İstanbulda Rusiya və ABŞ nümayəndə heyətləri arasında növbəti danışıqlar raundu başlayıb.
Qaynarinfo xəbər verir ki, görüşün başlandığı barədə Rusiya KİV-ləri məlumat yayıb.
Danışıqlar Rusiya Federasiyasının İstanbuldakı baş konsulluğunda keçirilir. Rusiya nümayəndə heyətinə Vaşinqtondakı səfir Aleksandr Darçiyev rəhbərlik edir. ABŞ tərəfini isə Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Kolter təmsil edir.
Görüş qapalı formatda keçirilir. TASS agentliyinin mənbəsinin məlumatına görə, konsultasiyalar bir neçə saat davam edəcək, lakin martın 24-də Ər-Riyadda keçirilən və 12 saatdan çox çəkən əvvəlki raunddan daha qısa olacaq.
Məlumata görə, görüşdə Moskvadakı və Vaşinqtondakı diplomatik missiyaların fəaliyyətinin normallaşdırılması, Rusiya diplomatik əmlakının geri qaytarılması və birbaşa aviareyslərin bərpası məsələləri müzakirə olunacaq.
ABŞ Dövlət Departamentinin nümayəndəsi Temmi Brüs daha əvvəl bildirmişdi ki, Ukrayna məsələsi bu danışıqların gündəliyinə daxil deyil.
Alpər
Şərhlər