Xəbər lenti

Pompeydə 2000 əvvəl vulkan püskürməsi zamanı həlak olmuş həkimin qalıqları tapıldı
Dünya 21:52 19.05.2026

Pompeydə 2000 əvvəl vulkan püskürməsi zamanı həlak olmuş həkimin qalıqları tapıldı

Arxeoloqlar ehtimal edirlər ki, eramızın 79-cu ilində Vezuvi vulkanının püskürməsi nəticəsində məhv olan qədim Roma şəhəri Pompeydə tapılan insan qalıqlarından biri həkim ola bilər. Bu qənaət onun yanında aşkar edilən əşyaların təhlilindən sonra irəli sürülüb.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Independent” yazır.

Qeyd olunur ki, Pompey - dünyanın ən məşhur arxeoloji abidələrindən biri - Vezuvi vulkanının püskürməsi nəticəsində lava və kül altında qalıb. Fəlakətdən sonra bir gün ərzində şəhərin əksər sakinləri zəhərli kül və istilik şoku səbəbilə həlak olub.

Yeni tədqiqatda arxeoloqlar "Qaçanların bağı” adlandırılan ərazidə üzə çıxarılan 13 nəfərin qalıqları arasında tapılan kiçik bir futlyara diqqət çəkiblər.

Futlyarın içində bunlar aşkar edilib: metal elementləri olan üzvi materialdan hazırlanmış kiçik qutu; sikkələrlə dolu parça kisə (bürünc və gümüş pullar); tibbi alətlərə bənzər əşyalar.

Bundan başqa, alimlər qədim dövrdə dərman və ya kosmetik qarışıqların hazırlanmasında istifadə olunan daş lövhə və cərrahi alət ola biləcək kiçik metal instrumentlər də aşkarlayıblar.

Tədqiqatçılar hesab edirlər ki, bu əşyaların yanında tapılan şəxs "medicus” – qədim Romada həkim adlandırılan peşə sahibidir. Pompey arxeoloqu Qabriel Zuxtrigel ehtimal edib ki, həmin şəxs alətlərini xilas etməyə çalışaraq onları ya yeni həyata başlamaq, ya da qaçış zamanı belə insanlara yardım göstərmək üçün özü ilə aparıb.

"Bu insan öz peşəsi ilə başqa yerdə yenidən həyat qurmağa hazır idi, lakin eyni zamanda başqalarına kömək etməyə də çalışa bilərdi”, deyə arxeoloq bildirib.

O əlavə edib ki, bu tapıntı öz işinə yüksək məsuliyyətlə yanaşan bütün tibb işçilərinə həsr olunur.

Tədqiqatçılar artefaktı zədələmədən onun içini KT-skanlama və süni intellekt texnologiyaları vasitəsilə öyrənə biliblər. Zuxtrigelin sözlərinə görə, 2000 il əvvəl belə, son ana qədər peşəsinə sadiq qalan insanlar olub.

Alimlər bildirirlər ki, bu kəşf qədim artefaktların öyrənilməsi üçün yeni imkanlar açır və Pompeyin hələ də insan tarixinin unikal "arxivi” olduğunu bir daha sübut edir.

Aydın
--> -->