Rusiya dronlarının NATO ölkələrinin hava məkanına təkrar-təkrar daxil olmasından sonra alyans şərq cinahında müdafiəni genişmiqyaslı şəkildə gücləndirməyə başlayıb.
Qaynarinfo "Associated Press”ə istinadla xəbər verir ki, Polşa və Rumıniya artıq Ukraynada sınaqdan keçirilmiş yeni amerikan "Merops” dron aşkarlama və məhv etmə sistemini
yerləşdirir.
Adi pikap maşınının yük yerinə yerləşə biləcək qədər kompakt olan bu sistem süni intellektdən istifadə edərək dronları aşkar edir, izləyir və məhv edir — hətta peyk və radio rabitəsi bloklandığı şəraitdə belə. "Merops” düşmən dronuna müstəqil şəkildə yaxınlaşa, hədəfi təhlil edə və atəş aça bilir — yaxud məlumatı digər bölmələrə ötürərək dronun tutulmasını təmin edir.
NATO-nun Birləşmiş Quru Qüvvələrindən polkovnik Mark Maklellan bildirib:
"Bu sistem bizə çox dəqiq aşkarlama imkanı verir və dronları çox ucuz qiymətə vurmağa şərait yaradır. Dronu vurmaq üçün F-35 qaldırmaqdan qat-qat effektivdir”.
Onun sözlərinə görə, "Merops” həm kritik infrastrukturu, həm də ordunun mobil bölmələrini qorumağa kömək edəcək. Sistem artıq Polşa və Rumıniyada yerləşdirilir, Danimarka isə texnologiyanın alınacağını elan edib.
Belə sistemlərə ehtiyac sentyabr ayında təxminən 20 rus dronunun Polşanın hava məkanını pozmasından sonra daha da artıb. Ardınca Rumıniya, eləcə də bir neçə Avropa hava limanı — Münhen, Berlin, Brüssel və Kopenhagendə dronların görünməsi səbəbindən müvəqqəti bağlanmalı olub.
Hər bir insidenti birbaşa Rusiyayla əlaqələndirmək mümkün olmasa da, NATO alyansın genişmiqyaslı müdafiə modernizasiyasına ehtiyacı olduğunu etiraf edir.
NATO briqada generalı Tomas Lovin bildirib:
"Merops yeni müdafiə xəttinin qurulmasında ilk mərhələdir və bu proses iki-beş il çəkəcək”.
Sistemin maliyyə dəstəyi "Google”un keçmiş rəhbəri Erik Şmidt tərəfindən təmin edilib. O, Qərb orduları üçün hərbi süni intellekt texnologiyalarının inkişafını dəstəkləyir.
Qeyd edək ki, Aİ və NATO paralel şəkildə Norveçdən Türkiyəyə qədər uzanacaq, dronlara qarşı çoxsəviyyəli vahid müdafiə sistemi – "dron divarı” üzərində çalışır. Layihə çərçivəsində ABŞ şərq cinahının müdafiəsini koordinasiya edəcək sensorlar və komanda mərkəzləri şəbəkəsini yerləşdirməyi təklif edir.
NATO-nun müttəfiq qüvvələr komandanlığından briqada generalı Zakarias Ernandes deyib:
"Rusiyanın Ukraynada etdiklərini görürük. Buna hazır olmalıyıq.”
Merops sistemi artıq Ukraynada döyüş şəraitində sınaqdan keçirilib və effektivliyini göstərib. Elə məhz bu sınaqlar Avropanın bu texnologiyanı seçməsində həlledici rol oynayıb.
Alpər
Şərhlər