Xəbər lenti

Nobel mükafatçısı mərasimdən əvvəl yoxa çıxdı: Maçado haradadır?
Dünya 13:05 10.12.2025

Nobel mükafatçısı mərasimdən əvvəl yoxa çıxdı: Maçado haradadır?

Venesuelalı müxalifət lideri Mariya Korina Maçadoya Nobel Sülh Mükafatının verilməsi açıqlansa da, siyasətçi mükafat mərasimindən əvvəl qeyri-müəyyən şəkildə ortadan yoxa çıxıb. 

Qaynarinfo xəbər verir ki, Osloda keçirilməsi planlaşdırılan mətbuat konfransı ləğv edilib və mükafatı onun qızının qəbul edəcəyi bildirilib.

Norveç Nobel İnstitutu Maçadonun Oslo­dakı mətbuat konfransına qatılmaması səbəbindən tədbirin ləğv olunduğunu açıqlayıb. "The Guardian"ın məlumatına görə, institut rəsmiləri siyasətçinin harada olduğuna dair heç bir məlumata sahib olmadıqlarını deyiblər.

İnstitutun yazılı açıqlamasında Maçadonun əvvəlki müsahibələrində Osloya çatmağın çətinliyindən danışdığı xatırladılıb və onun nə vaxt gələcəyinə dair hər hansı məlumatın verilmədiyi qeyd edilib. Açıqlamada həmçinin mətbuat konfransının nə vaxt və hansı şəkildə yenidən təşkil olunacağına dair heç bir planın olmadığı vurğulanıb.

Maçado son dəfə 9 yanvarda Karakasda, Venesuela prezidenti Nikolas Maduro­nun üçüncü müddətinə dair andiçmə mərasiminə qarşı keçirilən etiraz aksiyasında görüntülənmişdi. Oslodakı tədbir, 11 aylıq sükutdan sonra onun ilk dəfə ictimaiyyət qarşısına çıxacağı an kimi gözlənilirdi. Lakin konfrans başlamasına bir neçə saat qalmış əvvəlcə təxirə salınıb, daha sonra isə tamamilə ləğv edilib. Maçadonun komandasının məsələ ilə bağlı hər hansı açıqlama vermədiyi bildirilib.

Siyasətçinin ailəsi artıq mükafat mərasiminə qatılmaq üçün Norveçə çatıb. 84 yaşlı anası Korina Pariska de Maçado bazar ertəsi Osloya gəldiyini, qızını bir ildir görmədiyini deyib və "Hər gün dua edirəm. Əgər sabah burada olmazsa, bu Tanrının iradəsidir" sözlərini səsləndirib.

Qızı Ana Korina Sosa və digər ailə üzvlərinin də mətbuat konfransının ləğvindən sonra "Grand Hotel"ə qayıtdığı bildirilib. Ailənin mərasimdə iştirak edəcəyi açıqlanıb.

AFP-nin məlumatına görə, Maçado Nobel Sülh Mükafatında qızı tərəfindən təmsil olunacaq. Nobel İnstitutunun direktoru Kristian Berq Harpviken Norveçin NRK radiosuna verdiyi açıqlamada, "Mükafatı anasının adından qızı Ana Korina Maçado alacaq" deyib.

Harpvikenin sözlərinə görə, nitqi Maçadonun özü yazıb və onu qızı oxuyacaq. O, siyasətçinin harada olduğuna dair qətiyyən məlumatlarının olmadığını bildirib.

Maçadonun harada olduğuna dair qeyri-müəyyənlik davam edərkən fərqli iddialar da irəli sürülüb. Bunlar arasında siyasətçinin ABŞ-ın köməyi ilə Puerto Riko üzərindən Venesueladan çıxarılmış ola biləcəyi və Avropaya çatdığı ehtimalları yer alıb.

Venesuela baş prokuroru Tarek Uilyam Saab ötən ay verdiyi açıqlamasında Maçadonun "sui-qəsd, nifrəti alovlandırma və terrorizm” ittihamları ilə üzləşdiyini və Norveçə getdiyi halda qaçaq elan olunacağını bildirmişdi.

Nobel Komitəsi Venesuelanı "avtoritar dövlət quruluşundan xilas etmək səyləri” səbəbilə bu ilki Nobel Sülh Mükafatını Maçadaya vermişdi. Siyasətçi isə X hesabında mükafatını, "Venesuelanın əzab çəkən xalqına və işlərinə dəstək verdiyi üçün” ABŞ-ın sabiq prezidenti Donald Trampa həsr etdiyini açıqlamışdı.

Lakin mükafatın Maçadaya verilməsi bir çox çevrədə narazılığa səbəb olub. Tramp administrasiyasının Venesuelaya tətbiq etdiyi ağır sanksiyalar davam edərkən Maçadonun Trampa təriflər yağdırması Latın Amerikasında kəskin tənqidlərə yol açıb. Bundan əlavə, siyasətçinin 2014 və 2019-cu illərdəki bəyanatlarında xarici qüvvələrin Venesuelaya hərbi müdaxiləsini mümkün alternativ kimi gördüyünün üzə çıxması mübahisələri daha da artırıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->