"Əvvəlcə oyunçularımı təbrik edirəm. Onlar nəinki bu oyun, bütün mövsüm boyu qəhrəmanlıq etdilər. İki titul qazandıq, 33 tur məğlubiyyətsiz seriya davam etdirdik. Bütün bunlar futbolçuların əziyyətinin bəhrəsidir. Onlara təşəkkür edirəm".
Qaynarinfo xəbər verir ki, bu sözləri "Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Kubokunun finalında "Zirə”ni 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Mütəxəssis klub tarixində ilk dəfə "qızıl dubl”a nail olmaları barədə bu sözləri deyib:
"Öz məşqçi heyətimə, həkimlərə, meydançalara qulluq edənlərə, xadimələrə, bütün mövsüm ərzində bizə kömək edən hər kəsə təşəkkür edirəm. Xüsusilə klub rəhbərliyinə minnətdaram. Bu, mənim çalışdığım 10-cu klubdur. Təsəvvür edə bilməzsiz, burada necə möhtəşəm insanlar işləyir.
"Zirə”ni də təbrik edirəm, çox yaxşı çıxış etdilər. Yaxşı oyun keçdi. Qalib tərəf bir komanda olmalı idi".
Onun sözlərinə görə, hər bir klub onun üçün əziz olub: "Hər kəsə yaxşı münasibət bəsləmişəm. Çempion olmaq, titullar qazanmağı hamı istəyir. Bilmək olmur, ola bilsin bu, sənin son titulun olsun, sadəcə bunu Allah bilir. "Hayduk"la qazandığım kubok çox möhtəşəm və həyəcanverici idi. Azərbaycanda da çempion olduq, bu da mənimçün özəl duyğulardır. Bir mövsüm ərzində iki titul qazanmaq duyğuları daha da özəlləşdirir. Bizi mövsüm ərzində dəstəkləyən hər kəsə təşəkkür edirəm. İnanıram ki, onları gələcəkdə daha da xoşbəxt edəcək, gözəl duyğular bəxş edə biləcəyik".
Şərhlər