Xəbər lenti

Adı tenderlərdən çıxarılan şirkətin milyonlarla manat borcu yığılıb
Ekonomiks 13:31 06.04.2025

Adı tenderlərdən çıxarılan şirkətin milyonlarla manat borcu yığılıb

Azərbaycanda inşaat sektoru üzrə fəaliyyət göstərən "Metatron İnşaat” MMC-nin dövlət qarşısında vergi borcunun həcmi məlum olub.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, şirkətin hazırda yığılmış vergi borcunun miqdarı 13 597 627,73 manat təşkil edir.

Ötən ilin aprel ayında şirkətin vergi borcunun həcmi 14 128 217,70 manat idi. Son bir ildə şirkət yarım milyon manatdan artıq vergi borcu ödəyib. Amma maraqlısı odur ki, son illər şirkətin fəaliyyəti və gördüyü işlər barədə məlumatlara rast gəlinmir.

Xatırladaq ki, "Metatron İnşaat” MMC 2019-ci ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Zaur Ağa Mikayıl oğlu Mehtiyevdir. Şirkət sonuncu dəfə 2021-ci ilin mayın 18-də reyestrdən çıxarış təqdim edib. Həmin ilin iyulun 14-də şirkət maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması üzrə fəaliyyət göstərmək üçün lisenziya alıb. 

Açıqlanan məlumatlara əsasən, "Metatron İnşaat” 2021-2022-ci illərdə cəmi 5 tenderin qalibi olub və bununla şirkətə ümumilikdə, 4,7 milyon manat ödəniş edilib.

2021-ci ilin dekabr ayında "Azərişıq” ASC-nin elan etdiyi tenderin qalibi olaraq cəbhəyanı rayonlarda Qərb və Aran regionları üzrə elektrik təsərrüfatına dəymiş zərərlərin aradan qaldırılması üçün elektrik şəbəkələrində görüləcək işlərin icrasını öz üzərinə götürüb və bu işlərdən 4,2 milyon manat xidmət haqqı alıb. 

2022-ci ildə Dövlət Miqrasiya Xidmətində 200 min manatlıq təmir və 136 min manatlıq abadlıq işləri həyata keçirib. Həmin il Neftçalada avtomobil yollarının təmiri ilə bağlı rayon icra hakimiyyəti ilə 15 min manatlıq müqavilə bağlayıb. 

Dövlət satınalmalarının vahid internet portalında öz əksini tapmış açıq məlumatlara əsasən, "Metatron İnşaat” sonuncu dəfə 2022-ci ilin may ayında tender qalibi olub. Həmin vaxt şirkət Sumqayıtdakı Bulvar ərazisində 140 min manatlıq təmir işləri aparıb. Həmin vaxtdan etibarən ötən müddət ərzində tenderlər siyahısında şirkətin adına rast gəlinməyib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->