Xəbər lenti

Qütblərdəki gizli təhlükə: Yeməyinizdəki kartoflar belə təhdid altında
Dünya 19:32 26.05.2026

Qütblərdəki gizli təhlükə: Yeməyinizdəki kartoflar belə təhdid altında

Qlobal istiləşmə ilə ərimiş donmuş torpaqlardan yayılan antik mikroorqanizmlər təkcə insan sağlamlığını deyil, kənd təsərrüfatının gələcəyini də təhdid edir. Alyaska və Sibirdən gələn son laborator nəticələri, qida təhlükəsizliyinə dair misli görünməmiş bioloji riskin yaxınlaşdığını göstərir.

Qaynarinfo xəbər verir ki, qlobal istiləşmənin qütb bölgələrinə təsirinin artması tibb dünyasında uzun müddətdir bilinməyən genişmiqyaslı epidemiyalarla bağlı narahatlıqları gündəmdə saxlayırdı. Ən yeni elmi araşdırmalar isə təhlükənin istiqamətini gözlənilməz bir sahəyə yönəldib. Yaxın gələcəkdə mətbəxlərimizə daxil olan əsas qida məhsulları bu qədim "çağırılmamış qonaqların” ilk hədəfinə çevrilə bilər.

Qütb dairəsinə yaxın kənd təsərrüfatı sahələrinin genişlənməsi torpaq altında min illərdir gizlənən canlılar üçün riskli şərait yaradır. İqlim böhranı səbəbilə temperatur yüksəldikcə fermerlər yeni ərimiş şimal torpaqlarına doğru yönəlir. Bu isə əsrlərdir "ac vəziyyətdə” gözləyən mikroorqanizmlər üçün geniş yayılma imkanı deməkdir.

Koreya Qütb Tədqiqatlar İnstitutunun mütəxəssisləri Alyaskanın Seward yarımadasından götürülən donmuş torpaq nümunələrini laboratoriyada araşdırıb. Təxminən 90 gün ərzində əriməyə buraxılan nümunələrdə bəzi bakteriya növlərinin sürətlə dominant hala gəldiyi müşahidə edilib. Kartof bitkisində yumşaq çürümə xəstəliyinə səbəb olan "Pseudomonas” bakteriyası buzlar əridikcə digər mikroorqanizmləri üstələyib. Tədqiqatçılar bu canlıları sağlam kartof yumrularına tətbiq etdikdə məhsulların qısa müddətdə yumşaq çamura çevrildiyini qeydə alıblar.

Təhlükə təkcə kartofla məhdudlaşmır. Alimlər Qrenlandiyada 140 min illik buz nüvələrini araşdırarkən pomidor mozaika virusunun izlərinə də rast gəliblər. Bu patogen yalnız pomidoru deyil, həm də bibər, xiyar, çuğundur və kahı kimi bir çox əsas kənd təsərrüfatı məhsulunu məhv etmə potensialına malikdir.

Fransanın Aix-Marseille Universitetinin tədqiqatçıları 2022-ci ildə Sibir bölgəsindəki donmuş torpaqlardan götürülən nümunələrlə ilk genişmiqyaslı nəticələri əldə ediblər. Laboratoriyada aparılan tədqiqatlar nəticəsində 48 min 500 illik ən qədim patogen də daxil olmaqla 13 virus yenidən aktivləşdirilib. Bundan əlavə, 27 min illik mamut nəcisindən və mamut tükü qarışıqlı torpaqlardan üç yeni virus izolyasiya edilib. Bu nümunələr "Pithovirus mammoth”, "Pandoravirus mammoth” və "Megavirus mammoth” adlandırılıb. Donmuş Sibir canavarının mədə tərkibi araşdırılarkən isə "Pacmanvirus lupus” adlı başqa bir antik struktur aşkar edilib. Min illərlə donmuş vəziyyətdə qalan bu mikroorqanizmlər laboratoriyada aktivləşdirildikdən sonra belə təkhüceyrəli amebaları yoluxdura biləcək səviyyədə bioloji aktivlik göstərib.

2023-cü ildə "Viruses” jurnalında dərc edilən geniş hesabat, buzların əriməsi ilə bu naməlum strukturların təbiətə yayılmasının qaçılmaz ola biləcəyini ortaya qoyur. Sənaye investisiyalarının artması və qütb bölgələrində insan fəaliyyətinin genişlənməsi riskləri daha da artırır. Buna bənzər bir hadisə 2016-cı ildə Sibirin Yamal yarımadasında baş vermişdi. Temperatur artımı nəticəsində ərimiş torpağın altından çıxan və şarbon səbəbilə ölmüş maral cəsədinin qalıqları yüz minlərlə heyvanın tələf olmasına və bir uşağın həyatını itirməsinə səbəb olan epidemiyanı tətikləyib.

Aydın

--> -->