Ukraynaya aylarla sülh sazişi bağlamaq üçün təzyiq göstərdikdən sonra ABŞ prezidenti Donald Tramp nəhayət müharibənin başa çatmasına əsas maneənin Rusiya olduğunu başa düşüb.
Qaynarinfo xəbər verir ki, lakin "The Wall Street Journal”ın yazdığına görə, o, hələ də Moskvanı güzəştlərə məcbur etməyə ciddi istək göstərmir.
Nəşr qeyd edir ki, Trampın döyüşləri tezliklə dayandıracağına dair verdiyi vəddən sonra buna nail ola bilməməsi onda getdikcə artan narazılıq yaradıb və onu sanki hərəkətsiz duruma salıb. İndi əsas sual budur: Tramp Ukraynaya göstərdiyi təzyiq kimi, Moskvaya da ciddi güzəştlər etməsi üçün təzyiq göstərməyə hazırdımı? Belə bir addım onun daha böyük məqsədi – Rusiya ilə yaxınlaşma cəhdini təhlükə altına qoya bilər.
"Tramp əvvəllər də Putini tənqid etsə də, bu hallar nadir baş verib və onun köməkçiləri deyirlər ki, Tramp son vaxtlar Putinin kifayət qədər çeviklik göstərməməsinə səmimi şəkildə təəccüblənir və gizlicə bundan narahat olur", – məqalədə deyilir.
Eyni zamanda Tramp hələ də Putinə qarşı çıxmağa xüsusi həvəs göstərmir. WSJ yazır ki, onun münaqişənin diplomatik yolla həll olunacağına dair inamı sanki Rusiya prezidentinə heyranlıq hissindən qaynaqlanır.
Nəşrin fikrincə, Tramp riskli bir fərziyyə irəli sürür – guya Kreml doğrudan da sülh istəyir. Beynəlxalq Münasibətlər Şurasının əməkdaşı Tomas Qrem hesab edir ki, Trampın nümayəndəsi Stiven Vitkofun ruslarla təcrübəsinin olmaması bu yanlış qənaətə səbəb ola bilər və nəticədə Tramp özünü aldanmış hiss edə bilər:
"Narahatlıq ondadır ki, Vitkof Trampa Rusiyanın mövqeyi ilə real vəziyyət arasında uyğunsuzluq olan bir təsəvvür ötürə bilər".
Karnegi fondunun Rusiya və Avrasiya üzrə baş elmi işçisi Tatyana Stanovaya isə qeyd edir ki, Putin yaxın zamanda Ukrayna ilə sülh sazişi imzalamaq niyyətində deyil. Lakin Trampı razı salmaq məqsədilə bu ideyanı nəzərdən keçirə bilər. Onun sözlərinə görə, Kreml Trampı incitməkdən çəkinir, lakin Putinin Ukraynada qələbə qazanmaq arzusu bu qorxudan daha güclüdür.
"Ruslar hələ ki razılaşma bağlamağa heç bir səbəb görmürlər. Onlar döyüş meydanında irəliləyir və ABŞ-dan yeni güzəştlər qazanırlar. Belə olan halda niyə tələsələr ki?" – deyə Bayden administrasiyasının keçmiş Milli Təhlükəsizlik Şurası əməkdaşı Erik Qrin bildirib.
Xatıaladaq ki, aprelin 24-nə keçən gecə Rusiyanın Ukraynaya endirdiyi genişmiqyaslı raket zərbəsinə cavab olaraq Tramp Putinə narazılığını bildirib və hücumu ''uyğunsuz vaxtda'' baş vermiş hadisə adlandırıb.
Bununla belə, sonradan o, Rusiyanın Ukraynaya qarşı müharibəsinin başa çatması məsələsində irəliləyiş olduğunu və ABŞ-ın Rusiyaya ''çox təzyiq'' göstərdiyini bildirib.
Bu arada "The Washington Post” ehtimal edir ki, Putin istənilən sülh sazişinə razılıq verə bilər. Belə bir saziş isə gələcəkdə Rusiyaya Ukraynaya qarşı təcavüzü bərpa etmək üçün qapılar aça bilər. Kreml maksimalist hərbi məqsədlərindən – heç olmasa müvəqqəti olaraq – imtina edərək Ukraynanı siyasi tələyə salmağa çalışa bilər.
Alpər
Şərhlər