Xəbər lenti

Təcrübəli futbolçudan baş məşqçiyə sərt tənqid: “Artıq-əskik danışdı, dərsini də aldı”
İdman 17:34 15.12.2022

Təcrübəli futbolçudan baş məşqçiyə sərt tənqid: “Artıq-əskik danışdı, dərsini də aldı”

Tərlan Əhmədovun gəlişindən sonra "Kəpəz”in düzəldiyi haqda fikirlər formalaşsa da, son oyunlar göstərdi ki, heç də belə deyil. Qeyri-sabit oyunla yanaşı, komandada daxili ab-hava da qaydasında deyil. Baş məşqçi ilə futbolçuların arasında narazılıq davam edir. Xüsusən də yayda komandaya transfer edilmiş təcrübəli oyunçular məşqçinin onlara qarşı davranışından narazılıq edir. Həmin futbolçulardan biri də Əfran İsmayılovdur. Xeyli müddətdi əsas heytdə yer almayan Əfran, əvvəlcə zədə üzündən meydanlardan kənarda qalmasına baxmayaraq, sonradan formasını bərpa etsə də, Əhmədov onu nədənsə meydana buraxmaq istəmir. Bəs bunun səbəbi nədir? 

Karyerasının qürub çağını yaşayan İsmayılov Qaynarinfo-ya müsahibəsində həm "Kəpəz”in durumundən, həm də qarşıdakı şəxsi planlarından danışıb. Ürəyi dolu olan təcrübəli futbolçu baş məşqçidən hörmətsizlik gördüyünü deyib, onu sərt şəkildə tənqid edib:

- Artıq xeyli müddətdir meydanlarda görünmürsən. Bunun xüsusi səbəbi varmı?

- "Sumqayıt”la oyunda zədə almışdım. Sonra formamı bərpa etdim və kollektivə qoşuldum. Oynamamağım baş məşqçinin qərarı idi. Oyunların birində paltardəyişmə otağında artıq-əskik danışmışdı. Dərsini də aldı. Həmin vaxtdan bəri məni əsas heyətə buraxmır.

- Əhmədovun tələbləri nədir? Niyə sizi incidir?

- Açığı, bilmirəm tələbləri nədir. Hər məşqçinin tələbi ola bilər. Amma bu tələbi normal şəkildə futbolçuya çatdırmaq olar. Deyə bilər ki, səni istəmirəm. Amma gəlib camaatın içində aqressiv, qeyri-peşəkar şəkildə danışanda, əlbəttə, onun dərsi verilməlidir. Heç kim futboldan ikiəlli yapışmayıb. Ölənə qədər oynamayacağam. Yaxud, mən 5-10 manatın arxasında gizlənəcək biri deyiləm. Xoşuna gəlmirsə, normal şəkildə fikirlərini çatdıra bilər. Bu, elə edir ki, konkret prinsipə düşürsən. Özü "qaşınır”, problem yaradır. Bu, təkcə mənə qarşı deyil. Əli Səmədova, Rauf Əliyevə, Elvin Yunuszadəyə də eyni münasibəti göstərir…

- Yeri gəlmişkən, məşqçinin belə təcrübəli, hansı ki, komandaya faydası dəyə biləcək futbolçularla nə problemi var ki?
 


- Dəqiq bilmirəm nə məsələdir. Fikrimcə, hansısa "işləri” var və onu təcrübəli futbolçuların yanında edə bilmir. Ona görə də gənclərin yanında görür. Biri var ki, təkcə mənimlə söhbət edə, amma orada 40 nəfər var idi və söhbətin nədən getdiyini hamı gördü. Məni də, onu da tanıyırlar. Bilirsiniz ki, indiyə qədər kiminləsə nə ədavətim, nə də problemim olub. Görün, məni nə qədər "boğaza yığıb”. Gözümün qarşısında Elvini, Raufu incidib. Mənə ilişəndə artıq "partladım”.  Camaatın içində mənə aqressiv şəkildə "çıx get rəhbərliklə danış” dedi. Sən kimsən ki, mənə belə söz deyirsən? Sözün var, çək kənara, sakit şəkildə fikirlərini bildir. De ki, "səni istəmirəm, başqasını gətirəcəm”, yaxud pulumu azalt. Futbolçu ilə belə danışarlar da. Biz Yaşar Vahabzadənin vaxtında komandaya gəlmişdik. Sənin xoşuna gəlməyə bilərik, bu normaldır. Fikirlərini bildir, biz də ortaq məxrəcə gələk. Ya ayrılaq, ya başqa şəkildə köməyimizi göstərək. Xeyli müddət bir yerdə işləmişik. Səviyyən olsun da. Mən onu "Keşlə”dən bəri yaxşı tanıyıram. "Keşlə”də üçüncü yeri o deyil, klubun prezidenti Zaur Axundov tutmuşdu. Hər dəfə uşaqları yığıb başına maraqlanırdı. Allaha and olsun, komanda üçüncü yeri Zaur müəllimin sayəsində tutdu. Hər dəfə 2000-2500 manat mükafat verirdi. Heç Tərlanı sayan var idi? "Neftçi”də necə yer tutmuşdu bilmirəm, çünki həmin vaxt orada oynamamışam. Bununla belə, söz-söhbətlər eşidirdim. Amma "Keşlə”də oynayanda öz gözlərimlə gördüm, komanda üçüncü yeri Zaur Axundovun sayəsində tutmuşdu. Düzdür, pandemiya oldu, çempionat bir qədər tez başa çatdı. Amma ona qədər hər şeyi Zaur müəllim edirdi. Uşaqları toplayıb problemlərimiz, dərdimiz haqda soruşurdu, necə köməklik göstərə biləcəyini deyirdi. Kimin yas yeri və ya toyu olurdusa, hamısına gedirdi. Tərlanlıq heç nə yox idi. Boş-boş danışır ki, "mən beləyəm”. Adamın üstündə allah var, Tərlan komandaya normal məşqlər verə bilir. Amma insani keyfiyyətləri də olmalıdır ki, futbolçu ona hörmət etsin. Biz elə futbolçular deyilik ki, pula, oynamağa görə oturub ağlayaq. Bu gün-sabah karyeramızı bitirəcəyik. Bizdən hörmət qazan. Sənə nə pislik edirik ki? Klubdan maaş alırıq, ən azı bunun haqqını vermək istəyirik. Komandaya kömək etməliyik ki, nəsə qazanaq də. Yoxsa onu-bunu baltala, belə olmur. 

- Əhmədov hələ Rauf Əliyevi mətbuat konfranslarının birində "intizamsız” adlandırmışdı. Ötən turda "Sabah”la oyundan sonra baş tutan mətbuat konfransında səninlə bağlı da narazılıq etmişdi…

- Mənim haqımda demişdi ki, "Əfran bilər, Allahı bilər”. Başqa cür danışmağa hünəri çatmır axı. Rauf nə etmişdi ki? Sadəcə, legionerə "xətti keçmə” demişdi. Mənə deyir ki, Zamiqə irad bildirmə. Zamiq balacamızdı, kimə deməliyəm? Özünü yaxşı aparmır, iradımı bildirirəm. Burada qeyri-adi nə var? Zamiq də başa düşdü, razılaşdı. Söhbət 10-15 gün əvvəldən bağlanıb. İndi bu söhbəti açıb, niyə yalandan bəhanə axtarırsan? Bilirsiniz necədir, Tərlan şou göstərir, pis çıxmasın, özünə hörmət etmir. Qalmışdın ortalıqda, iş tapdın. Güldən ağır söz deyən yoxdur. Nə istəyirsə, "Kəpəz”in icraçı direktoru İlqar Nadiri də edir. Gəlib, Zaur müəllim kimi üstünə qışqırmır. Artıq-əskik söhbət etmir. Heç bir işinə qarışmır. Təlim-məşq toplanışı təşkil edir, pulunu, yeməyini-içməyini verir. Başını aşağı sal, işlə də. Bundan sonra harada işləyəcəksən ki? Kim götürəcək səni işə? Təkcə futbolçular deyil, jurnalistlər də daxil, hamı ilə eyni münasibətdədi. Bir dənə dostu yoxdur, inanırsınız? Həyatda elə bir dostu yoxdur ki, onunla bir yerdə heç olmasa üç gün keçirsin.

- Maraqlıdır, Əhmədov komandada bütün futbolçulara qarşı eyni cür davranır?
 
- Gənclərlə məzələnir. Birinə söyür, digərinə yersiz zarafatlar edir. 15 yaşlı uşağa elə deməzlər axı. Görün, onun səviyyəsi var? Onunla sonuncu dəfə danışanda dedim ki, kişi kişinin arxasınca danışmaz. Raufa, digərlərinə, axırda da gəlib mənə etdiyin hərəkətə görə səni elə günə qoyacağam ki… Onsuz da mən karyeramı bitirirəm. 35 yaşım var, nə qədər məşqçi görmüşəm. Çox klublardan ayrılmışam, heç biri ilə problem yaşamamışam. Məni istəmirsənsə, fikrini normal şəkildə bildir. "Səbail”dən ayrılanda, məni istəmədiklərini dedilər, normal qarşılamışdım. Burada nə problem var ki? 40 nəfərin içində ona elə cavab verdim ki, ağzını ayırıb baxırdı. Bilirsiniz, normal şəkildə, başını aşağı salıb işləsə, nəticə verə bilər. Bir oyun udanda olur şir, heç kimi saymır. Uduzanda isə quzuya dönür. Özünü tonusda saxlaya bilmir. Yəni bir günün adamı deyil, "rəngbərəngdir”. Hər cür dona girir…

- Yəqin ki, "Kəpəz”dən ayrılacaqsan. Karyeranla bağlı qarşıdakı planların necədir?
 


- Klubla müqaviləm var. İlqar müəllimlə danışacağam. Ona hörmət edirəm, çünki idmançı olub. O, Bakıya gələndə söhbət edəcəyik. Mənim fikirlərimi normal qarşılayır. Ya ayrılacağıq, ya qalacağıq. Burada qeyri-adi nəsə yoxdur. Problem Tərlanın camaatın içində mənimlə normal danışmamasıdır. İnsanlar mənə hörmət edir, hətta elə futbolçu var ki, "Əfran əmi” deyə müraciət edir. Adamın xətrinə dəyir. Sən kimsən a kişi? Hər şey pulla ölçülmür. İclaslarda mənə eşitdirir ki, komandanın liderləri Tural Axundov, Yeqor Xvalko, filankəsdir. Komandanın liderlərinə baxın da. Halbuki aralarında ən yaşlı futbolçuyam. Ona görə də cavabını vermişəm. Guya mənə söz atır, bekardır da. Futbolu yaxşı şəkildə bitirmək istəyirəm. Gedib orada-burada bizim cavan uşaqlara deyir ki, Kamran Ağayevi futboldan sildiyim kimi sizi də silərəm. Kamran artıq yığmada qapıçılar üzrə məşqçidir. Ümumiyyətlə, bu söhbətin yeri var? Ədavətin vardısa, qaldı keçmişdə. Müsahibəsini oxuyuram, deyir ki, "Yaşar (komandanın sabiq baş məşqçisi Yaşar Vahabzadə - red.) məndən 10 yaş böyükdür, ona hörmət edirəm”. Amma başqa yerdə danışır ki, Yaşarın yığdığı komanda bundan artıq olmayacaq. Əvvəlcə insan özünə hörmət etməlidir. O, danışanda mən utanıram. 

- Karyeranı bitirməyi düşünürsən, yoxsa oynamağa davam etmək?

- Hələ konkret qərar verməmişəm. Açığı keçən il də karyeramı bitirəcəyimi demişdim. Ancaq "Kəpəz” variantı ortaya çıxdı. Necə olacağını bilmirəm deyə əvvəlcədən söz vermək istəmirəm. İddiasız klubda oynamaq istəmərəm. Bir işin qulpundan yapışmaq lazımdır. Real danışım, açığı iddialı klublardan təklif gözləmirəm. Bilirlər ki, karyeramı bitirmək istəyirəm. Onsuz da dizim zədəlidir. Süni örtüklü meydançada oynayanda dizim şişir. Ot üzü görmürük. Futbola görə özümü öldürməli deyiləm. Konkret nə edəcəyimi bilməliyəm. 

- Məşqçi kimi davam etməyə həvəsin var?

- Məşqçi və ya idarəçi kimi işləyə bilərəm. Bir işin qulpundan yapşmalıyam. "C” kateqoriyası üzrə lisenziyam var. Martda "B”ni oxumaq üçün kurslara gedəcəyəm. Bundan yapışıb irəli getmək lazımdır.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->