Xəbər lenti

Tramp müşavirlərini xəbərdar etmədən tarif kursunu kəskin dəyişdi - NYT
Dünya 10:37 10.04.2025

Tramp müşavirlərini xəbərdar etmədən tarif kursunu kəskin dəyişdi - NYT

ABŞ prezidenti Donald Tramp tarif siyasətindəki kursu dəyişib, lakin bu barədə müşavirlərini əvvəlcədən xəbərdar etməyib. 

Qaynarinfo "The New York Times”a istinadla xəbər verir ki, rəsmilər bu qərardan çaşqınlıq keçiriblər, onların ictimai bəyanatları isə Trampın daha sonra dedikləri ilə üst-üstə düşməyib.

Tramp daha əvvəl tətbiq edilmiş sərt gömrük rüsumlarını 90 günlük dayandırmaq qərarını qəfil verib. Onun aparıcı müşavirlərinin əksəriyyəti bu barədə yalnız qərar verildikdən sonra məlumat alıblar – halbuki həmin günün səhərində prezident hələ sərt kursu açıq şəkildə dəstəkləyirdi.

Tramp çərşənbə axşamı respublikaçılara belə deyib: "Mən nə etdiyimi lənətə gəlmiş kimi bilirəm”.  

Çərşənbə günü səhər isə sosial şəbəkədə belə yazıb: "SƏRT OL!”  

Bir neçə dəqiqə sonra əlavə edib: "ALMAQ ÜÇÜN MÜKƏMMƏL ZAMANDIR!!!”

Lakin həmin gün günortadan sonra, fond bazarının çöküşü və dövlət istiqrazlarının gəlirliliyinin kəskin artması fonunda Tramp mövqeyini dəyişib.

Mənbələrin sözlərinə görə, hətta ABŞ-ın ticarət üzrə nümayəndəsi Ceymison Qrir də kursun dəyişdiyini yalnız Konqresdəki dinləmələr zamanı öyrənib. Digər əsas rəsmilər – maliyyə naziri Skot Bessent və mətbuat katibi Karolayn Levitt də daxil olmaqla – ictimaiyyəti inandırmağa çalışıblar ki, hər şey əvvəlcədən planlaşdırılmışdı.

Bessent deyib: "Bu, onun hər zaman planlaşdırdığı strategiya idi”.  

Levitt əlavə edib: "Siz açıq-aydın Trampın burada nə etdiyini anlamamısınız”.

Lakin Tramp özü verdiyi bəyanatla həm Bessentin, həm də Levitin dediklərini təkzib edib. Tarif kursundakı dəyişiklik barədə sualı cavablandırarkən ABŞ prezidenti belə deyib:

"İnstinktiv olaraq… Bu, doğrudan da daha çox instinktə əsaslanır”.

Bu qərar administrasiyanı hazırlıqsız yaxalayıb. Bəzi müşavirlər hələ də anlamırlar: bu tariflərin dayandırılması danışıqlar üçün nəzərdə tutulan bir jestdir, yoxsa bazar təzyiqinə müvəqqəti bir güzəşt.

Maliyyə naziri buna maliyyə itkilərinin səbəb olduğunu inkar edib:  
"Bu barədə mənə heç nə deyilməyib… bu gün 10 illik istiqrazlar üzrə kifayət qədər uğurlu hərrac keçirdik”.

Lakin özəl söhbətlərdə müşavirlər etiraf edirlər ki, səbəb bazardakı panika olub. Pauzanı düşünülmüş addım kimi təqdim etməyə çalışsalar da, aydındır: Trampın hətta ən yaxın ətrafı da onun tarif siyasətindəki bu dönüşdən xəbərsiz olub.

Qeyd edək ki, ötən həftə Donald Tramp demək olar ki, bütün idxala əlavə gömrük rüsumları tətbiq ediləcəyini elan etmişdi. Həmin tariflər ölkələrə görə fərqli idi – Trampın komandası hansı səviyyəni "ədalətli” hesab edirdisə, onu tətbiq edirdi. Lakin dünən Tramp gözlənilmədən bəyan edib ki, ABŞ-ın bütün ölkələr üçün gömrük tarifləri müvəqqəti olaraq 10 faizə endirilir. Çin istisnadır – bu ölkə üçün tariflər təkcə yüksək səviyyədə saxlanılmayacaq, əlavə olaraq artırılacaq – artıq 125 faizə qədər.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->