Xəbər lenti

Moskva və Pxenyanın etirafı Aİ qoşunlarının Ukraynaya yolunu açırmı?
Dünya 16:35 28.04.2025

Moskva və Pxenyanın etirafı Aİ qoşunlarının Ukraynaya yolunu açırmı?

"İndiki halda Avropa qoşunlarının Ukraynada yerləşdiriləcəyi inandırıcı deyil".

Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə Moskva və Pxenyanın Şimali Koreya qoşunlarının Ukrayna ərazisində olmasını rəsmən etiraf etməsinin Avropa qoşunlarının Ukraynada yerləşdirilməsinə əsas yarada bilərmi sualına cavabında deyib.

Rüstəm Tağızadə bildirib ki, Şimali Koreyadan olan hərbi qulluqçuların Ukrayna ərazisində Rusiya tərəfində döyüşdüklərini Moskva artıq rəsmi qaydada təsdiq edir:
 


"Artıq Rusiya tərəfi rəsmi olaraq bunu boynuna aldı. ABŞ və Rusiyanın əsas istəyi odur ki, Ukraynanı tez bir zamanda atəşkəsə cəlb etsinlər. Bu fonda Rusiya və ABŞ-ın maraqları qorunacaq. Məsələ ətrafında başqa amillər də var. Avropa sülhməramlılarının Ukrayna ərazisində yerləşdirilməsinin nə dərəcədə real olacağı barədə isə hələlik konkret fikir bildirmək çətindir. Bu, sadəcə, danışıqlar predmetidir. İndiki halda vahid atəşkəs planı da yoxdur. Kiyev bununla bağlı əksər təklifləri qəbul etmir. ABŞ təbii ki, Şimali Koreya hərbi qulluqçularının Ukrayna ərazisində döyüşməsini istəmir. Moskva 4 vilayəti və Krımı istəyir. Ukrayna isə buna razılığını vermir. Ukrayna Konstitusiyası da buna imkan vermir. Kimliyindən asılı olmayaraq, Ukraynanın heç bir dövlət başçısı buna getməyəcək. Bütün bunlara rəğmən, indiki halda Avropa qoşunlarının Ukraynada yerləşdiriləcəyini düşünmürəm. Bu, əslində danışıqların predmetindən asılı olacaq. Rusiyanın buna nə qədər imkan verəcəyi də bilinmir".

Ekspertin fikrincə, Ukrayna ərazisində Avropanın sülhməramlı qoşunları yerləşdirilsə də, bu ancaq Ukraynanın qərb əraziləri olacaq. 

Qeyd edək ki, bu günlərdə Rusiya rəsmiləri Kurskdakı xidmətlərinə görə Şimali Koreya hərbçilərinə təşəkkür edib. Həmçinin, Şimali Koreyanın mərkəzi teleqraf agentliyi də ilk dəfə olaraq öz qoşunlarının Rusiya tərəfində Ukraynaya qarşı döyüşdüyünü təsdiqləyib. 

Dərhal Av Ev də məsələyə rəsmi reaksiya verib. Dövlət Departamenti Pxenyandan öz qoşunlarını Rusiyadan çıxarmağa, Moskvadan isə KXDR-ə dəstəyi dayandırmağa çağırıb. 

Dövlət Departamenti bu addımların dərhal dayandırılmasını tələb edib. 

Bildiyimiz kimi, Avropa İttifaqının bir sıra ölkələri sülhməramlı adı altında Ukrayna ərazisində öz qoşunlarını yerləşdirmək istəyir. Bu məsələ xüsusən də Fransa və Böyük Britaniya arasında müzakirə edilir. Lakin Moskva qəti şəkildə bunun əleyhinədir. Buna baxmayaraq, Moskva digər üçüncü ölkə qoşunlarının öz tərəflərində vuruşmasını təşkil edir. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->