"Azərbaycanla Çin arasında viza rejiminin ləğvi iki ölkə arasında turizmin inkişafına və qarşılıqlı turist səfərlərinə birbaşa təsir göstərəcək".
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov Azərbaycanla Çin arasında viza rejiminin ləğv edilməsinin iqtisadi tərəflərindən danışarkən deyib.
Deputat bildirib ki, 2024-cü ildə Çindən Azərbaycana gələn turistlərin sayında 1,9 dəfə artım qeydə alınıb:
"Eyni zamanda, ötən il Çindən Azərbaycana 45 minə yaxın turist gəlib. Bundan əlavə, Azərbaycandan Çinə gedən turistlərin sayında da artım var. Bir tərəfdən Bakı və Pekin arasında birbaşa hava nəqliyyatı əlaqəsi qurulub. Bu da turizm səfərlərinə müsbət təsir göstərir".
Vüqar Bayramov qeyd edib ki, artıq viza rejiminin ləğv edilməsi nəticəsində həm Çindən Azərbaycana, həm də Azərbaycandan Çinə gedən turistlərin sayının artmasına gətirib çıxardacaq:
"Eyni zamanda iqtisadi əlaqələrə də təsir göstərəcək. Viza rejimi olmayan ölkələr arasında biz ticari-iqtisadi əlaqələrin daha çox inkişaf etdiyini müşahidə edirik".
Milli Məclisin 4 çağırış eks deputatı, professor Rüfət Quliyev hesab edir ki, Azərbaycanın Çinlə münasibətləri daha böyük proyektoriya ilə inkişaf edir:
"Vizasız gediş-gəliş azərbaycanlı sahibkarlar üçün böyük bir dəstəkdir. 3-4 il bundan öncə sahibkarlar üçün Çinə viza almaq çox çətin idi. Həftələrlə, aylarla vaxt gedirdi. Növbəyə dayanmaq və viza almaq üçün Çin tərəfi ilə razılaşdırılma olmalı idi. Bundan sonra problem olmayacaq və azərbaycanlı sahibkarlar, turistlər, biznesmenlər üçün çox asan olacaq. Azərbaycan Çinlə strateji partnyorluğunu həyata keçirir. Bunu hər iki tərəf qeyd edir. Burada kifayət qədər maraqlar var. Düzdür, Çin nəhəng ölkədir, dünyanın birinci, yaxyud da ikinci iqtisadiyyatıdır. Çinin Azərbaycana böyük marağı var. Beynəlxalq arenada biz Çini, Çin də bizi dəstəkləyir".
Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və Çin Sədri Si Szinpinin iştirakı ilə Azərbaycan-Çin sənədlərinin imzalanması mərasimi keçirilib. Azərbaycanla Çin arasında viza rejimi ləğv olunub.
Bahar Rüstəmli
Şərhlər