Xəbər lenti

Sahibkarlıq günündə kiçik və orta biznesə baxış - Bu sahəyə hansı dəstək lazımdır?
Ekonomiks 15:30 25.04.2025

Sahibkarlıq günündə kiçik və orta biznesə baxış - Bu sahəyə hansı dəstək lazımdır?

(Yazı "azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” mövzusu üzrə hazırlanıb)

Prezident İlham Əliyevin 21 aprel 2016-cı ildə imzaladığı sərəncama əsasən, hər ilin 25 apreli Sahibkarlar Günü kimi qeyd edilir. 

Bu gün ölkədə biznes fəaliyyəti ilə məşğul olan insanların əməyinə diqqət çəkmək üçündür. Bu mühitdə ən çox diqqət ayrılmalı sahələr kiçik və orta biznesdir. 
Son illərdə ölkədə kiçik və orta biznesin rolu daha da artıb. Bu sahə ölkədə həm yeni iş yerlərinin yaranması baxımından effektivdir, həm də iqtisadiyyatın müxtəlif sahələrinin canlanması baxımdan əhəmiyyət daşıyır.

Dövlət bu sahənin inkişafı üçün müxtəlif proqramlar hazırlayır.  Bu sahədə fəaliyyət göstərən sahibkarlara maliyyə dəstəyi, subsidiyalar və vergi güzəştləri təklif edir. Lakin bir çox ekspertlər düşünür ki, bəzi sahibkarlar hələ də bu güzəşt və dəstək proqramlarından istifadə edə bilmir. Bəziləri isə bu dəstəklərin kifayət qədər effektli olmadığını düşünür, bu sahədə hələ də boşluqların olduğunu bildirirlər.

Mövzu ilə bağlı Qaynarinfo-ya danışan Milli Məclisin deputatı Vüqar Bayramov deyir ki, kiçik və orta sahibkarlığın inkişafı Azərbaycan üçün prioritet məsələlərdəndir:

"Xüsusi ilə nəzərə alsaq ki, məhz sahibkarlığın, eyni zamanda iqtisadiyyatın daha dayanıqlı şəkildə inkişafı birbaşa kiçik və orta sahibkarların ümumi iqtisadiyyat və ÜDM-dəki payında asılıdır. İnkişaf etmiş ölkələrdə ÜDM-in 64 faizi məhz kiçik və orta sahibkarların hesabına formalaşır. Azərbaycanda da son illər bu istiqamətdə inkişaf olsa da, yenə də kiçik və orta sahibkarların payının artırlmasına ehtiyac var. Bu istiqamətdə təşviq tədbirlərinin, xüsusən də kiçik və orta sahibkarlar üçün dövlət sifarişlərinin artırılması olduqca vacibdir”. 
 


Hökumət tərəfindən bu sahibkarlara edilən dəstək proqramları haqqında da danışan deputat bildirib ki, həm mikro, həm də kiçik və orta sahibkarlar üçün güzəştlər var:

"Mikro sahibkarlar üçün vergi güzəştləri nəzərdə tutulub. Çünki dövriyyəsi 200 min manatdan az olan sahibkarlar sadələşdirilmiş vergi ödəyir. Mikro sahibkarlar üçün gəlirin 75 faizi həcmində güzəştlər var. Bütün bunlarla yanaşı, çox vacib məqamlardan biri də birmənalı şəkildə kiçik və orta sahibkarların dövlət sifarişlərinə əlçatanlığının artırılması və çıxışının genişləndirilməsidir. Bu da nəticə etibarı ilə kiçik sahibkarların maliyyə resurslarına çıxışını artıra bilər. Bu, bütövlükdə sektorun inkişafı üçün vacibdir. Bu baxımdan vergi güzəştləri fonunda, xüsusilə də dövlət satınalmalarında kiçik və orta sahibkarların iştirak imkanlarının genişlədirilməsi və büdcə hesabına daha çox sifarişlərin kiçik və orta sahibkarlara təqdim olunmasına ehtiyac var ki, onların maliyyə çıxışı daha da artsın”. 

Günay İlqarqızı
 
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->