Xəbər lenti

Ölkə 16:45 26.05.2026

"Arvad" sözü lüğətdən çıxarıla bilməz" - Hüquq müdafiəçisi

"Arvad" sözünü tamami ilə lüğətdən çıxarda bilmərik".

Bunu Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Mehriban Zeynalova "arvad" ifadəsinin qanundan çıxarılması ilə bağlı təklifə aydınlıq gətirərkən deyib. 

O, "arvad" sözünün lüğətdə olduğunu xatırladıb:

"Müasir qadınların əksəriyyəti "arvad”, "ay arvad” sözünü sevmir. İfadənin səslənmə yeri var. İctimai müzakirələrdə "arvad” sözünü hansısa liderə desək, onun üçün təhqir olar. Hətta sıravi vətəndaşa da "arvad” deyəndə əsəbiləşir, cavab verir ki, "arvad sənin nənəndir”. Fikirə dözümsüzlük etmək olmaz, kim necə istəyirsə, elə də desin. Görünür, "arvad” ifadəsi kişilər üçün mühümdür. Kişilər deyir ki, "mənim arvadımdır, özüm bilərəm" və s. Əsas məsələ həmin qadının "arvad” ifadəsini qəbul etməyə hazır olmasıdır. Bunun əsas cavabını qadınlar verməlidir".
 


Mehriban Zeynalova sosial şəbəkələrdə "arvad” sözünə sərt reaksiyalar verildiyini vurğulayıb:

"Sosial şəbəkələrdə deputatın təklifinə də sərt reaksiyaları görürük. Əksər qadınlar özlərinə "xanım" deyilməsinin tərəfdarıdır. Psixoloji və emosional olaraq əksər qadınlar "arvad” sözünü qəbul etmir və buna aşağılayıcı ton kimi baxır. Deputat da ona baxıb bu fikiri səsləndirib”.  

Mehriban Zeynalova qanunda "ər” və "arvad” ifadəsinin olduğunu qeyd edib:

"Qanunvericilikdə də ata-babadan gələn ifadəni işlədirik. Müasir qadınların "arvad” ifadəsinə qarşı kəskin reaksiyaları mövcuddur. Həmin qadınlar "arvadım” sözünü "xanımım” kimi səsləndirməyi tələb edirlər”.

Qeyd edək ki, deputat Bəhruz Məhərrəmov təklif edib ki, Ailə Məcəlləsində qadınlara münasibətdə istifadə olunan "arvad” ifadəsi dəyişdirilsin. Deputat həmçinin vurğulayıb ki,  bu gün heç bir xanım ona həmin ifadə ilə müraciət etməsini istəmir.

Bahar Rüstəmli
--> -->