2025-ci ildə dünyada beynəlxalq sülhməramlı missiyalarda iştirak edən hərbçilərin sayı son 25 ilin ən aşağı səviyyəsinə düşüb.
Qaynarinfo "Defense News"a istinadən xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) yeni hesabatında bildirilir.
Araşdırmaya əsasən, 2025-ci ilin sonuna olan məlumata görə, müxtəlif beynəlxalq sülhməramlı əməliyyatlarda ümumilikdə 78 633 hərbçi iştirak edib. Bu göstərici əvvəlki illə müqayisədə 17%, 2016-cı ilin sonu ilə müqayisədə isə təxminən 50% azalma deməkdir.
SIPRI ekspertləri bildirirlər ki, əsas səbəblər arasında BMT-də yaranan maliyyə böhranı, iri donor ölkələrin ödənişləri gecikdirməsi və ya azaltması, həmçinin çoxtərəfli təhlükəsizlik mexanizmlərinə siyasi dəstəyin zəifləməsi yer alır.
Təşkilatın sülhməramlı əməliyyatlar və münaqişələrin idarə olunması proqramının rəhbəri Yair van der Leyn xəbərdarlıq edib ki, bu tendensiyanın davam etməsi beynəlxalq münaqişələrin tənzimlənməsi sistemini ciddi şəkildə zəiflədə bilər.
Onun sözlərinə görə, maliyyə, siyasi və geosiyasi problemlərin birləşməsi nəticəsində BMT kimi qurumların rolunun kəskin azalması riski yaranır və bu, yeni münaqişələrə, eləcə də mülki əhali üçün daha ağır humanitar nəticələrə səbəb ola bilər.
Hesabatda qeyd olunur ki, müasir sülhməramlı sistem "ciddi təzyiq” altındadır. Buna Rusiya hərbi iştirakının Afrika münaqişələrinə təsiri, Donald Tramp dövründə ABŞ siyasətinin çoxtərəfli mexanizmləri zəiflətməsi, həmçinin Çin və Avropa ölkələrinin beynəlxalq təhlükəsizlik sisteminə kifayət qədər dəstək verməməsi daxildir.
SIPRI bildirir ki, ABŞ 2025-ci ildə BMT strukturlarına maliyyəni azaltmaq və bəzi missiyalara dəstəyi yenidən nəzərdən keçirmək istiqamətində ciddi addımlar atıb. Vaşinqton, xüsusilə Livandakı BMT Müvəqqəti Qüvvələrinin (UNIFIL) fəaliyyətinin dayandırılmasını dəstəkləyib.
Məlumata görə, 2025-ci ilin iyul ayına qədər BMT sülhməramlı əməliyyatlarının büdcə kəsiri 2 milyard dollara çatıb. Eyni zamanda, 2025–2026-cı illər üçün təsdiqlənən 5,38 milyard dollarlıq büdcə son on ilin ən aşağı göstəricisi hesab olunur.
Buna baxmayaraq, BMT hələ də ən böyük sülhməramlı missiya təşkilatçısı olaraq qalır və ümumi şəxsi heyətin 67%-ni təmin edir. Lakin əməliyyatların böyük hissəsi artıq regional təşkilatlar və hərbi alyanslar tərəfindən həyata keçirilir.
Ən çox sülhməramlı qüvvə Saharaaltı Afrika ölkələrində yerləşdirilib — ümumi kontingentin təxminən 70%-i. Yaxın Şərq və Şimali Afrika 15%, Avropa isə 12% paya malikdir.
Ən iri missiyalar Mərkəzi Afrika Respublikasındakı MINUSCA və Cənubi Sudandakı UNMISS əməliyyatları olaraq qalır.
SIPRI vurğulayır ki, sülhməramlı missiyalara ən çox hərbçi göndərən ilk on ölkənin hamısı Qlobal Cənub dövlətləridir. Siyahıya 4657 hərbçi ilə Uqanda başçılıq edir. Nepal, Banqladeş və Hindistan da 4 mindən çox sülhməramlı ilə ilk sıralardadır.
Aydın
Şərhlər