Xəbər lenti

Ölkə 16:46 28.04.2025

"Talassemiya işi" yekinlaşır: Prokurur cəza tələb etdi

Aprelin 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində talassemiyalı uşaqlar üçün toplanmış təxminən bir milyon manatı dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın məhkəməsi davam edib. 

Qayanrinfo xəbər verir ki, əvvəlcə zərərçəkən Mənsur Qarayev Nuridə Seyidova və Aynur Bayramovaya qarşı 25 min 500 manat mülki iddia qaldırıb. Məhkəmə iddianı icraata götürüb. 

Daha sonra sənədlər tədqiq olunub, Aysel Məmmədova ilə Nuridə Seyidova arasındakı telefon danışıqları dinlənilib. Həmin danışıqda Nuridə Seyidova Aysel Məmmədovaya istintaqa çağırılanda geniş məlumat verməməyi tapşırıb. Danışıq əsnasında Aysel Məmmədova Nuridə Seyidovaya bir neçə dəfə xəbərdarlıq edib ki, göndərilmiş xəstələrin üzərində aparılan cərrahiyə əməliyyatlarına görə Mərkəzi Gömrük Hospitalının pulu ödənilməsə, Mircəlal doktor xəstəxananı ayağa qaldıracaq. 

Hakim təqsirləndirilən şəxslərdən telefon danışıqlarına münasibətlərini söruşanda Nuridə Seyidova deyib ki, məqsədi dələduzluq etmək yox, xəstə uşaqları əməliyyat etdirmək üçün fond yaratmaq olub. Ancaq gözləmədiyi halda həbs olunması planlarını həyata keçirməyə imkan verməyib. 

Sonra hakim məhkəmə istintaqının yekunlaşdığını elan edərək çıxış üçün dövlət ittihamçısına söz verib. Dövlət ittihamçısı təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamların məhkəmədə sübuta yetirildiyini deyib. Məhkəmədən Nuridə Seyidovanın 9 il 6 ay, Aynur Bayramovanın 9 il, Aysel Məmmədovanın 8 il müddətə azadlıqdan məhrum etməsini istəyib. 

Vəkillər müdafiə çıxışı üçün vaxt istəyib. Hakim növbəti məhkəmə iclasını mayın 5-nə təyin edib. 

İstintaqın gəldiyi nəticəyə görə, Nuridə Seyidova digərləri ilə əlbir olaraq dələduzluq edib. Onun 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə bir milyon manata yaxın vəsaiti mənimsədiyi deyilir.

Esmira Cavadova

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->