifadəçilərində məhdudiyyətin təsirini araşdırmaq üçün uzunmüddətli yanaşmadan istifadə etdik. Zamanla beyin aktivliyindəki dəyişikliklərlə asılılıqla əlaqəli neyrotransmitter sistemləri arasında əlaqə tapıldı".

Asılılıq nikotin və alkoqolla müqayisə edilir

72 saatlıq müddətin sonunda aparılan taramalar zamanı iştirakçılara müxtəlif vizual siqnallar göstərilib. Bunlar arasında açıq və söndürülmüş telefonların görüntüləri, eləcə də neytral hesab edilən qayıq və çiçək kimi obyektlər olub.

Smartfon görüntüləri təqdim edildikdə, beynin mükafat mexanizmi və istəyin idarə edilməsi ilə əlaqəli bölgələrində dəyişikliklər qeydə alınıb. Bu dəyişikliklər bəzi aspektlərdə maddə asılılığı ilə bağlı beyin reaksiyalarına bənzəyir. Bu da telefonların nikotin və ya alkoqol kimi asılılıq yarada biləcəyini göstərir.

Beyində müşahidə edilən dəyişikliklərin dopamin və serotonin sistemləri ilə əlaqəli olması da telefon asılılığı ideyasını dəstəkləyir. Bu iki neyrotransmitter məcburi davranış və əhval-ruhiyyənin tənzimlənməsi daxil olmaqla bir çox beyin funksiyası ilə bağlıdır.

İstək hissi dəyişməsə də, bəzi iştirakçılar əhval-ruhiyyədə yaxşılaşma hiss edib

Lakin aparılan psixoloji testlər göstərib ki, telefon istifadəsinin məhdudlaşdırılmasına baxmayaraq, iştirakçıların ümumi əhval-ruhiyyəsində və ya istək hissində ciddi dəyişiklik qeydə alınmayıb. Bəzi könüllülər əhval-ruhiyyələrinin yaxşılaşdığını bildiriblər, lakin bu, test nəticələrində nəzərəçarpan fərq kimi görünməyib.

Araşdırma smartfon istifadəsinin beyin aktivliyini niyə dəyişdirdiyinə dair dəqiq nəticə təqdim etmir, lakin bunun bir neçə amildən qaynaqlandığı düşünülür. Telefon vasitəsilə yerinə yetirilən bütün fəaliyyətlərin eyni dərəcədə asılılıq yaratmadığı ehtimal edilir.

Tədqiqatçılar qeyd edirlər: "Məlumatlarımız smartfondan istifadə istəyi ilə sosial qarşılıqlı əlaqə istəyini bir-birindən ayırmır. Bunlar müasir dövrdə bir-birinə sıx bağlı iki prosesdir.”

Alimlər hələ də smartfonların həyatımıza və beynimizə necə təsir etdiyini tam anlamağa çalışırlar. İlk "iPhone"un satışa çıxmasından təxminən 20 il keçib. Lakin indi hər bir neçə dəqiqədən bir telefonumuza baxmadıqda ortaya çıxan gizli asılılıq simptomları haqqında daha çox məlumatımız var.

Araşdırma qrupu bildirir: "Müəyyən edilən sinir mexanizmləri həddindən artıq smartfon istifadəsi riski olan insanlarda asılılıq davranışını əhəmiyyətli dərəcədə gücləndirə bilər.”

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->