Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2026-cı il aprelin 26-da keçirilən buraxılış imtahanının nəticələri elan olunub.
Bu barədə Qaynarinfo-ya DİM-dən məlumat verilib.
Bildirilib ki, imtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş
keçidə daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini
buradan öyrənə bilərlər.
Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı) mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Bu imtahanda iştirakı nəzərdə tutulan 55282 nəfərdən 398 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 2 nəfər imtahandan xaric olunub.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 1 iyun saat 10:00-dan 3 iyun saat 17:00-dək tarixlərində DİM-in saytında yerləşdiriləcək
elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər.
Şərhlər