Konqo Demokratik Respublikasının (KDR) şərqində yerləşən Şimali Kivu vilayətində ilin əvvəlindən bəri davam edən toqquşmalarda 8 min 530 nəfərin həlak olduğu bildirilib.
Qaynarinfo xəbər verir ki, KDR Səhiyyə naziri Samuel Roje Kamba Mulambanın açıqlamasına görə, 23 Mart Hərəkatı (M23) adlı üsyançı qrupun nəzarətinə keçən Şimali Kivunun paytaxtı Qoma şəhərində baş verən toqquşmalar nəticəsində bu il 8 mindən çox insan həyatını itirib.
Nazir ölkənin mərkəzi bölgələrində baş verən qarşıdurmalarda 5 min 597 nəfərin yaralandığını və bir çox xəstəxananın münaqişələr səbəbindən fəaliyyət göstərə bilmədiyini bildirib.
M23 üsyançıları ilin əvvəlindən bəri davam edən döyüşlərdə Şimali Kivu vilayətinin paytaxtı Qoma və Cənubi Kivunun paytaxtı Bukavu şəhərlərini ələ keçiriblər.
Şərqi Konqoda davam edən toqquşmalar nəticəsində ilin əvvəlindən bəri təxminən 1 milyon insan məcburi köçkün vəziyyətinə düşüb.
BMT və Konqo Demokratik Respublikası, M23 üsyançılarına dəstək verdiyi iddiası ilə Ruandanı günahlandırır. Lakin Ruanda bu ittihamları rədd edir.
M23 qrupu 2009-cu il martın 23-də bölgə ölkələri arasında imzalanan sülh sazişinin pozulmasının ardından yaranıb və adını həmin tarixdən götürüb. Üsyançı qrupun əsas üzvləri, Ruanda prezidenti Pol Kaqamenin də mənsub olduğu tutsi etnik qrupuna mənsub şəxslərdən ibarətdir.
Aydın
Şərhlər