28 aprel-2 may tarixlərində Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr edilən avarçəkmə üzrə "Prezident Kuboku-2025” beynəlxalq reqatası çərçivəsində Füzulidə yeni salınmış şəhərciyə köç edən sakinlər üçün xüsusi tədbir keçirilib.
Qaynarinfo xəbər verir ki, Köndələnçay su anbarında təşkil olunan tədbirdə Avropa Kanoe Assosiasiyasının (ECA) prezidenti Jan Zunqrana da iştirak edib.
Füzuli sakinləri Köndələnçayda maraqlı su şouları, avarçəkənlərin nümunəvi çıxışlarını izləyiblər. Həmçinin, uşaq və yeniyetmələr üçün maraqlı viktorinalar, intellektual yarışmalar təşkil olunub, qonaqlara federasiya tərəfindən xatirə hədiyyələri təqdim edilib. Qarabağda ilk dəfə sakinlər üçün həvəskar avarçəkmə qayıqlarında özünü sınamaq imkanı yaradılıb.
Qeyd edək ki, "Prezident Kuboku-2025” beynəlxalq reqatasında Avropa, Asiya və Afrikadan 20-dən çox ölkədən 200 nəfərdən artıq idmançı mübarizə aparacaq. Aprelin 29-da saat 14:00-da Mingəçevirdə, Heydər Əliyev prospektində yarışların rəsmi paradı baş tutacaq. 29 aprel saat 11:00-dan etibarən Suqovuşan su anbarında reqatanın açılış mərasimi və ilk yarışlar keçiriləcək. Reqata 1-2 may tarixlərində Mingəçevir "Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək.
Şərhlər