Xəbər lenti

Dünya 17:21 28.02.2025

"İrəvanın bu addımı bölgəni təhdid edir" - Ekspert

"Ermənistanın modul tipli atom elektrik stansiyalarının tikintisinə maliyyə ayırmağa vəsaiti yoxdur".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov Ermənistanın mobil tipli atom elektrik stansiyası tikmək niyyətini şərh edərkən deyib.

Əlimusa İbrahimov bildirib ki, modul tipli kiçik atom elektrik stansiyaları tikmək məsələsi Ermənistanda bir neçə ildir müzakirə edilir:

"Son dövrlər isə bu tip məlumatlar bir qədər də intensivləşib. O da məlumdur ki, modul tipli kiçik atom elektrik stansiyaları ABŞ və Avropa İttifaqı ölkələri tərəfindən qurulur. Deməli, Ermənistan ABŞ istehsalı olan və yaxud quraşdırdığı modul tipli kiçik atom elektrik stansiyaların tikintisində maraqlıdır. Hazırda Ermənistan bu stansiyaların gücü və təhlükəsizliyin təmin olunması ilə maraqlanır. Bu tip stansiyalar Rusiyanın təqdim etdiyi variant qədər bahalı olmasa da, Ermənistanın onu da ödəməyə vəsaiti yoxdur". 
 


Ekspertin fikrincə, bu tip atom elektrik stansiyaların tikilməsini nəzərdən keçirdiklərini nümayiş etdirməklə İrəvan onların quraşdırılması xərclərinin hansısa kənar şirkətlər tərəfindən ödənilməsi istiqamətində müzakirələr apardıqlarını ortaya qoymuş olur. Şərhçi hesab edir ki, bu istiqamətdə qərarı çoxdan qəbul ediblər:

"Addım atmalarının ləngiməsi isə Rusiya Ukrayna müharibəsi və bu tip stansiyaların maliyyələşdirilməsi problemidir. Gözləyirlər ki, ABŞ və yaxud Avropanın hər hansı bir qurumu bu stansiyaların tikilməsini ya tamamilə, ya da qismən maliyyələşdirəcəklər".

Politoloq qeyd edir ki, Ermənistanda atom elektrik stansiyaların tikilməsi region üçün ciddi təhlükə mənbəyi olacaq:

"Ona görə də Ermənistan nə qədər ki, qərar qəbul etməyib, region dövlətləri bu barədə ciddi fikirləşməlidirlər. Düşünürəm ki, Ermənistan əhalisini və obyektlərini atom elektrik stansiyaları olmadan başqa mənbələrdən də təmin edə bilər. Sadəcə, onun bu addımı həm ABŞ-la strateji tərəfdaşlığı inkişaf etdirmək, həm də ucuz və havayı elektrik stansiyasına nail olmaqdan ibarətdir".

Qeyd edək ki, Ermənistan XİN rəhbəri Ararat Mirzoyan hökumətin daha bir atom elektrik stansiyasının tikintisini müzakirə etdiyini bildirib. "Hazırda biz kiçik modul reaktorların xüsusiyyətlərini ətraflı öyrənirik", deyə TASS onun sözlərindən sitat gətirir. 

Xatırladaq ki, Baş nazir Nikol Paşinyan hələ ötən il Ermənistanda modul tipli AES tikintisi ilə bağlı strateji qərar qəbul edildiyini, amma texnologiyanın təchizatçısı olacaq ölkə seçilmədiyini demişdi. ABŞ-la Ermənistan arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasında Amerika ilə nüvə enerjisi sahəsində əməkdaşlıq da var. Erməni mediası yazır ki, İrəvan enerji suverenliyini itirə, Metsamor AES-dən imtina edə və ABŞ-ın kiçik modul stansiyalarının riskli texnologiyaları sınaqdan keçirilə bilər. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->