Türkiyəli diyetoloq Hande Selin Ok sağlam saçlara sahib olmağın yollarından birinin də düzgün qidalanma olduğunu bildirib.
Qaynarinfo xəbər verir ki, o, sağlam, parlaq və gur saçlar üçün protein, vitamin və mineral baxımından zəngin qidaların rasiondan əskik edilməməsinin vacibliyini vurğulayıb.
"Saç dərisinin qurumaması, saçların tökülməməsi, qırılmaması və solğun görünməməsi üçün düzgün şampun və baxım məhsulları seçilməlidir. Lakin bunlar yetərli deyil, güclü və canlı saçlara sahib olmaq üçün saç strukturunu qoruyub möhkəmləndirəcək qidaları gündəlik menyunuza daxil etməlisiniz", deyə o əlavə edib.
Saç sağlamlığı üçün vacib vitamin və minerallar
Təkcə qadınlar deyil, kişilər də sağlam, tökülməyən, sürətlə uzanan saçlara sahib olmaq istəyir. "Acıbadem Kent" xəstəxanasının qidalanma və diyet üzrə mütəxəssisi Hande Selin Ok balanssız qidalanmanın saç sağlamlığına mənfi təsir göstərdiyini qeyd edib:
"Əgər saçlar çox tökülür, tez qırılır və parlaqlığını itirirsə, qidalanma vərdişlərimizdə çatışmazlıqlar ola bilər. Saçların sağlamlığı üçün kifayət qədər protein qəbul etmək vacibdir. Çünki saçların təxminən 80%-i keratin adlı proteindən ibarətdir. Saç tellərini qalınlaşdıran, qırılmaları azaldan və daha canlı görünməsini təmin edən keratini tam taxıl məhsullarından, süd, qatıq, yumurta, kök, brokoli, lobya və çərəzlərdən əldə edə bilərsiniz".
Omega-3, 6 və 9 yağ turşularının çatışmazlığı da saç tökülməsinə səbəb ola bilər. Palamut, somon, skumbriya, semizotu, balqabaq tumu və kətan toxumu yaxşı omega-3 mənbələridir. Bundan başqa, A, D, C, B6, B12 vitaminləri, dəmir, selenyum, mis və sink kimi minerallarla zəngin qidalar da saç üçün faydalıdır.
Saç sağlamlığını qoruyan əsas vitamin və minerallar
B6 vitamini saç dərisinin hüceyrələrinin yenilənməsinə və oksigenlə təmin olunmasına kömək edir. Bu vitamin noxud, süd və süd məhsulları, qırmızı və ağ ət, dəniz məhsulları, yumurta, ispanaq, kök, tam taxıllar və çərəzlərdə bol miqdarda mövcuddur.
B12 vitamini saç köklərini qidalandıraraq saçların uzanmasını dəstəkləyir. Karides, midyə, yağsız mal əti, alabalıq, tuna balığı, qatıq və pendir B12 vitamininin əsas mənbələrindəndir.
Sink və dəmir çatışmazlığı da saç tökülməsinin əsas səbəblərindəndir. Sink üçün balıq, dəniz məhsulları, süd məhsulları, quş əti, qırmızı ət, yer fındığı, qoz və balqabaq tumu istehlak edilə bilər. Dəmir baxımından isə ispanaq, brüssel kələmi, brokoli, paxlalılar, quru ərik, yağlı toxumlar, pomidor, qırmızı ət, yumurta və doşab zəngin qidalardır.
Selenyum, saç dərisini canlandırır və kəpəklənmənin qarşısını alır. Soğan, sarımsaq, turp, göbələk, kərəviz, kələm, xiyar, balıq, tam taxıllar, yumurta və günəbaxan tumu yaxşı selenyum mənbələridir.
Mis çatışmazlığı da saç tökülməsinə səbəb ola bilər. Paxlalılar, tam taxıllar, quru meyvələr, qaraciyər, dəniz məhsulları, kartof və yağlı toxumlar mis minerallarını təmin edə biləcəyiniz qidalardır.
A vitamini saç tökülməsinə qarşı qoruyucu rol oynayır və saç tellərinin yenilənməsini təmin edir. Qırmızı ət, balıq, yumurta, süd və qatıq, maydanoz, roka, brokoli, ispanaq, qovun, ərik və şaftalı A vitamini baxımından zəngin qidalardır.
E vitamini, qan dövranını sürətləndirərək saçların daha tez uzanmasına kömək edir. Yer fıstığı, günəbaxan tumu, yaşıl yarpaqlı tərəvəzlər və bitki yağları E vitamini baxımından əhəmiyyətlidir.
Maqnezium, saç sağlamlığı üçün vacib minerallardan biridir. Paxlalılar, ət, süd, yumurta, balıq, tam taxıllar, balqabaq və günəbaxan tumu, lobya, kartof, brokoli və şokolad maqnezium mənbələridir.
D vitamini də saç sağlamlığı üçün vacibdir. Günəş vannası qəbul edərək bədənin D vitamini sintezini təmin edə bilərsiniz. Bundan başqa, pendir, süd, yumurta sarısı və yağlı balıqlar D vitamini baxımından zəngindir.
C vitamini, saç dərisində qan dövranını dəstəkləyir, saçların quru və cansız görünməsinin qarşısını alır. Yaşıl və qırmızı bibər, yaşıl yarpaqlı tərəvəzlər, pomidor, sitrus meyvələri, kivi, çiyələk, itburnu və kartof C vitamini ilə zəngin qidalardır.
Sağlam və parlaq saçlar üçün düzgün qidalanma vacibdir
Hande Selin Ok qeyd edib ki, bu vitamin və minerallarla zəngin qidaları gündəlik rasionumuza daxil edərək yalnız ümumi sağlamlığımızı deyil, eyni zamanda saçlarımızın sağlam, canlı və parlaq görünməsini də təmin edə bilərik.
Aydın
Şərhlər