Xəbər lenti

Avropanın ən böyüyüdür... - Tramp indi də onu istəyir
Dünya 15:15 20.03.2025

Avropanın ən böyüyüdür... - Tramp indi də onu istəyir

Ağ Ev Ukrayna ilə mədən razılaşmasından da irəli gedən bir addım atdı. ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığında ABŞ-ın Ukraynanın atom elektrik stansiyalarına sahib ola biləcəyini və onları idarə edə biləcəyini bildirib. Zelenski isə danışıqlardan sonra yalnız Rusiya işğalı altındakı bir stansiya barədə müzakirə apardıqlarını vurğulayaraq Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporojye AES-ə işarə edib.

Qaynarinfo xəbər verir ki, Tramp Rusiya prezidenti Vladimir Putinlə Ukrayna müharibəsinin həlli ilə bağlı telefon danışığından sonra dünən də Zelenski ilə əlaqə saxlayıb. Zelenski X hesabında verdiyi açıqlamada Tramp ilə pozitiv, mənalı və səmimi bir görüş keçirdiklərini bildirib: "Amerika ilə prezident Trampla və ABŞ-ın liderliyi ilə bu il daimi sülhün təmin edilə biləcəyinə inanırıq".

O, Trampın Putinlə apardığı danışıqlar barədə ona məlumat verdiyini və bu çərçivədə enerji və digər mülki infrastruktur obyektlərinə hücumların dayandırılmasının müharibəni bitirmək üçün ilk addımlardan biri ola biləcəyini vurğulayıb: "Bu addımı dəstəklədim və Ukraynanın bunu tətbiq etməyə hazır olduğunu təsdiqlədim".

AFP xəbər agentliyinin məlumatına görə, Tramp Zelenski ilə söhbəti zamanı atəşkəs təklifinin bir hissəsi kimi ABŞ-ın Ukraynanın atom elektrik stansiyalarına sahib ola biləcəyini və onları idarə edə biləcəyini bildirib. Zelenski isə bununla bağlı açıqlamasında "Yalnız Rusiya işğalı altındakı bir stansiya barədə danışdıq" sözlərini işlədib və Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporojye AES-ə işarə edib.

Beynəlxalq mediada yer alan təhlillərə görə, ABŞ artıq Ukraynanın mədən ehtiyatlarına sahib olma fikrindən daha irəli gedib. Ağ Evin sözçüsü Karolin Levit də bu iddiaları təsdiqləyən şəkildə açıqlama verib: "Hazırda uzunmüddətli sülh razılaşmasına fokuslanmışıq".

ABŞ-ın Milli Təhlükəsizlik müşaviri Mayk Uolts və dövlət katibi Marko Rubio da ortaq açıqlama verərək iki liderin Ukraynanın enerji təminatı və atom elektrik stansiyaları barədə müzakirə apardıqlarını təsdiqləyib. Vaşinqtonun bu stansiyaları idarə etməkdə "kömək edə biləcəyini" bildirən ABŞ rəsmiləri "Bu stansiyaların ABŞ-ın mülkiyyətində olması, infrastruktur üçün ən yaxşı qoruma olacaqdır" fikrini səsləndiriblər.

1984-1995-ci illərdə inşa edilmiş Zaporojye Atom Elektrik Stansiyası (AES) Avropanın ən böyük, dünyanın isə 9-cu ən böyük atom elektrik stansiyası hesab olunur. Ukraynanın cənub-şərqində, Rusiya tərəfdarı separatçıların nəzarətində olan Donbasın qərbində, Dnepr çayının sahilində yerləşir.

Hər biri 950 meqavat gücündə olan 6 reaktordan ibarət stansiya, ümumilikdə 5700 meqavat elektrik enerjisi istehsal edir və təxminən 4 milyon ev təsərrüfatını enerji ilə təmin edə bilir. Zaporojye AES Rusiya işğalının başlanmasından bəri mübahisələrin mərkəzində olub. Stansiyanın yerləşdiyi əraziyə dəfələrlə hücumlar təşkil edilib və Rusiya ilə Ukrayna bir-birini günahlandırıb.

Rusiya gecə saatlarında Ukraynanın Kropivnitski şəhərinə dron hücumu təşkil edib. Rusiya və Ukrayna arasında enerji infrastrukturuna qarşı hücumların 30 gün müddətində dayandırılmasını nəzərdə tutan qismən atəşkəs davam edərkən, bu hücum nəticəsində 4-ü uşaq olmaqla 10 nəfər yaralanıb.

Hücum nəticəsində bölgədəki binalar zərər görüb, güclü tüstü qalxıb. Ukrayna rəsmilərinin açıqlamasına görə, hava hücumundan müdafiə sistemi 171 rus dronundan 75-ni məhv edib, 63 dron isə itkin düşüb.

Bölgə qubernatoru Arkadey Raykoviç bildirib: "Kropivnitski ən şiddətli hücumlara məruz qaldı. Yaşayış məntəqələri, evlər və çoxmərtəbəli binalar yerlə bir oldu".

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->