Xəbər lenti

NASA yavaşlayır, Çin sürətlənir: Kosmosun yeni kralı kim olacaq?
Dünya 22:57 28.04.2025

NASA yavaşlayır, Çin sürətlənir: Kosmosun yeni kralı kim olacaq?

ABŞ-da məhdudiyyətlər NASA-nın hərəkət sahəsini daraldarkən, Çin uzunmüddətli kosmik proqramları ilə diqqət çəkir. Marsdan Tritona qədər uzanan bu hədəflər gələcəyin liderini müəyyən edə bilər.

Qaynarinfo xəbər verir ki, ABŞ-da NASA Donald Trampın büdcə ixtisarları ilə mübarizə apararkən, Çin bu boşluğu doldurmağa və kosmos araşdırmalarında səviyyəni yüksəltməyə qərarlı görünür. Təxminən üç il əvvəl qurulan Dərin Kosmos Kəşfiyyat Laboratoriyası bu hədəflərin mərkəzində yer alır.

Şanxay yaxınlığında yerləşən bu laboratoriya Çinin Milli Kosmik Agentliyi ilə Çin Elmlər və Texnologiya Universitetinin birgə səyləri nəticəsində yaradılıb. Gələcəyə yönəlik iddialı planların elan edildiyi bu laboratoriya, Çinin Günəş Sistemində genişmiqyaslı kəşfiyyat proqramı həyata keçirmək üçün əhəmiyyətli addımlar atacağını göstərir.

Çinin elan etdiyi missiyalar Günəş Sisteminin müxtəlif nöqtələrini kəşf etməyi və bu prosesdə elmi yeniliklər təqdim etməyi hədəfləyir. 2028-ci ildə başlayacaq missiya seriyası Marsdan Yerə nümunə gətirməklə yola çıxacaq. Ardınca Yupiter və Kallisto, Venera atmosferi, Ayda qurulacaq tədqiqat stansiyası və Tritonun okeanlarına qədər uzanan bir proqramla kəşfiyyatlar davam edəcək.

2028-ci ildə Marsdan torpaq və qayalıq nümunələri gətirəcək "Tianwen-3" proqramın başlanğıc nöqtəsi olacaq. 2029-cu ildə isə "Tianwen-4" Yupiter və onun peyki Kallistonu araşdıracaq. 2033-cü ildə Veneranın atmosferindən nümunələr toplanacaq, 2038-ci ildə Ayda yerli resursların tədqiq edildiyi avtonom bir stansiya qurulacaq. Son olaraq, 2039-cu ildə Triton səthaltı kəşfiyyat vasitəsilə nəhəng okeanları araşdırmaq üçün ziyarət ediləcək.

Bu missiyalardan bəzilərinin, hazırkı texnologiya ilə həyata keçirilməsi çətin görünsə də, Çinin uzunmüddətli planlarında bu hədəflərə çatmaq üçün böyük bir əzmkarlıq nümayiş etdirdiyi aydındır. Məsələn, Triton səthaltı araşdırması, buz təbəqəsinin qalınlığı kimi əsas məlumatların olmaması səbəbindən hələlik daha çox xəyal xarakteri daşıyır. Lakin hazırda yalnız "Tianwen-3" və "Tianwen-4" dövlət tərəfindən rəsmi olaraq təsdiqlənib.

Çin son illərdə kosmos araşdırmaları sahəsində mühüm nailiyyətlər əldə edib. Ayın uzaq tərəfindən nümunələr toplayaraq geri gətirən ekspedisiyalardan tutmuş, Marsa yumşaq eniş etməyi bacaran "Tianwen-1" missiyasına qədər bir çox mühüm addımlar bu uğurları təsdiqləyib. Çin, ABŞ-dan sonra Marsa eniş edən və uzun müddət aktiv missiya həyata keçirən ilk ölkə kimi fərqlənib.

NASA-nın büdcə kəsintiləri ilə üzləşdiyi bir dövrdə, Çinin planlı və sistemli proqramları kosmos yarışında tarazlığı dəyişdirə bilər. Xüsusilə ABŞ-da siyasi müdaxilələr və kosmos araşdırmaları büdcəsindəki mümkün azalmalar Çinin liderliyi ələ keçirmək ehtimalını artırır. Çinin bu iddialı addımı, gələcəkdə kosmos araşdırmaları sahəsində rəqabətin yeni bir mərhələyə keçə biləcəyini göstərir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->