"Hər iki ölkənin nüvə silahına sahib olması və bu fonda qarşılıqlı məhv olma ehtimalı münaqişənin tammiqyaslı müharibəyə çevrilməsinin qarşısını alır".
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov Hindistanla Pakistan arasında başlanan gərginliyin geniş miqyaslı müharibəyə çevrilməsi ehtimalından danışarkən deyib.
"Pakistan və Hindistan 1947-ci ildən bu yana üç böyük müharibə aparıblar (1947, 1965, 1971). Bundan əlavə, 1999-cu ildə Kargil münaqişəsi baş veriи. Hər iki ölkənin nüvə silahına malik olması son 25 ildə bu münaqişələrin tammiqyaslı müharibəyə çevrilməsinin qarşısını nisbətən alıb. Çünki qarşılıqlı məhv olma ehtimalı real təhlükə olaraq qalır. Bununla belə, bu amil lokal və ya "nəzarətli” toqquşmaların baş verməyəcəyinə zəmanət vermir", deyə Azər Hüseynov bildirib.
Ekspert qeyd edir ki, son illər Hindistanın hakim Xalq Partiyası (BJP) və onun lideri Narendra Modi hind milliyyətçiliyini və açıq islamofob ideologiyanı siyasi gündəmin mərkəzinə çevirib:
"Müsəlmanlara qarşı diskriminasiya, Kəşmirdə insan hüquqları pozuntuları və mülkiyyət sahəsində dəyişikliklər bu siyasətin konkret nəticələridir. Bu ideoloji və siyasi xətt çərçivəsində hakimiyyətdaxili siyasətdə xal qazanmaq məqsədilə Pakistanın timsalında xarici düşmən obrazı ilə siyasi manipulyasiya edirlər. Pakistan dünyanın yeganə nüvə silahına malik müsəlman ölkəsi kimi İslam dünyasında strateji baxımdan mühüm mövqeyə sahibdir. Bu baxımdan Pakistan "toxunulmaz” görünür. Lakin zaman-zaman ölkənin, məzhəb fərqləri, iqtisadi tənəzzül, etnik qarşıdurmalar və siyasi qeyri-sabitlik vasitəsilə, daxildən zəiflədilməsi gündəmə gətirilir”.
Həmsöhbətimiz bildirir ki, Pakistanın Çin ilə sıx münasibətləri, xüsusilə Çin-Pakistan İqtisadi Dəhlizi (CPEC) layihəsi çərçivəsində əməkdaşlıq, ABŞ-Çin rəqabətində Pakistanın birbaşa və ya dolayı yolla hədəf alınmasına səbəb olur:
"ABŞ Hindistanı regional strateji müttəfiq kimi qəbul edir və Çini "Asiya teatrında” balanslaşdırmaq üçün Dehli ilə əməkdaşlığını dərinləşdirir. Pakistanın qeyri-sabitliyi Çin üçün də strateji risk yaradır - xüsusilə Sincan bölgəsində”.
Ekspert düşünür ki, Donald Trampın hakimiyyətə qayıdışı ilə ABŞ xarici siyasətində "Amerika daxilə qayıdır” şüarının yenidən aktuallaşması Hindistanla Pakistan arasında açıq müharibə senarisinə marağın azalmasına gətirib çıxara bilər. Konfliktoloqun fikrincə, tammiqyaslı hərbi müharibə ehtimalı orta səviyyədən aşağı, cəmi 20-30 faiz civarındadır:
"Nüvə qarşıdurması riski də çox aşağıdır, lakin sıfır deyil (5–10 faiz). Lokal toqquşmalar və hava zərbələri ehtimalı isə yüksəkdir, 60 faiz. Eyni zamanda, yaranmış durum siyasi və iqtisadi müstəvidə dərin gərginliyə gətirib çıxaracaq. Hazırkı vəziyyət nəzarət olunan gərginlik səviyyəsində saxlanacaq - müharibə baş verməyəcək. Lakin müharibə ritorikası ilə müşayiət olunan uzunmüddətli bir "soyuq qarşıdurma” davam edəcək.
Azər Hüseynov qeyd edir ki, mövcud vəziyyətdə Pakistanın zəiflədilməsi senarisi real görünür, lakin bu, daha çox daxildən çökdürülmə yolu ilə həyata keçiriləcək:
"Hindistan isə bu gərginlikdən daxili siyasi məqsədlər üçün istifadə etməyə çalışacaq. Çin–Pakistan ittifaqı bölgədə balansı qoruyur, lakin Çin hərbi baxımdan birbaşa müdaxilə etməyə ehtiyatla yanaşacaq”.
Qeyd edək ki, Hindistanla Pakistan arasında yenidən gərginlik baş qaldırıb. Cammu və Kəşmirdə nəzarət xəttində Pakistan hərbçiləri Hindistan postlarını atəşə tutub. Bu barədə "News 18” nəşri məlumat yayıb. Hindistan ordusu tərəfindən cavab tədbirləri görülüb. Hələlik ölən və yaralananlarla bağlı məlumat verilməyib.
Xatırladaq ki, aprelin 22-də Hindistanın cənubunda yerləşən Kəşmir vilayətində turistlərə silahlı hücum edilib. Hücum zamanı azı 26 turist həlak olub, 24-ü yaralanıb. Hindistan hadisəyə görə Pakistanı günahlandırıb və ölkənin Nyu-Dehlidəki səfirliyinin müdafiə, hərbi-dəniz və hərbi-hava qüvvələri üzrə müşavirlərini "arzuolunmaz şəxs” elan edib. Həmin şəxslər həftə ərzində Hindistanı tərk etməlidirlər.
Bununla yanaşı, Hindistan rəhbərliyi Pakistan vətəndaşlarına viza verilməsinin dərhal dayandırılmasına və aprelin 27-dən başlayaraq daha əvvəl verilən vizaları ləğv etməyə qərar verib. Aprelin 25-də isə Hindistan Hind çayının qarşısını kəsərək Pakistana axını əngəlləyib.
Pakistan isə öz hava məkanını Hindistan təyyarələri üçün bağlayıb. Sərhəddə yerləşən "Vagah” nəzarət-buraxılış məntəqəsini bağlayıb, Hindistanla bütün ticarəti də dayandırıb.
Rüfət Sultan
Şərhlər