Amerikalı aktyor, iki dəfə "Oskar" mükafatına layiq görülmüş Cin Hekmen 95 yaşında vəfat edib. Lakin bu, bu gün kino dünyasını sarsıdan yeganə kədərli xəbər deyil. Hekmenlə birlikdə onun həyat yoldaşı, pianist Betsi Arakava da dünyasını dəyişib. O, 63 yaşında vəfat edib.
Qaynarinfo xəbər verir ki, cütlüyün cəsədləri çərşənbə günü günorta saatlarında ABŞ-ın Nyu-Meksiko ştatının Santa-Fe şəhərindəki evlərində tapılıb. Santa-Fe dairəsinin şerifi Adan Mendoza onların ölümünü gecə yarısından sonra təsdiqləyib.
Rəsmilər hadisə yerində cinayət izlərinə rast gəlmədiklərini bildiriblər, lakin şerifin ofisi ölüm səbəbini hələ açıqlamayıb.
Cin Hekmen XX əsrin ikinci yarısının ən məşhur və uğurlu Amerika aktyorlarından biri idi. 40 ildən artıq kinematoqrafiya karyerasına malik olan aktyor əsasən qanun keşikçiləri və hərbi xadimlər rolunda çıxış etməsi ilə tanınırdı. Onun ən məşhur filmləri arasında aşağıdakı ekran işləti yer alır:
"Fransız əlaqəsi"
"Çox uzaq bir körpü"
"Missisipi od içində"
"Bağışlanmayan"
"Qanlı dalğa"
"Düşmən arxasında"
Xüsusilə psixoloji triller olan "Söhbət" filmindəki paranoyak detektiv Harri Kol obrazı Hekmenin karyerasının zirvəsi və ən yaxşı rolu hesab edilir.
İkiqat "Oskar" və BAFTA mükafatçısı olan Hekmen üç dəfə "Qızıl Qlobus", eləcə də ABŞ Milli Kino Tənqidçiləri Şurasının mükafatlarını qazanıb. O, həmçinin Berlin Film Festivalının da laureatı olub.
Aydın
Şərhlər