Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda vəsaitin leqallaşdırılması, vergidən yayınmaqla bağlı mütəşəkkil kibercinayətkarlıqda ittiham olunan dəstə üzvləri Bahadır Qasımovun, onun qardaşı İkram Qasımovun, əmisi oğlu Fərhad Qasımovun, Cavid Əzizovun, Vəli Əliyevin və Anar Əhmədovun məhkəməsi davam edir. Məhkəmə prosesinə hakim Anar Sadıqov sədrlik edir.
Qaynarinfo xəbər verir ki, aprelin 25-də davam edən məhkəmə iclasında müttəhimlər dindirilib. Təqsirləndirilən şəxs Anar Əhmədov məhkəməyə 2015-ci ildə "Ozan" MMC-də inzibatçı kimi çalışdığını, 2023-cü ildə ofisdə əməliyyat keçirən Kibercinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs olunduğunu deyib.
Təqsirləndirilən şəxsin vəkili vəsatət qaldırıb ki, müvəkkili sənədləri öz iradəsindən asılı olmayaraq oxumadan imzaladığı üçün sübutlar siyahısından çıxarılmalıdır. Hakim heyəti yerində müşavirə keçirərək qərar qəbul edib ki, vəsatətə yekun müşavirədə münasibət bildirilsin.
Sonra digər təqsirləndirilən Cavid Əzizov dindirilib. Şirkətdə nəzarətçi vəzifəsində çalışdığını deyib: "Orda yazılıb ki, guya mən mühasib olmuşam mən hara, mühasiblik hara, heç öz cibimdəki pulları saya bilmirəm. İttihamları rədd edirəm. Orda yazılanların mənimlə, mənim də orda yazılanlarla heç bir əlaqəm olmayıb. Sadəcə, təqsirləndirilən şəxslərlə qohumluğum var, bu gün məni də gətirib ona görə burda oturdublar. Bahadır Qasımov xaricdə yaşayırdı. Ofisə gec-gec gəlirdi. Əleyhimə ifadələr verənləri Allaha tapşırmışam. Məndən bu qədər".
Cavid Əzizov sualları cavablandırandan sonra hakim təqsirləndirilən şəxs Fərhad Qasımova ifadə verməyi təklif edib. Müttəhim bildirib ki, bu gün ifadə verməyə hazır deyil. Hakim növbəti məhkəmə iclasını mayın 5-nə təyin edib.
Qeyd edək ki, ilyarım əvvəl Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları Yasamal rayonu ərazisində yerləşən ofisdə qanunsuz pul köçürmələri ilə bağlı əməliyyat keçirib. Mütəşəkkil cinayətkarlıqda şübhəli bilinən və hazırda müttəhimlər kürsüsünü bölüşən şəxslər həbs edilib. İttiham aktında qeyd olunur ki, yaxın qohumlar xarici ölkədən Azərbaycana, Azərbaycandan xarici ölkəyə qanunsuz pul vəsaitləri köçürüblər, qanunsuz olaraq bank fəaliyyəti həyata keçirməklə külli miqdarda vergi ödəməkdən yayınıblar. Pulların leqallaşdırılmasının Bakının Yasamal rayonunda, İstambul və Dubaydakı ofislərdə həyata keçirildiyi bildirlir.
İstintaq orqanının qənaətinə görə, şirkət vasitəsilə xarici ölkələrə ümumilikdə 254 milyon 409 min 947 manat qanunsuz pul köçürülüb. Həmin vəsaitin 1 faizi - 2 milyon 500 min manatı xidmət haqqı kimi onların özünə qalıb.
Ofisdə və İkram Qasımovun yaşadığı evdə axtarış zamanı 1 milyon 500 min dollar, 1 milyon 400 min manat, ABŞ istehsalı olan odlu silahlar, ümumi dəyəri 1 milyon manata yaxın qiymətləndirilən 100-ə yaxın qızıl-brilyant əşyalar tapıldığı qeyd edilib. İttiham Aktında qızıl-zinət əşyalarının ölkəyə qaçaqmalçılıq yolu ilə gətirildiyi deyilir.
Ötən məhkəmə iclaslarından birində təqsirləndirilən İkram Qasımovun vəkili məhkəmənin nəzərinə çatdırıb ki, cinayət işi üzrə olan 853 min 771 manat dəyərində qızıl-zinət əşyaları ölkəyə gətirilən zaman Birləşmiş Ərəb Əmirliklərində rəsmi bəyan edilib. Ancaq Bakıda yoxlama məntəqəsinə gətirilən zaman əşyalar başqa şəxsə verildiyindən bəyan olunmayıb: "BƏƏ-də fəaliyyət göstərən vəkilə notariusla təsdiqlənmiş etibarnamə verib, onun əsasında həmin sənədi ala bilərik. Bunun üçün də müdafiə etdiyim şəxs etibarnamə verməlidir".
Məhkəmə bu vəsatəti baxılmamış saxlayıb.
Həbs edilmiş şəxslərin özlərinin və ailə üzvlərinin çoxsaylı əmlakı, eləcə də 100-ə yaxın bahalı avtomobilin, digər minik vasitələrinin üzərinə həbs qoyulub. Hesablamalara əsasən, bütün əmlakların ümumi dəyəri yarım milyard manat civarındadır.
Esmira Cavadova
Şərhlər