"Google" insan resursları və bulud texnologiyaları bölmələrində ixtisarlar aparmaqla xərcləri azaltmağı planlaşdırır.
Qaynarinfo xəbər verir ki, bu barədə CNBC məlumat
yayıb.
HR rəhbəri Fiona Çikkoninin göndərdiyi məktuba əsasən, şirkət insan resursları şöbəsinin əməkdaşlarına könüllü işdən çıxma proqramı təklif edib. Proqram 2025-ci ilin mart ayının əvvəlində başlayacaq. Orta və yuxarı səviyyəli işçilərə 14 həftəlik əməkhaqqı məbləğində kompensasiya və hər tam iş ili üçün əlavə bir həftəlik ödəniş təklif olunacaq.
Bu ixtisarlar, "Google"un maliyyə direktoru Anat Aşkenazinin 2025-ci ildə şirkətin xərcləri azaltmaq və süni intellektə investisiyaları artırmaq strategiyasını elan etməsindən sonra həyata keçirilib. O, maliyyə hesabatı zamanı qeyd edib ki, gözləniləndən az mənfəət əldə olunmasına baxmayaraq, süni intellekt məhsullarına tələbat təklifi xeyli üstələyir.
Eyni zamanda, "Google" bulud texnologiyaları bölməsində də ixtisarlar aparıb. Əsasən əməliyyat dəstəyi ilə məşğul olan işçilər işdən çıxarılıb. Zərərçəkənlər arasında satış, istifadəçi təcrübəsi və digər şöbələrin əməkdaşları da var. Bəzi vəzifələr Meksika və Hindistana köçürüləcək, lakin işçilərin böyük əksəriyyəti ABŞ-da qalacaq.
İşdən çıxarılanların ümumi sayı açıqlanmasa da, "Google" ixtisarların yalnız kiçik bir işçi qrupuna təsir etdiyini və kritik vəzifələr üçün yeni işçilərin işə götürülməyə davam edəcəyini bildirib.
"Komandalarımız daha səmərəli işləmək, artıq idarəetmə səviyyələrini aradan qaldırmaq və uzunmüddətli uğura nail olmaq üçün dəyişikliklər etməyə davam edir. Bu proses bizim əsas prioritetlərə və əhəmiyyətli imkanlara sərmayə qoymağımızla paralel davam edir", – deyə "Google"un nümayəndəsi CNBC-yə açıqlamasında bildirib.
Xatırladaq ki, yanvar ayının sonunda "Google Platform & Devices" bölməsində – Android və Pixel cihazları üzərində işləyən işçilərə də könüllü işdən ayrılma proqramı təklif etmişdi.
Alpər
Şərhlər