Xəbər lenti

91 təyyarə sahibsiz qaldı: Səhrada
Dünya 21:28 13.05.2026

91 təyyarə sahibsiz qaldı: Səhrada "Airbus" qəbiristanlığı" və mil xalları əvəzinə pitsa

ABŞ-ın "Spirit Airlines" aviaşirkətinin iflasının yaratdığı təsirlər davam edir. 34 il əvvəl fəaliyyətə başlayan şirkətin ötən həftə rəsmi olaraq fəaliyyətini dayandırması və iflas elan etməsindən sonra, onun donanmasındakı təyyarələrin səhraya daşınması prosesi başlayıb. Eyni zamanda, sərnişinlər üçün toplanan uçuş xallarının taleyi də diqqət çəkən qərarla gündəmə gəlib.

Qaynarinfo xəbər verir ki, məlumata görə, "Spirit Airlines" uzun müddətdir daralma və yenidən strukturlaşma prosesi yaşayırdı. "JetBlue" ilə birləşmə planının uğursuz olması, bəzi təyyarələrdə mühərrik problemləri və COVID-19 sonrası dəyişən istehlak davranışları şirkətin maliyyə vəziyyətini daha da çətinləşdirib. ABŞ–İsrail–İran gərginliyi nəticəsində artan yanacaq qiymətləri də vəziyyəti ağırlaşdırıb.

İflasdan sonra şirkətə məxsus 91 təyyarənin ABŞ-ın müxtəlif hava limanlarına dağıldığı və tədricən saxlama məqsədilə səhralara daşınacağı bildirilir. Mütəxəssislərə görə, quru iqlim təyyarə gövdələrinin korroziyadan qorunması üçün daha əlverişli hesab olunur.

"Airbus qəbiristanlığı” və saxlanma prosesi

"Spirit Airlines" daha əvvəl də Arizonadakı Phoenix Goodyear Hava Limanında 40-dan çox "Airbus" təyyarəsini saxlayırdı. İndi isə bu ərazilərin daha geniş miqyasda "təyyarə qəbiristanlığı"na çevrildiyi qeyd olunur.

İflas prosesindən sonra təyyarələrin gələcəyi məhkəmə qərarları ilə müəyyən ediləcək: ya bütöv şəkildə, ya da ehtiyat hissələrə ayrılaraq hərracda satılacaq.

Pilotlar səhraya transfer əməliyyatlarında

Təyyarələrin daşınması "Nomadic Aviation" adlı xüsusi şirkət tərəfindən həyata keçirilir. Maraqlı məqamlardan biri isə iflas nəticəsində işini itirən pilotların bu uçuşlara cəlb olunmasıdır. Bu uçuşlar sərnişinsiz həyata keçirilir və təyyarələr saxlama zonalarına aparılır.

Şirkət nümayəndələri bu prosesin pilotlar üçün həm maliyyə dəstəyi, həm də peşəkar "son uçuş” imkanı yaratdığını bildirirlər.

Mil xallarına pizza həlli

İflasdan sonra "Free Spirit” loyallıq proqramında yığılan uçuş xallarının necə istifadə olunacağı da diqqət çəkib. Dünyanın böyük pitsa şəbəkələrindən biri "Skies to Pies” adlı kampaniya başlatdığını açıqlayıb.

Bu kampaniyaya əsasən, istifadə olunmayan uçuş xalları müəyyən şərtlərlə böyük pitsa ilə dəyişdirilə biləcək. Layihə 250 nəfərlə məhdudlaşdırılıb və iştirakçılar sosial şəbəkə vasitəsilə üzvlüklərini təsdiqləməlidirlər.

Şirkətin iflası həm sərnişinlər, həm işçilər, həm də aviasiya sənayesi üçün böyük qeyri-müəyyənlik yaradıb. Təyyarələrin, işçilərin və müştərilərin gələcək taleyi isə hələ də tam aydın deyil.

Aydın
--> -->