Xəbər lenti

İran və Türkiyə arasında savaş ola bilərmi? (ŞƏRH)
Dünya 21:05 24.12.2024

İran və Türkiyə arasında savaş ola bilərmi? (ŞƏRH)

"Tərəflər arasında açıq hərbi toqquşmanın baş vermə ehtimalı azdır. Lakin Suriyada hər iki tərəfin dəstəklədiyi qruplar arasında qarşıdurma riski isə qalmaqdadır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov Suriyada mövqelərini itirməsi fonunda İranın Türkiyəyə qarşı hansısa bir qarşıdurmaya, təxribatlara getməsi ehtimalını şərh edərkən deyib.

Azər Hüseynov bildirib ki, İranın Suriyada mövqelərini itirməsi onun strateji maraqlarına ciddi zərbədir:

"İran bunu açıq şəkildə etiraf edir və gizlətmir. Hətta bu itki ilə əlaqədar Türkiyəyə tənqidi yanaşır. Türkiyə Suriyada hakimiyyətin dəyişdirilməsi prosesində əsas oyunçulardan biridir və hətta ABŞ-ın ardından ikinci sırada dayandığını söyləmək mümkündür. Bu gün Suriyada İran istisna olmaqla, demək olar ki, bütün aktorlar hərbi mövcudluqlarını qoruyub saxlayır. Hakimiyyətə gələn bəzi qrupların üzvlərinin Türkiyə təhsilli olması da diqqət çəkir".
 


Həmsöhbətimiz deyib ki, Ankara ilə Tehran arasında maraq dairələrinin təmin edilməsi uğrunda rəqabət olsa da, bir-birilərinə qarşılıqlı ehtiyacları da mövcuddur:

"Unutmayaq ki, İran və Türkiyə regionun iki önəmli ölkəsidir. Türkiyə üçün İranın mövcudluğu, ABŞ və İsrailin təsirini balanslaşdırmaq baxımından əhəmiyyətlidir. Eyni zamanda, Türkiyənin mövcudluğu da İran üçün strateji baxımdan vacibdir. Bu qarşılıqlı asılılıq, arada emosional çıxışlar və qarşılıqlı tənqidlərə baxmayaraq davam edir. İran üçün Türkiyənin diplomatik təsiri, Türkiyə üçün isə İranın proksi güclərə olan nəzarəti strateji üstünlükdür".

Ekspert qeyd edir ki, üçüncü tərəflər, xüsusilə Qərb dairələri və İsrail, İran və Türkiyənin yaxınlaşmamasında maraqlıdır: 

"İranın daxili sabitliyini pozmaq üçün rejim dəyişikliyi və etnik qrupların hüquqları mövzusunu gündəmə gətirirlər. Bu isə İranın parçalanması təhlükəsini artırır. Türkiyədə bəzi analitiklərin fikrincə, İranın parçalanması, gələcəkdə Türkiyənin də eyni aqibətlə üzləşməsi ehtimalını gücləndirir. Buna görə də, açıq hərbi toqquşmanın baş vermə ehtimalı azdır. Lakin hər iki tərəfin nəzarətində olan və ya dəstəklədiyi qruplar arasında qarşıdurma riski qalır".

Konfliktooq düşünür ki, Suriyanın yeni hakimiyyəti ilə İranın proksi gücləri arasında potensial toqquşmalar, İran və Türkiyənin qarşılıqlı münasibətlərini təsir altına ala bilər:

"Üstəlik, hadisələrin gedişi bəzən üçüncü tərəflərin müdaxiləsi ilə dinamik şəkildə dəyişə də bilər. Məsələn, keçmişdə Bəşər Əsəd, hakimiyyətə gəldiyi ilk dövrlərdə Türkiyə ilə tarixdə ən yaxın münasibətləri olan Suriya lideri idi. Lakin sonrakı mərhələdə Türkiyənin rəqibinə çevrildi. Bu nümunə regiondakı siyasətlərin dəyişkənliyi və mürəkkəbliyini nümayiş etdirir". 

Qeyd edək ki, İranın Suriyada mövqelərini itirməsi bu ölkədə Türkiyəyə qarşı narazılıqların artmasına rəvac verib. Belə ki, İran bu müstəvidə Suriyada Türkiyənin möhkəmlənməsini həzm edə bilmir. Onun nəticəsidir ki, ali dini lider Əli Xamenei başda olmaqla, İranın əksər rəsmiləri son günlər açıq və dolayısı ilə Suriyadakı məğlubiyyətlərini ABŞ və İsraillə yanaşı, Türkiyənin də üzərinə atmaq kursu götürüblər. Bu isə onu deməyə əsas verir ki, mövcud vəziyyət İranla Türkiyə arasında gərginliyin yaranmasına, hətta qarşıdurmaya da rəvac verə bilər. Hər halda İran rəsmilərinin qıcıq dolu açıqlamaları prosesin məhz bu istiqamətdə getdiyini düşünməyə əsas verir. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->