Xəbər lenti

Tramp 8,5 il sonra Çinə səfər edəcək - Tarix açıqlandı
Dünya 10:19 11.05.2026

Tramp 8,5 il sonra Çinə səfər edəcək - Tarix açıqlandı

ABŞ prezidenti Donald Trampın Çinə səfərinin vaxtı açıqlanıb. 

Qaynarinfo xəbər verir ki, açıqlama Çin Xarici İşlər Nazirliyi tərəfindən verilib. Bildirilib ki, Donald Tramp Çin prezidenti Si Szinpinin dəvəti ilə 13–15 may tarixlərində Pekinə rəsmi səfər həyata keçirəcək. ABŞ tərəfinin daha əvvəl elan etdiyi səfər Çin tərəfindən də təsdiqlənmiş olub.

Donald Tramp 8,5 ildən sonra yenidən Çinə səfər edir. ABŞ-ın əvvəlki prezidenti Co Bayden Çin səfəri etməmişdi. ABŞ-dan Çin istiqamətində lider səviyyəsində son səfər Trampın ilk prezidentlik dövründə -- 2017-ci ildə baş tutmuşdu.

Tramp ABŞ və İsrailin İrana hücumları ilə başlayan və İranın cavab addımları ilə daha da gərginləşən münaqişənin davam etdiyi bir vaxtda strateji rəqib hesab olunan Çinə mühüm səfər reallaşdıracaq.

Əvvəllər 31 mart - 2 aprel tarixlərində keçirilməsi planlaşdırılan, lakin ABŞ prezidentinin İrandakı münaqişə ilə məşğul olması zərurəti səbəbindən təxirə salınan səfərdə Yaxın Şərqdəki vəziyyətin əsas gündəm mövzularından biri olacağı gözlənilir.

ABŞ ilə Çin arasındakı münasibətlər Trampın ikinci prezidentlik dövründə Vaşinqton administrasiyasının tarif artımları və texnologiya sahəsində tətbiq etdiyi məhdudiyyətlər, eyni zamanda Çinin qlobal təchizatın böyük hissəsini təmin etdiyi nadir torpaq elementlərinə nəzarəti gücləndirməsi səbəbindən daha da gərginləşmişdi.

Səfər zamanı tərəflərin iqtisadiyyat və ticarət məsələləri ilə yanaşı, ABŞ-ın son dövrlərdə genişmiqyaslı silah satışına icazə verdiyi və Çinlə suverenlik mübahisəsi yaşayan Tayvan məsələsini də müzakirə etməsi gözlənilir.

Aydın
--> -->