Xəbər lenti

Osman Sınav vəfat etdi
Dünya 18:00 20.03.2025

Osman Sınav vəfat etdi

Bir müddətdir xərçənglə mübarizə aparan türkiyəli prodüser, rejissor və ssenarist Osman Sınav dünyasını dəyişib.

Qaynarinfo xəbər verir ki, sənətçi 69 yaşında vəfat edib.

Karyerası boyunca bir çox unudulmaz layihəyə imza atan Osman Sınav xüsusilə "Dəli Yürek", "Ekmek Teknesi", "Kurtlar Vadisi", "Sakarya Fırat" və "Sen Anlat Karadeniz" kimi əsərləri ilə milyonların yaddaşında silinməz izlər qoyub.

Osman Sınav kimdir?

Osman Sınav 1958-ci ildə Burdur şəhərində anadan olub. 1975-1979-cu illər arasında İstanbul Dövlət Gözəl Sənətlər Akademiyasında əvvəlcə rəssamlıq və tekstil dizaynı, daha sonra isə kino və televiziya sahəsində təhsil alıb.

Karyerasına televiziya reklamları üçün mətn yazmaq və rejissorluq etməklə başlayan Osman Sınav 1984-1987-ci illər arasında 500-dən çox reklam filminin istehsalında iştirak edib. Daha sonra vizual sənətlərə olan həvəsini kinoya daşımaq istəyib və "Sinegraf" adlı film istehsal şirkətini qurub. 1987-ci ildən başlayaraq bədii filmlər, televiziya filmləri və dram layihələrinin istehsalçısı və rejissoru kimi fəaliyyət göstərib.

Osman Sınav televiziya üçün "Bir Muharririn Ölümü", "Yalancı Şafak", "Atlıkarınca", "Hünkarın Bir Günü", "Küçük Dünya", "Aşka Kimse Yok", "Kapıları Açmak" və "Yalancı" filmlərini çəkib. Kinoda isə "Gerilla", "Dəli Yürek: Bumeranq Cəhənnəmi" və "Pars: Kiraz Operasyonu" kimi filmlərə imza atıb və Türkiyə kinematoqrafiyasına yeni dəyərlər qatıb.

1991-ci ildən etibarən televiziya seriallarına daha çox diqqət ayıran rejissor "Süper Baba", "Dəli Yürek", "Hayat Bağları", "Ekmek Teknesi", "Acı Hayat", "Kurtlar Vadisi", "Sakarya Fırat", "Sen Anlat Karadeniz" kimi çox sevilən 23 serialın rejissoru və prodüseri olub. Onun serialları təkcə Türkiyədə deyil, dünyanın bir çox ölkəsində də böyük maraqla izlənilib.

30 ildən çoxdur ki, televiziya və kino sənayesinə unudulmaz əsərlər bəxş edən Osman Sınav Rejissorlar Dərnəyi və Kino Əsəri Peşə Sahibləri Birliyinin üzvü idi.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->