"Əsir mübadiləsi olsa da, olmasa da, İsrail hökuməti əldə etdiyi siyasi üstünlüklərdən sonra heç bir halda HƏMAS-a qarşı hər hansı bir güzəştə getməyəcək".
Qaynarinfo-ya açıqlamasında bunu siyasi şərhçi Rufiz Hafizoğlu İsrailin uzunmüddətli atəşkəs müqbilində HƏMAS-ın girovluğunda olan əsirlərin yarısının azad edilməsi tələbini şərh edərkən deyib.
"Belə bir açıqlama olsa da, məsələ ondadır ki, İsrail hökuməti baş nazir Benyamin Netanyahu başda olmaqla, heç bir halda girov danışıqlarına getmək istəmir. Məhz bu səbəbdən Qüds daxil olmaqla İsrailin bir çox şəhərlərində ciddi etiraz aksiyaları keçirilir. Etirazçıların əsas tələbi də girovların azad edilməsi məsələsini gündəmə gətirmək və bundan sonra Qəzzada uzun müddətli atəşkəsə nail olmaqdır. Netanyahu hökumətinə bu səpkidə basqılar var. Digər tərəfdən, İsrail ordusunda da artıq Netanyahuya qarşı ciddi narazılıq meydana gəlib. Bu yaxınlarda Kanal12-nin keçirdiyi rəy sorğusunda bundan öncə Qəzzada döyüşlərdə iştirak etmiş əsgərlərin böyük əksəriyyəti artıq döyüşlərdə iştirak etmək istəmədiklərini bəyan ediblər. Onların da əsas tələbi müharibənin dayandırılmasıdır", deyə Rufiz Hafizoğlu bildirib.
Ekspert qeyd edib ki, prosesdə uduşlu vəziyyətdə olan İsraildir:
"Amma onu da nəzərə alaq ki, tərəflər arasında döyüşlərin intensivliyi zəifləsə də, ciddi psixoloji müharibə davam edir. Netanyahu hökuməti hətta ölkə müxalifətini belə yəhudi xalqına qrşı psixoloji savaşa başlamaqda ittiham edir. Anoloji addım Qəzzada da atılır. Burada uzun illərdən sonra ilk dəfə Ramazan ərəfəsində HƏMAS əleyhinə ciddi aksiyalar keçirildi".
Həmsöhbətimizin fikrincə, İsrailin əsas məqsədi HƏMAS-ın məhvidir ki, bu istiqamətdə hərbi müstəvidə ciddi addımlar atılıb:
"Amma siyasi müstəvidə HƏMAS-ın məhvi mümkün olmayacaq. Bir müddətdən sonra onlar başqa bir ad altında yenidən fəaliyyətə başlaya bilərlər. Yəni HƏMAS-ın ideoloji məhvi tam olmayacaq, onlar siyasi və ideoloji baxımdan daha da güclənə bilərlər. İndi də Husilərə qarşı hərbi əməliyyatlara başlanılır. İranın ideoloji oxunun qırılacağı son yer isə İraq olacaq. Burada Həşti-Şabi məsələsi var. Amerika Bağdaddan onun tərksilah olunmasını tələb edir. Burada siyasi islamın süqutu məsələsi də gündəmə gələcək. İsrail hər hansı bir güzəştə getməyəcək".
Qeyd edək ki, İsrail hökuməti Qəzza zolağında 40 günlük atəşkəs yaratmaq üçün Fələstinin HƏMAS-dan 11 girovu azad etməyi tələb edir. Bu barədə "Jerusalem Post" qəzeti İsrail təhlükəsizlik güclərindəki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, söhbət İsrail ordusunun əsgəri İdan Aleksandr və daha 10 girovdan gedir. Bundan əlavə, Tel-Əviv oğurlanmış vətəndaşların vəziyyəti ilə bağlı onlara ətraflı məlumat verilməsini tələb edir.
Xatırladaq ki, HƏMAS hazırda beş girovu azad etməyə hazır olduğunu bildirib, lakin İsrail hakimiyyəti bununla razılaşmayıb.
Rüfət Sultan
Şərhlər