Xəbər lenti

Seriyalı qatil dövrü sona çatırmı? - Statistika cinayət dünyasında böyük azalma göstərir
Dünya 22:15 13.05.2026

Seriyalı qatil dövrü sona çatırmı? - Statistika cinayət dünyasında böyük azalma göstərir

Bir vaxtlar qəzet başlıqlarından düşməyən "seriyalı qatil" xəbərləri niyə artıq əvvəlki qədər tez-tez görünmür? Radford Universitetinin hazırladığı geniş verilənlər bazası 1980-ci illərdə pik həddə çatan qorxulu qətl statistikasının müasir dövrdə niyə kəskin şəkildə azaldığını elmi əsaslarla izah edir.

Qaynarinfo xəbər verir ki, polis romanlarının və kino ekranlarının ən qorxulu fiqurları olan seriyalı qatillər düşünülənin əksinə olaraq, real dünyada getdikcə daha nadir bir fenomenə çevrilir. Qlobal cinayət məlumat bazaları göstərir ki, 1980-ci illərdə zirvəyə çatan seriyalı qətllər 2000-ci illərdən sonra sürətlə azalmağa başlayıb.

Hər şey 1990-cı illərdə Radford Universitetindən Michael G. Aamodtun tələbələrə verdiyi sadə bir tapşırıqla başlayıb. Sonradan Florida Qulf Koast Universitetinin də dəstəyi ilə bu layihə böyük rəqəmsal arxivə çevrilərək cinayət dünyasının qaranlıq tərəfini rəqəmlərlə ortaya qoyub.

FTB-nin tərifinə görə, "fərqli zamanlarda iki və ya daha çox qətl törədən şəxs” kimi tanınan bu cinayətkarların coğrafi yayılması xüsusilə ABŞ-da diqqət çəkir. 1900-cü ildən bu günə qədər dünya üzrə seriyalı qatillərin təxminən 67 faizi ABŞ-da qeydə alınıb. Dünya əhalisinin kiçik hissəsini təşkil edən bir ölkənin 3613 qatil ilə siyahının başında olması kriminoloqları geniş araşdırmalara sövq edib. ABŞ-ı isə İngiltərə, Yaponiya və Cənubi Afrika kimi ölkələr izləyir.

Məlumatlar cinayətlərin motivləri və icra üsulları baxımından cinslər arasında ciddi fərqlər olduğunu göstərir. 1900-cü illərin əvvəlində seriyalı qatillərin təxminən üçdə biri qadınlar olsa da, bu göstərici bu gün 6 faizə düşüb. Qadın qatillər əsasən maddi qazanc məqsədilə hərəkət edir və adətən yaxın çevrələrindəki insanları zəhərləmə üsulu ilə öldürür. Kişi qatillərdə isə vəziyyət fərqlidir: onlar daha çox tanımadıqları insanları hədəf seçir və zorakılıq və ya odlu silahdan istifadə edirlər. Bu halların arxasında əsas motiv "şəxsi həzz” kimi qeydə alınır.

Bəs 1980-ci illərdə bir il ərzində yüzlərlə qurbanla nəticələnən bu dalğa necə zəifləyib? Mütəxəssislərə görə bunun tək bir səbəbi yoxdur. Texnologiyanın inkişafı hüquq-mühafizə orqanlarının izləmə və aşkarlama imkanlarını xeyli gücləndirib və cinayətkarlar "seriyalı” statusuna çatmadan tutulur.

Eyni zamanda sosial həyat da dəyişib. Keçmişdə geniş yayılmış avtostop, uşaqların nəzarətsiz küçədə qalması və yad insanlara daha çox güvən kimi davranışlar indi daha ehtiyatlı yanaşma ilə əvəz olunub. Bundan əlavə, şərti azadlıq qaydalarının sərtləşdirilməsi də potensial təkrarlanan cinayətlərin qarşısını alıb. Nəticədə, texnoloji nəzarət və artan təhlükəsizlik şüuru seriyalı qatil fenomenini tədricən keçmişin daha qaranlıq bir hissəsinə çevirir.

Aydın
--> -->