Xəbər lenti

Professor icbari tibbi sığorta üzrə xidmətlər zərfində dəyişikliyi şərh etdi
Ölkə 16:56 25.04.2025

Professor icbari tibbi sığorta üzrə xidmətlər zərfində dəyişikliyi şərh etdi

"Bu, icbari tibbi sığortada yeni bir qaydadır. Yeni qaydaya görə, ödəmələrin bir hissəsi vətəndaşın öhdəsinə veriləcək”.

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla Azərbaycanda icbari tibbi sığorta üzrə Xidmətlər Zərfində yeni dəyişikliklərə aydınlıq gətirərkən deyib. Professor ambulator müalicədə bunu normal hesab edir:

"Zaman-zaman bunlar öz qaydasına düşəcək. Amma təxirəsalınmaz xəstələr üçün ayrıca qaydalar olmalıdır. Yəni, planlı xəstələrdən fərqli olaraq onlar üçün xidmətlər sığortanın içərisində olmalıdır. İcbari tibbi sığorta ilk növbədə doğuş və təxirəsalınmaz yardımı əhatə edir. Burada artıq vətəndaşın imkanı nəzərə alınmalıdır. Çünkü təxirəsalınmaz yardıma hər kəsin ehtiyacı ola bilər. Bu baxımdan sığorta burada hər şeyi əhatə etməlidir”. 
 


Adil Qeybulla əlavə edib ki, icbari tibbi sığortada vəsaitdən asılı olaraq onun sərf olunması və vətəndaşın xeyrinə çalışması üçün müxtəlif qaydalar var:

"Məsələn, Türkiyədə 2012-ci ilə qədər bəzi xidmətlər müəyyən nisbətdə dövlətlə vətəndaş arasında bölünürdü:

"Yəqin ki, Azərbaycanda da bəzi məsələlər bu cür həll olunacaq. Zaman-zaman məsələlər öz yoluna qoyulub, tam olaraq İcbari tibbi sığorta paketi hesabına ödənilmə həyata keçiriləcək”.

Xatırladaq ki, Baş nazir Əli Əsədovun qərarına görə, Azərbaycanda icbari tibbi sığorta üzrə Xidmətlər Zərfində dəyişiklik edilib.

Dəyişikliklə sığortaolunan ixtisaslı həkimin göndərişi əsasında tibbi göstərişi olan, ambulator şəraitdə göstərilən MRT (maqnit-rezonans tomoqrafiyası) və KT (kompüter tomoqrafiyası) xidmətinə görə hər müraciət üçün bu tibbi xidmətlər üzrə tarifin 20 faizi müştərək maliyyələşmə məbləği hesabına ödəniləcək.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->