Ermənistanın keçmiş səhiyyə naziri (2018-21), Paşinyanın partiyasından deputat Arsen Torosyan "X" sosial şəbəkəsində etdiyi paylaşımda, uzun illər Ermənistanın siyasətini yönləndirən qüvvələrin fəaliyyətinə sərt tənqidlər səsləndirib.
Musavat.com xəbər verir ki, onun açıqlaması, Azərbaycanın illərdir beynəlxalq ictimaiyyətə çatdırdığı həqiqətləri təsdiqləyən bir etiraf kimi qiymətləndirilir.
Torosyan öz paylaşımında bildirir ki, Vaşinqtonda yerləşən və "Armenian National Committee of America” (ANCA) kimi tanınan erməni lobbisi əslində Daşnaksütyun partiyasının ABŞ-dakı qolu kimi fəaliyyət göstərir.
Onun sözlərinə görə, bu qrupun əsas məqsədi Ermənistanın suverenliyini və müstəqilliyini zəiflətmək, həmçinin ölkənin Rusiyasız yaşaya bilməyəcəyi fikrini yaymaqdır. Torosyan qeyd edir ki, bu lobbi ABŞ-da fəaliyyət göstərsə də, əsasən Moskvanın maraqları naminə çalışır.
Bu açıqlama, Ermənistanın daxili siyasi dairələrində uzun müddətdir gizlədilən həqiqətlərin üzə çıxmasına və Azərbaycanın haqlı mövqeyinin daha da güclənməsinə səbəb ola bilər. Azərbaycan tərəfi, uzun müddətdir ki, Ermənistanın gerçəkləri qəbul etməsini və regionda davamlı sülhün təmin edilməsi üçün konstruktiv addımlar atmasını tələb edirdi.
Torosyanın bu çıxışı, Ermənistanın gələcəkdə daha səmimi və realist bir siyasət yürüdəcəyinə dair ümidləri artırır. Eyni zamanda, bu etiraf, beynəlxalq ictimaiyyətin regiondakı vəziyyəti daha obyektiv qiymətləndirməsinə və münaqişənin həlli üçün ədalətli qərarlar qəbul etməsinə töhfə verə bilər.
Şərhlər