Xəbər lenti

ABŞ-Çin rəqabəti yeni mərhələyə keçir (ŞƏRH)
Dünya 20:00 16.05.2026

ABŞ-Çin rəqabəti yeni mərhələyə keçir (ŞƏRH)

ABŞ və Çin arasında son dövrlər intensivləşən danışıqlar fonunda dünyanın yeni geosiyasi düzəninin necə formalaşacağı ilə bağlı müzakirələr yenidən aktuallaşıb. Bir çox ekspert hesab edir ki, Vaşinqton və Pekin arasında münasibətlərdə müəyyən yumşalma müşahidə olunsa da, tərəflər arasındakı strateji rəqabət zəifləməyib, əksinə, daha mürəkkəb mərhələyə keçib.

Xüsusilə Tayvan məsələsi ABŞ–Çin münasibətlərində əsas ziddiyyət nöqtəsi olaraq qalır. Pekin hesab edir ki, Tayvan problemi həll olunmadan Çin qlobal güc bölgüsündə tam iştirak edə bilməz. ABŞ isə Hind-Sakit okean strategiyası çərçivəsində Çinin təsir imkanlarını məhdudlaşdırmağa çalışır.

Müşahidəçilərin fikrincə, tərəflər birbaşa hərbi qarşıdurmadan yayınmağa çalışsalar da, iqtisadiyyat, texnologiya, enerji marşrutları və regional təsir uğrunda mübarizə daha da sərtləşəcək. ABŞ və Çin arasında aparılan danışıqların əsas nəticəsi də məhz yeni "soyuq rəqabət” mərhələsinin formalaşması ola bilər.

Mövzu ilə bağlı siyasi şərhçi Zaur İbrahimli Qaynarinfo-nun suallarını cavablandırıb.

- Son dövrlər ABŞ və Çin arasında intensivləşən danışıqlar fonunda yeni geosiyasi düzənin formalaşması barədə müzakirələr genişlənib. Sizcə, dünyada yeni güc bölgüsü yaranır?

- Hazırda beynəlxalq münasibətlərdə ABŞ və Çinin gizli şəkildə dünyanı nüfuz dairələrinə bölməsi ilə bağlı daha çox konspirativ iddialar mövcuddur. Soyuq müharibə dövründə ABŞ və SSRİ arasında müəyyən maraq zonalarının qeyri-rəsmi şəkildə bölüşdürülməsi müşahidə olunurdu. Ancaq bugünkü dünya tamamilə fərqli reallıqlarla idarə olunur. Qlobal iqtisadiyyat dərin qarşılıqlı asılılıq üzərində qurulub. Tədarük zəncirləri, rəqəmsal iqtisadiyyat, enerji təhlükəsizliyi və iqlim dəyişikliyi kimi faktorlar dünyanı iki sərt düşərgəyə bölməyi praktik baxımdan çətinləşdirir.

Bununla yanaşı, müəyyən faktiki təsir sahələrinin formalaşdığı da görünür. ABŞ Hind-Sakit okean regionunda mövqelərini gücləndirməyə çalışır, Çin isə Avrasiya məkanında təsir imkanlarını artırır. Amma bu, daha çox dəyişən güc balansının təbii nəticəsi kimi meydana çıxır.
 


- ABŞ-Çin münasibətlərində Tayvan məsələsi niyə bu qədər kritik əhəmiyyət daşıyır?

- Tayvan məsələsi Çin üçün sadəcə ərazi problemi deyil, həm də ideoloji və strateji məsələdir. 1943-cü il Qahirə Bəyannaməsi və 1945-ci il Potsdam Bəyannaməsi Tayvanın Çinə qaytarılmasını nəzərdə tuturdu. Çin Kommunist Partiyası isə hakimiyyətə ölkəni imperialist müdaxilələrdən xilas etmək və tam suverenliyi təmin etmək şüarı ilə gəlib. Bu səbəbdən Pekin üçün Tayvan məsələsində güzəştə getmək daxildə zəiflik və təslimçilik kimi qiymətləndirilə bilər.

Digər tərəfdən, Tayvanın coğrafi mövqeyi də olduqca vacibdir. Ada Yaponiyanın cənubunda və ABŞ-ın əsas müttəfiqlərinin yerləşdiyi xətt üzərində yerləşir. Tayvanın Çindən faktiki ayrılığı Pekinin Sakit okeana çıxış imkanlarını məhdudlaşdırır və Çinin ikinci dəniz xəttinə nəzarət planlarını zəiflədə bilər. Buna görə Tayvan həm də ciddi hərbi-strateji əhəmiyyət daşıyır.

- Vaşinqton və Pekin arasında münasibətlərdə yumşalma müşahidə olunsa da, rəqabətin davam etdiyi bildirilir. Bu rəqabət hansı istiqamətlərdə daha sərt olacaq?

- Əslində tərəflər birbaşa hərbi qarşıdurmadan yayınmağa çalışırlar. Amma rəqabət iqtisadi, texnoloji və geosiyasi sahələrdə daha mürəkkəb mərhələyə keçir. ABŞ-ın Çindən idxal olunan məhsullara tətbiq etdiyi yüksək tariflər, sanksiyalar, yarımkeçiricilər və nadir torpaq metalları kimi strateji sahələrdə tətbiq olunan məhdudiyyətlər bu rəqabətin əsas elementləridir.
Eyni zamanda ABŞ Çinə qabaqcıl çip texnologiyalarının satışını məhdudlaşdırır, Çin isə öz texnoloji müstəqilliyini gücləndirməyə çalışır. 5G və gələcəkdə 6G standartları uğrunda yarış, süni intellekt, kvant hesablamaları və kosmik texnologiyalar sahəsində rəqabət daha da dərinləşəcək. Hər iki tərəf artıq "texnoloji suverenlik” anlayışını dövlət strategiyasına çevirib.

- Bəzi ekspertlər yeni "soyuq müharibə” mərhələsinin başladığını deyirlər. Siz bu yanaşma ilə razısınızmı?

- Tam mənada klassik "soyuq müharibə” modelindən danışmaq hələ tezdir. Çünki ABŞ və Çin iqtisadi baxımdan bir-birindən tam ayrılmış vəziyyətdə deyillər. Əksinə, ciddi qarşılıqlı asılılıq qalır. Amma münasibətlərdə "soyuq rəqabət” elementləri açıq şəkildə görünür.

Bu rəqabət xüsusilə texnologiya, enerji marşrutları, maliyyə infrastrukturu və regional təsir uğrunda mübarizədə özünü göstərir. ABŞ-ın SWIFT sistemi üzərindən təzyiq imkanları, Çinin isə alternativ CIPS ödəniş sistemini inkişaf etdirməsi bunu təsdiqləyir. Yəni tərəflər gələcək mümkün qarşıdurmalara qarşı paralel iqtisadi və maliyyə mexanizmləri formalaşdırırlar.

- Bu prosesdə digər dövlətlər hansı mövqe tutur?

- Dünyanın əksər ölkələri hazırda balans siyasəti aparmağa çalışır. Yaponiya, Avstraliya və Filippin ABŞ-la təhlükəsizlik əməkdaşlığını dərinləşdirir. Pakistan və Kamboca kimi dövlətlər isə Çinə daha yaxın mövqe nümayiş etdirirlər. Amma Cənub-Şərqi Asiya, Mərkəzi Asiya, Latın Amerikası və Afrika ölkələrinin böyük hissəsi hər iki tərəflə münasibətləri qorumağa üstünlük verir. Türkiyə, Hindistan və Braziliya kimi regional güclər isə bu rəqabətdən maksimum faydalanmağa çalışır və strateji manevr imkanlarını saxlamağa üstünlük verirlər. Hazırkı mərhələdə dövlətlərin əsas strategiyası qarşıdurmanın birbaşa tərəfinə çevrilmədən iqtisadi və siyasi balansı qorumaqdır. ABŞ–Çin münasibətləri hələ tam formatlı "soyuq müharibə” mərhələsinə keçmədiyi üçün bu manevr imkanları da qalmaqdadır.

Siyasət şöbəsi
--> -->