Xəbər lenti

Əfran İsmayılov: “Xaricə getməyimə əsas maneə ana sevgisi olub”
İdman 09:51 08.06.2022

Əfran İsmayılov: “Xaricə getməyimə əsas maneə ana sevgisi olub”

Əfran İsmayılov Azərbaycan futbolunun ən istedadlı üzvlərindən sayılırdı. Azarkeşlərin yaddaşında özünəməxsus oyun tərzi ilə qalan Əfran artıq karyerasının qürub çağını yaşayır. Uzağı bir il də oynayıb butslarını divardan asmağı düşünən təcrübəli futbolçunun karayerası ilə bağlı nələr düşündüyü, planlaşdırdığı maraqlı idi.

Qaynarinfo-ya müsahibəsində karyerasını vərəqləyən futbolçu, yığmadan, formasını geyindiyi "Səbail”dən və Premyer Liqadan danışdı. 

- "Səbail”dəki son mövsümü necə dəyərləndirirsən?

- Həqiqətən çətin günlərimiz oldu. Günlərlə, aylarla maaş verilmədi. Bilirsiniz ki, pul olmayanda futbolçuları motivasiya etmək çox çətin olur. Qışdan sonra irəliləyişlər vardı. "Qəbələ”ni məğlub etdik, "Neftçi” ilə heç-heçə etdik. Azarkeşlərdən dəstək görürdük, hiss edirdik. Yenə də çətinliklər olduğuna, çox xal toplaya bilmədiyimizə görə çempionatı sonuncu pillədə bitirməli olduq. Belə olmaya da bilərdi. Futbolda belə şeylər olur.

- Mövsüm başlayanda komandanın qarşısına hansı hədəflər qoyulmuşdu?

- Maaş vermirlərsə, qarşıya necə hədəf qoya bilərlər? Rəhbərlik yox idi, yiyəmizin kim olduğu bilinmirdi. Kimlə danışırıq, söhbətləşirik, bilmirik. Tamerlan müəllim vəzifəsindən gedəndən sonra nə qədər boşluqda qaldıq. Sağ olsun, AFFA rəhbərliyi bizə baxırdı, köməklik göstərirdi. Gec olsa da, maaşlarmızı verirdilər, dəstəklədiklərini bildirirdilər. AFFA olmasa, "Səbail” dağılacaqdı. Sonradan ASCO bizə dəstək verdi. Amma artıq gec idi. İlk gündən gəlsəydilər, daha yaxşı olardı. Mövsümün sonuna yaxın gəlsələr də, bu gecikmiş müdaxilə idi. Ola bilər gələn il daha yaxşı komanda düzəltsinlər.

- Karyeranla bağlı nə düşünürsən?

- Demək olar, "Səbail”dən ayrılmışam. Belə olacağını bilirdim və özüm də ayrılmaq istəyirdim. Aftandil müəllimin rəhbərliyi altında oynamaq mənim üçün daha rahat idi. Sonradan məşqçilər korpusu istefa verdi. Mən də orada qalmaq istəmirdim. Normal şəkildə ayrıldıq. Artıq gələcək haqda fikirləşirəm. 

- Yeni təkliflər var, yoxsa karyeranı bitirməyi planlaşdırırsan?

- Ola bilər, karyeramı bitirim və ya futbolçu kimi davam edim. Hələ qərar verməmişəm. Təkliflərə baxacağam. Açığı, rayon yerlərində oynamaq mənə çətin gəlir. Ev, ailə, uşaq… Komandada olanda isə ora-bura qaçırıq. 500 kilometr az məsafə deyil. Çətinlik çəkmək istəmirəm. Bakıda hansısa klubdan təklif alsam, dəyərləndirə bilərəm. Təklifləri gözləyirəm. Hələ ortada real nəsə yoxdur.

- Futbolçu kimi davam etməyə nə qədər gücün var?

- Hiss edirəm ki, ən azı 1-2 il oynaya bilərəm. Ola bilər, oynamayım, işləyim. İnşallah, xeyirlisi, görək nə olur. İstəyirəm, 10-15 gün rahat istirahət edim, daha sonra qərar verim. 

- Azərbaycan futbolunun durumu bəllidir. Üstəlik son mövsüm də iddiasız bir klubda oynadın. Bu, futbola həvəsini "öldürmədi”?

- Real danışım, yaş o yaş deyil ki, hansısa klubda gənclərlə mübarizə aparım. Yaxud kiminsə yerini tutum. Ola bilər, hansısa komandaya meydana sonradan girib kömək edim. Amma komanda daxilində, meydandan kənarda həm futbolçulara, həm məşqçiyə çox kömək edə bilərəm. Belə futbolçunun hər komandada olması böyük amildir. Bu məsələlərdə "Səbail”ə kömək edirdim. Üstəlik meydanda ötürmələr verib qol da vururdum. Amma real yanaşsaq, indiki futbolçularla mübarizə aparmaq çox çətindir. 

- Yəni, iddialı klublarda oynamaq sənin üçün çətin olar?

- Əlbəttə, çünki o yaşım deyil. Bəlkə sonradan meydana girib oynayaram. Ancaq sırf 90 dəqiqə oynamaq gücündə deyiləm. Tam şəkildə təlim-məşq toplanışı keçsəm, hər bir şəraitdə məşqlərə başlasam, bəlkə nəsə alındıra bilərəm. Hazırda əvvəlki formamda deyiləm.

- Məşqçiliyə başlamaq üçün hazırlıq görürsən?

- Milli komandada oynadığıma görə "C” kateqoriyası veriblər. İnşallah "B” kateqoriyası üzrə kurslara başlamaq istəyirəm. İndiyəcən futbol oynadığım üçün buna vaxt yox idi. Çempionatla məşğul idim, komandanın məşqlərinə qoşulurdum. Deyilənə görə, kurslar sentyabrda başlayacaq. Çalışacağam kurslara qatılım.

- Karyerana baxanda nə düşünürsən? Nəyəsə görə peşmanlıq hissi keçirmirsən ki? Futbol sənə nə verdi?

- Heç nəyə görə peşmanlıq hissi keçirməmişəm. İndiyəcən nə qazanmışamsa, futbola görə olub. Düzdür, keçmişdə çətinliklərim çox olub. Futbola görə o çətinlikləri geridə qoymuşam. Əlbəttə, bunları heç vaxt unutmuram, ümumiyyətlə, buna çalışmamışam. İnandırım sizi, bəlkə də ən xoşbəxt vaxtlar o illərdə idi. Allah hər şey verib. Özümə, ailəmə, övladlarıma, valideynlərimə, dostlara, tanışlara hər cür şərait yaratmışam. Bəlkə də daha böyük fantaziyaları reallaşdıra bilərdim. Bu alınmayıb, amma deyərdim ki, beşindən aşağı yaşayanda, yüzündən daha yaxşı həyat sürmüşəm. Bütün bunlar futbol sayəsində olub. Bunları unutmaram, həmişə futbolçulara və futbolumuza əlimdən gələn dəstəyi göstərməyə hazıram. 

- Ölkənin ən istedadlı futbolçularından sayılırdın. Bu istedadı inkişaf etdirməyə, daha irəli getməyə nə mane oldu?

- Çox yerdə bəlkə söyləməmişəm. Amma yaxın ətrafıma həmişə demişəm. Əsas maneə ana sevgisi olub. Anama çox bağlı insanam. Heç vaxt ondan ayrı dura bilməmişəm. Ona görə kənara çıxa bilməmişəm. Onu xaricə aparmaq istəyərdim, amma heç vaxt Azərbaycanı buraxıb getməz. Həm də hara getsəm, ən yaxşı, beşulduzlu otellərdə qalsam da, həmişə Bakı üçün darıxmışam. Bu iki amil mənim üçün əsas maneə olub. Bu məsələlərə görə heç vaxt ölkə xaricində oynamaq istəməmişəm. Evlənməmişdən öncə də beləydi. Halbuki "Qarabağ”da oynayanda yaxşı təkliflərim vardı. Pul mənim üçün o qədər də böyük rol oynamırdı. Sadəcə, anadan və vətəndən ayrı qala bilmirdim. Baxmayaraq ki, mən olmasam, anamın yanında qala biləcək yaxınlar vardı. Nə olur-olsun, mənim üçün ana həmişə öndə gəlir. Bəlkə də həyat yoldaşımı, uşaqları buraxıb xarici ölkəyə futbol oynamağa gedə bilərdim. Amma anamı heç vaxt buraxıb getməzdim.

- Yaxın vaxtlar üçün planlar necədir?

- Çempionat yenicə başa çatıb. Xeyirlisi nədirsə, o olsun. Futboldan ikiəlli yapışmamışam. Futboldu, bu gün var, sabah yoxdur. Düzdür, çox şey qazandırıb mənə. Ancaq olmayacaqsa, başqa iş görəcəyəm. Əsas odur ki, yolum açıq olsun.

- Futboldan kənrada, hansısa biznesin varmı?

- Var, amma bu işlərlə atam məşğul olur. Futbola görə mən o qədər də fikir vermirəm. Onsuz da futbolçu, futboldan başqa bir şey bacarmır. Hələ ki, futbola uyğun bir iştapıb məşğul olmağa diqqət yönəltmişəm. 

"Qələbə qazanmaq istəyirsənsə, hücum futbolu göstərməlisən"
 

 
- Vaxtilə formasını geyindiyin yığmamızın bugünkü durmunu necə dəyərləndirirsən? Sizin vaxtınızdakı komanda ilə müqayisə etsən, hansı fərqlər görünər?

- Əvvəlki vaxtları demirəm, indi yığmanın bütün üzvləri öz klublarında liderdir. Hamısı əsas heyətdə oynayır, komandalarının aparıcı futbolçularıdır. Hamısı ideal vəziyyətdədir. Sadəcə, belə taktiki sxemlə çox çətin oynayırıq. Çox müdafiəyəmeyillidir. Bu da məğlubiyyətə, Belarus kimi komanda ilə heç-heçəyə gətirib çıxarır. Bu sxem dəyişməyincə çox çətin olacaq. Baxırsan ki, keyfiyyətli futbolçularımız var. Amma onlardan "material” kimi istifadə edə bilmirik, çox müdafiəyəmeyilli oynayırıq. Millətlər Liqasında Qazaxıstanla Belarus rahat udulası rəqib idi. Müdafiəyə meyilliyiksə, komandadan heç nə gözləmək olmaz. Slovakiya çətin rəqibdir. Onlara qarşı beş müdafiəçi ilə oynamaq olar. Qələbə qazanmaq istəyirsənsə, hücum futbolu göstərməlisən. Onsuz da qrupdan bir komanda çıxacaq. Sənin burada itirəcəyin heç bir şey yoxdur. Hücumameyilli oynasalar, şans çox olar. Gördüyünüz kimi, hazırda 1 xalla sonuncu pillədəyik. Bu, gözlənilən idi. Belə sistemlə maksimum heç-heçə edə bilərik. 

- Bu gün Qazaxıstanı "dişimizə” görə bir rəqib kimi görsək də, onlar Slovakiyanı məğlub etdi…

- Düzdür, futboldur. Amma yenə də deyirəm ki, lider Slovakiya olacaq. Biz o vaxt Qazaxıstana, Belarusa rahat qələbə qazanacağımız rəqib kimi baxırdıq. Elə bir vəziyyət idi. İndi hamı bizə o cür baxır.

- Baş məşqçini dəyişdirmək çıxış yolu ola bilərmi?

- Baş məşqçi amili böyükdür. Onun qərarına hörmətlə yanaşıram. İtalyan məşqçi Albaniyada yaxşı nəticələr göstərib. Ancaq heyət o deyil. Bunu fikirləşməlidirlər. Belə olmaz. Düşünürəm ki, De Byazinin sonuncu şansıdır. Ona yetərincə, hətta ötənilki nəticədən sonra yenə şans verdilər. Bəlkə də düşünərlər ki, artıq dəyişiklik olmalıdır. Hamı hər şeyi görür. 

- Millətlər Liqasında rəqiblərimiz bilinəndə şanslarımızı necə qiymətləndirirdin?

- Yüksək qiymətləndirirdim. Düşünürdüm ki, hətta Slovakiya ilə də başabaş oynaya bilərik. Ən azından evdə və səfərdə bir xal qazanarıq. Qrupdan çıxmaq istəyiriksə, yaxşı düşünməliyik. Dünya çempionatının seçmə mərhələsində çox çətin rəqiblər vardı. Amma burada baxırsan ki, hamısı "dişimizə” uyğundur. Qrupdan çıxmaq üçün qələbə qazanmalısan. Qələbə üçün də hücumameyilli oynamalısan. Bunlar hamısı bir-birinə bağlıdır.

- İndidən sonra nəyə ümid edə bilərik?

- Heç nəyə. Oturaq gözləyək ki, bundan sonra bəlkə qələbə qazanaq, əhval-ruhiyyəmiz düzəlsin. Bakıda Slovakiya ilə oynayacağıq. Qələbə qazanmasaq, ümidlərimiz tamamilə yox olacaq.
 
"Belə pulları 19-20 yaşında görmüşəm"
 


- Ölkə çempionatı ilə bağlı nə düşünürsən?

- Həqiqətən irəliləyiş var. Qınayanlar keçmişə baxsın. Özümdən misal çəkirəm. Həqiqətən çox çətinliklər görmüşük. Paltarlarımızı çöldə, bayırda dəyişirdik. İndi hamının bazası, şəraiti, topu, forması var. Yeri gələndə yaxşı pul da alırlar. Hansı ki, belə pulları 19-20 yaşında görmüşəm. Bunlarasa 11-12 yaşında maaş yazırlar. Yenə də inkişaf yoxdur. Nə qədər AFFA-nı tənqid etsələr də, futbolçu klublarda yetişir. Onlar böyük işlər görməlidir. Qanun belədir ki, futbolçu klubda yetişir və oradan milliyə göndərilir. Bu yoxdur. Çətin dönəmdir, amma şərait yaxşıdır. Gündən-günə meydançalar düzəlir. "Kəpəz”lə "Turan Tovuz” da Premyer Liqaya gəlir. Bölgə komandalarının iştirakı həqiqətən sevindiricidir. Tovuzda oynamışam, möhtəşəm azarkeş dəstəyi var. İnanıram ki, komanda sayı artacaq, Azərbaycan çempionatı daha aqressiv keçəcək və komandalar yaxşı futbol sərgiləyəcək. 

- Bu il "Neftçi”dən nəsə gözləyirdin, yoxsa "Qarabağ”ın çempion olacağını proqnozlaşdırmışdın?

- "Qarabağ”dan hər il çempionluq gözləyirik. Çünki komandanın ehtiyat heyəti də eyni səviyyədədir. Bu böyük amildir. "Qarabağ” öz futbolunu tapıb. Çünki hər bir çətin dönəmdə Qurban Qurbanova dəstək verib arxasında dayandılar. O, da özünü doğrultdu. İndi Azərbaycanın ən güclü məşqçilərindəndir. Nəinki Azərbaycan çempionatı, daha yaxşı liqalar üçün komanda formalaşdırıb. "Neftçi” flaqamanımızdır. Bəlkə də heyəti gücləndirsələr, daha yaxşı büdcə ayırsalar, "Qarabağ”la başabaş mübarizə apara bilərlər. 

- İndi "Neftçi”də baş məşqçinin qalıb-qalmaması müzakirə olunur. Sən nə düşünürsən?

- Bu elə bir məsələdir ki, rəhbərlik qərar verir. Kim gəlir gəlsin, hamı bilməlidir ki, "Neftçi” həmişə çempionluğa oynayan komanda olub. Bunu dərk etməli, ona uyğun olmalıdır. Samir müəllim nəticə verdi, ikinci yeri tutdu. Kuboku götürə, çempion da ola bilərdi, amma alınmadı. Lakin real danışasaq, "Qarabağ” "Neftçi”dən bir baş üstündür. 

- Avrokuboklarda hansı klubumuzdan nə gözləyirsən?

- Bütün klublara uğurlar arzulayıram. Kim layiq idisə, o da avrokuboklara vəsiqə qazandı. Yenə ümidlər "Qarabağ”adır. "Neftçi” daha yaxşı transferlər edə bilər. Bilirlər ki, avrokuboklarda daha yaxşı nəticə göstərmək üçün bu vacibdir. "Zirə” ilə "Qəbələ”yə də uğurlar arzulayıram. Yenidirlər, güclənməlidirlər və Azərbaycanı layiqincə təmsil etməlidirlər. 4 klubumuzun hamısına uğurlar arzulayıram.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->