Qərb maliyyə institutları ilə əlaqələri olan İran neft maqnatı Hüseyn Şamxani Xəzər dənizi vasitəsilə Rusiyaya silah daşınmasında əsas rol oynayır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” ABŞ, Böyük Britaniya və Aİ rəsmilərinə və sazişlərlə tanış olan insanlara istinadən
yazır.
Onların sözlərinə görə, ötən ildən Şamxani ilə bağlı şirkətlər şəbəkəsi, o cümlədən Dubayda yerləşən "Crios Shipping” MMC öz gəmilərində silah, dron hissələri və ikili təyinatlı malların daşınmasına başlayıb.
Məlum olduğu kimi, Crios-a məxsus və əvvəllər Aralıq dənizi və Qara dəniz marşrutları ilə üzən gəmilər 2023-cü ilin ortalarında Xəzər dənizinə keçib və o vaxtdan İran və Rusiya arasında üzməyə başlayıblar. Bu gəmilərə "Sea Castle” (həmçinin "Tooka” kimi tanınır) və "Sea Anchor” ("Roja” kimi də tanınır) daxildir. Bu il "Sea Castle” və "Sea Anchor” İran limanlarından Həştərxana ən azı beş reys həyata keçirib.
"Bloomberg”in mənbələrinə görə, Moskva bu yüklərin pulunu neftlə ödəyir. Agentliyin mənbələri iddia edir ki, İrandan Rusiyaya silah tədarükünün təxminən dörddə biri Şamxaninin nəzarətində olan şirkətlərdən keçir. İranlının biznes imperiyasına həmçinin London, Cenevrə və Sinqapurda ofisləri olan hedcinq fondu və neft tankerləri və yük gəmiləri də daxil olmaqla onlarla gəmidən ibarət donanma daxildir.
Qeyd edək ki, Hüseyn Şamxani İranın keçmiş müdafiə naziri və hazırda ölkənin ali lideri Ayətullah Əli Xameneyinin müşaviri Əli Şamxaninin oğludur. Avqust ayında "Bloomberg” xəbər verib ki, kiçik Şamxani İran və Rusiyanın xam neft ixracatının əhəmiyyətli hissəsini təşkil edən neft imperiyasına sahibdir. Agentliyin məlumatına görə, o, Dubayda qeydiyyatdan keçmiş, firmalar şəbəkəsini idarə edən və mövcud olduğu müddətdə (2022-ci ildən) İran, Rusiya və digər ölkələrdən mal sataraq milyardlarla dollar qazanmağa müvəffəq olan "Milavous Group Ltd” ilə əlaqəlidir. Qeyd olunub ki, "Milavous Group Ltd” ilə əlaqəli firmalar digər məsələlərlə yanaşı, Qərbin sanksiyaları altında olmayan ölkələrin (İran və Rusiyadan fərqli olaraq) neft və neft-kimya məhsullarını satır və bəzən müxtəlif ölkələrdən xammalı qarışdırırlar.
"Milavous” isə Şamxanı ilə hər hansı əlaqəni təkzib edib. Bildirilib ki, şirkət logistika biznesi ilə məşğuldur, neft ticarəti ilə heç bir əlaqəsi yoxdur və yalnız sanksiyalar altında olmayan ölkələrdə işləyir.
Nizami Bağırov
Şərhlər